Azərbaycana belə münasibətin nədən qaynaqlandığı mütləq gün üzünə çıxarılmalıdır - ÖZƏL
29 Yanvar 2024 22:29 Siyasət"Ümumiyyətlə, AŞPA dakı bu davranış, əlbəttə əlavə suallar yaradır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Hər şeydən öncə qeyd etmək lazımdır ki, Azərbaycan adı çəkilən GUAM dövlətlərinə beynəlxalq platformalarda daimi dəstək verib və təbiidir ki, bu da ikitərəfli münasibətlərin ruhundan qaynaqlanır. Yəni, Azərbaycan tərəfdaş ölkələrə istənilən səviyyədə, həmişə hər yerdə dəstəyini verib. Amma təəssüflər olsun ki, onlar AŞPA-da bunu etmədilər. Biz faktiki olaraq gördük ki, o dövlətlərin bir nəfər nümayəndəsi belə Azərbaycanla bağlı gərəkli dəstəyi nümayiş etdirmədi. Bu, əlbəttə ki, suallar doğurur və mən düşünürəm ki, özəlliklə də xarici siyasət idarəmiz bu məsələ ilə bağlı müvafiq kanallarla araşdırma da aparmalıdır. Onların diqqətinə bizim incikliyimizi də, yənu Azərbaycanla bağlı taleyüklü məsələlərdə bunlar yaxalarını kənara çəkəcəklərsə, Azərbaycan, təbiidir ki, onlarla münasibətlərinə fərqli formatda baxmalı olacaq. Yəni biz istər Gürcüstan olsun, istər digər adı keçən dövlətlər olsun, onların ən çətin anlarında həmişə yanlarında olmuşuq. Hətta qarşımıza onları küncə sıxışdıran böyük gücləri alaraq həmin dövlətlərə dəstəyimizi vermişik. Amma nəticədə olduğu kimi, mən düşünürəm ki, Azərbaycanın bu yöndə araşdırmalı olduğu məsələlər var və əlavə olaraq da Azərbaycana belə münasibətin nədən qaynaqlandığı mütləq gün üzünə çıxarılmalıdır. Ya tərəfdaşıq, bir-birimizə dəstək veririk, bir birimizin yanında oluruq, ya da sadəcə olaraq əgər bu cür davam ediriksə, münasibətlərə yenidən baxmalı olacağıq".