Bu hərəkatın Texası müstəqilliyə aparıb aparmayacağı məlum deyil-Yusif Bağırzadə- ÖZƏL

"Görünən odur ki, ABŞ ərazisinə görə ikinci ən böyük ştatını itirmək təhlükəsi ilə üzləşib".

Bu fikirləri politoloq Yusif Bağırzadə Olaylar.az-a  açıqlamasında bildirib:

"Ali Məhkəmənin Federal hakimiyyət orqanlarına ştatın qubernatoru Qreq Abbottun Meksika ilə sərhəddə inşa etməyə başladığı tikanlı məftilli divarı sökməyə icazə verən qərarı səbəbilə Texasda "Texit" tərəfdarları yenidən ayağa qalxıb. Yenidən deyirəm, çünki, zaman-zaman bu kimi tələblər səsləndirilib və bu ilk belə hal deyil. Fərq ondadır ki, indiyə qədər bu tələblərlə Daniel Miller adlı birinin rəhbərlik etdiyi bir hərəkat çıxış edirdisə, indi bütün ştat eyni tələblərlə çıxış edir.
Buraya Texas ştatının dövlətçilik keçmişi olduğunu da əlavə etdikdə vəziyyətin ABŞ hakimiyyəti üçün nə dərəcə ağır olduğu məlum olur. Məlumat üçün deyim ki, Texas 2 Mart 1836-cı ildən 19 Fevral 1846-cı ilə qədər müstəqil dövlət olub. Həmin illərdə Meksika Texası üsyançı bir əyalət kimi görsə də ABŞ 1837-ci ilin martında Texası müstəqil respublika olaraq tanıyıb. Daha sonra 19 fevral 1846-cı ildə Texas öz istəyi və xalq referendumu ilə ABŞ-ın 28-ci ştatı olub. Bundan başqa ABŞ-da vətəndaş müharibəsi zamanı Texas ştatı Konfederasiyaya qoşulmazdan əvvəl 1 fevral - 2 mart 1861-ci il tarixləri arasında 1 aylıq müddətdə yenidən müstəqil olub. Bu mənada Texas ştatının hazırda ABŞ-dan ayrılıb yenidən müstəqil ölkə olmaq istəməsində əslində təəccüblü bir şey yoxdur. Üstəgəl Texasın ABŞ-a qoşulması zamanı ştatın qanunvericiliyində ABŞ-da ayrılma imkanları ilə bağlı müddəa da yer alır. 
Baş verənlərdən dərhal sonra ABŞ-ın 25 şatının Qubernatorlarının Texasa dəstəklərini ifadə etməsi, bütün bunların prezident seçkilərində ərəfəsində olması təbii olaraq mərkəzi hakimiyyəti çətin duruma salıb. Texit tərəfdarlarının mövqelərinin güclü olması həm də bu ştatın iqtisadi potensialı ilə bağlıdır. Başqa sözlə desək, Texaslılar müstəqil olaraq da kifayət qədər yaxşı yaşaya biləcəklərinə inanırlar. Bunda haqsız da deyillər. Belə ki, Texas təbii sərvətlərlə zəngin ərazidir və ABŞ neft hasilatının 40 faizi bu ştatın payına düşür. 
Bu hərəkatın Texası müstəqilliyə aparıb aparmayacağı məlum deyil. Şəxsi qənaətim ondan ibarətdir ki, bu baş verməyəcək. Amma nəticənin nə olmasından asılı olmayaraq baş verənlər ABŞ-də mərkəzdənqaçma meyillərinin güclənməsinə təkan verəcək. Səbəb isə Bayden adminstrasiyasının şəristəsizliyi və ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxarmasıdır. Göründüyü kimi dünyanın müxtəlif ölkələrində separatizmə dəstək verən, Türkiyə ərazilərində kürd separatçılarını, Qarabağda erməni separatizmini, Çində Tayvanı dəstəkləyən, onlara maddi yardımlar ayıran, silahlandırmasında iştirak edən ABŞ indi özü eyni problemlə üzləşib. 
Baş verənlərin gözlənilən seçkilərə böyük ölçüdə təsir göstərəcəyi şübhəsizdir. Mərkəzi hakimiyyətin sərt qərarlar qəbul etməsi halında bu meyilin digər ştatlara da sıçrama ehtimalı olduqca yüksəkdir. Odur ki, ABŞ hakimiyyətinin indiki halda Texasın şərtlərini qəbul etməkdən və müvafiq Məhkəmənin qərarını ləğv edilməsi ilə bağlı hüquqi prosedurlara başlamaqdan başqa yolu yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31