Ermənistan Azərbaycanın hücum etməməsini qaranti altına almaq istəyir-Əli Mustafa- ÖZƏL
30 Yanvar 2024 16:37 Siyasət"Paşinyanın bu açıqlaması onu göstərir ki, sülh sazişi ilə bağlı Ermənistan tərəfi ya özü hazır deyil, ya da bizim hazır olmadığımızı düşünür. Buna görə də sülh sazişini əvəz edəcək bir sənədi təklif edir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa qeyd edib:
"Bu sənədi vaxtı ilə olan Molotov-Ribbentrop paktına da oxşatmaq olar. Nəticədə paktın bir faydası olmadı, 2-ci Dünya Müharibəsi qaçınılmaz oldu. Almaniya da hücüm etməmək barədə SSRİ ilə razılaşmışdı, amma hücüm etdi.
Mətbuatda belə bir qənaət var ki, Paşinyan sülh sazişini istəmir, imitasiya edir. Əslində belə də düşünmək olar. Eyni zamanda, sanki onun risk altında olan dövlətin başçısı kimi görüntü vermək istəyi var. Sanki, dünyaya mesaj verir ki, biz hücum etməyəcəyik, amma qarşı tərəfdən belə bir risk var. Qorunmaq üçün biz təklif edirik ki, hücüm olmasın.
Digər tərəfdən də düşünürəm ki, Ermənistan həqiqətən əbədi sülh, Azərbaycanla anlaşmaq istəyirsə, sülh sazişinin imzalanmasını sürətləndirməlidir. Görünür, sülh sazişi ilə bağlı yalnız Ermənistanın deyil, onun müdafiəçilərinin də fərqli fikirləri var. Ona görə də, Paşinyana bir növ zaman lazımdır. Növbəti qənaətim budur ki, Ermənistan silahlanır, amma silahlanana, güclənənə qədər Azərbaycanın hücum etməməsini qaranti altına almaq istəyir. Ümumiyyətlə son vaxtlar Ermənistanın bütün təkliflərinə baxaq. Əsgərlər güzgü prinsipi ilə geri çəkilsin, silahlara qarşılıqlı nəzarət təmin olunsun, yaxud da hücum barədə saziş imzalansın. Bütün bunlarla Ermənistan sanki Azərbaycanın əlini-qolunu bağlamaq, özünü təhlükəsiz vəziyətə salmaq istəyir. Bunların hamısının əvəzinə normal sülh sazişi bağlamaq olar.
Başqa tərəfdən də Azərbaycanın haqlı tərəfləri var. Doğurdan da Ermənistan Azərbaycanla uzlaşmaq istəyirsə, Naxçıvanın blokadasının aradan qaldırılması ilə bağlı məsələdə, digər məsələlərdə də uzlaşa bilər. Ermənistan bunu etməlidir. Amma özünü qoruyurmuş kimi görsənib, silahlanmaq təşəbbüsü nədir? Belə görünür ki, Ermənistan növbəti müharibəyə hazırlaşır, ona qədər də bizi yayındırmağa çalışır. Düşünürəm ki, Azərbaycan tərəfi bütün hallarda sülh sazişinin imzalanması ilə bağlı mövqeyini bildirməlidir. Əks təqdirdə, Azərbaycan tərəfi də güclənməli, silahlanmalıdır və istənilən fors-major halına hazır olmalıdır".