Vətəndaş məmnunluğunun artırılması dövlətimizin siyasətində əsasdır- ÖZƏL
30 Yanvar 2024 14:51 Siyasət"Prezident İlham Əliyevin bu ilin 10 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsində söylədiyi "2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Hesab edirəm ki, bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu. Son 20 ilin tarixinə gəldikdə isə hər şey göz qabağındadır" fikirləri 1993-cü ildən bu günədək keçilən yolun aydın mənzərəsini təqdim edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib:
"Dövlət başçısı İlham Əliyev son 20 ildə uğurlu və düşünülmüş siyasəti ilə Azərbaycana biri-birindən möhtəşəm uğurlar qazandırdı, bütün sahələrdə zəngin təcrübəsi ilə dünyanın diqqətində oldu. Əsas hədəflərdən biri iqtisadi inkişafın dayanıqlılığının təmin edilməsi idi. Dövlət başçısı İlham Əliyev ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu və bu çağırışı etdi ki, neft kapitalını insan kapitalına çevirək! Qarşıya qoyulan bu hədəf regionların malik olduğu potensialdan səmərəli istifadəni bir tələbə çevirərək regional inkişaf proqramlarının icrasına yol açdı. Son 20 ildə regionların sosial-iqtisadi inkişafına dair dörd Dövlət Proqramının uğurlu icrası nəticəsində bölgələrimiz sürətli inkişafa nail oldu, şəhərlə kənd arasında fərq aradan götürüldü. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi mühüm sosial-iqtisadi nəticələrə yol açdı ki, bu da öz növbəsində Azərbaycanın hazırda ən islahatçı ölkələr sırasında qərarlaşmasında stimulverici amildir. Cənab İlham Əliyev mütəmadi olaraq bölgələrə səfəri ilə Dövlət Proqramlarından irəli gələn vəzifələrin icrası ilə yaxından tanış olur, ictimaiyyət nümayəndələri ilə görüşərək onları narahat edən məsələləri öyrənir və bununla bağlı aidiyyəti qurumlara tapşırıqlarını verir. Vətəndaş məmnunluğunun artırılması dövlətimizin siyasətində əsasdır".