Azərbaycanın onlara bəslədiyi münasibətə bu cür qarşılıq verilməməli idi-Sahil Kərimli- ÖZƏL

"Gürcüstan, Moldova və Ukrayna nümayəndə heyətlərinin Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı  sərgilədikləri  mövqe  çox böyük təəssüf doğurur".

Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib:

"Azərbaycan daim bu ölkələrlə dostluq və qardaşlıq münasibətləri saxlayıb və çox böyük perspektivə söykənən əməkdaşlıq münasibətləri qurub. Amma bu ölkələrin deputatları Azərbaycan əleyhinə haqsız, ədalətsiz, düşmən mövqeyi sərgiləyən prosesdə  gözlənilən  münasibəti  göstərmədilər. Bu da Azərbaycana qarşı yönəlmiş addımların bir hissəsidir. Bu ölkələrin nümayəndə heyətlərinin Azərbaycana  qarşı  bu  mövqeyi  həm də Azərbaycana arxadan vurulan bir zərbədir. Azərbaycan daim öz qonşuları, tərəfdaşları, dostluq əlaqələri qurduğu ölkələrlə səmimi olub, onlara qarşı qardaşlıq münasibəti bəsləyib. Azərbaycan indiyə kimi bir çox beynəlxalq təşkilatlarla həm əməkdaşlıq edib, həm rəhbərlik edib. Biz Qoşulmama Hərəkatında Azərbaycanın diplomatik uğurlarını yüksək qiymətləndirməliyik. Bu hərəkata rəhbətlik etdiyi dövrdə Azərbaycan bir çox uğurlara imza atıb. Eyni zamanda, məlumdur ki, bu ildən Azərbaycan GUAM-a rəhbərlik edəcək. Bu da Azərbaycanın beynəlxalq arenada nüfuzunun göstəricisidir. Azərbaycan bundan sonrakı siyasətində əlbəttə ki, bu cür yaramaz, Azərbaycana qarşı bəslənən, xoş olmayan siyasətə qarşılıq verəcək. Bu ölkələrin Azərbaycana qarşı sərgilədiyi mövqe böyük təəssüf doğurur. Azərbaycanın bu günə qədər Gürcüstan, Ukrayna, Moldovaya bəslədiyi münasibətə bu cür qarşılıq verilməməli idi. Azərbaycan bu ölkələrlə münasibətlərini yenidən nəzərdən keçirə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31