ABŞ-nin xarici siyasətində onu çox böyük uçurumlara apara biləcək tendensiyalar var-Tofiq Abbasov- ÖZƏL

"ABŞ demokratiya carçısı kimi son dərəcə ağlasılmaz siyasət yeridir".

Bu fikirləri politoloq Tofiq Abbasov Olaylar.az-a olan açıqlamasında bildirib:

"İstər ölkə daxilində, istər ölkə xaricində Amerikanın çox böyük qüsurları var. Ümumiyyətlə, ABŞ-də artıq 10-a yaxın ştat federasiyadan çıxmaq və müstəqil dövlət kimi fəaliyyət göstərmək niyyətindədirlər. Texas ümumiyyətlə, bu prosesdə öndə gedir. Çünki, ABŞ tarixində yeganə ştatdır ki, o bir müddət müstəqil olub. Sadəcə Meksika ilə qarşıdurma ucbatından məcburən ABŞ-nin tərkibinə daxil olmaq istəyib və özü müraciət edib. ABŞ-də yeganə ştatdır ki, orada daim müstəqilliyi bərpa etmək istəyən qüvvələr var. Bu nə qədər təəccüblü görünsə də o istəyin arxasında duranlar "ağlar"dır. Yəni, anqlosaks mənşəli amerikanlardır. Latinuslar deyillər, gəlmələr deyillər, rənglilər deyillər. Odur ki, indiki şəraitdə görürlər ki, birincisi, ABŞ-nin xarici siyasətində onu çox böyük uçurumlara apara biləcək tendensiyalar var, onları qidalandırırlar. Digər tərəfdən, ABŞ-nin zənginləri, o cümlədən, Demokrat Partiyası özü ultra-qlobalizm hərəkatının önündə gedir. Bu prosesdə onlarla bərabər həm Demokrat Partiyası, həm Bill Geytsin fondudur, Rokfellerlərin klubudur. Bunlar həqiqətən də bütün dünyaya problem yaradırlar. Ona görə də Amerika daxilində olan bəzi qüvvələr var ki, onlar həqiqətən də bu proseslərin çox təhlükəli olmasını hiss etsələr də, onun məsuliyyətini öz üzərlərində daşımaq istəmirlər. İstəyirlər ki, özlərini sığortalasınlar. Mənə elə gəlir ki, bu sözün əsl mənasında mərkəzdənqaçma bir tendensiyadır. Sovet ölkəsində də, digər imperiyalarda da bunun şahidi olmuşuq. Faktiki olaraq böhran başlayanda istər-istəməz ölkə daxilində mərkəzdənqaçma qüvvələri hərəkətə gəlirlər. Onlar anlayırlar ki, mərkəzi, federal hökumət o səhvlərə yol verdiyindən problemli şərait formalaşdırır, güzəran üçün maneələr yaradır. Bu baxımdan da hesab edirəm ki, sülhsevər hətta əsl demokratpərəst qüvvələr istəmirlər o yükün altına girsinlər ki, dünya qarşısında da gözü kölgəli olsunlar. Bu baxımdan mən o qüvvələri də anlayıram. Çalışırlar federativ hökumətdən uzaq dursunlar, mərkəzi hökumətin səhvlərini öz üzərlərinə götürməsinlər və müstəqil olaraq daha bir praqmatik kurs həyata keçirsinlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31