Möhkəm dayaqlar və təməllər üzərində qurulan münasibətlərə inanırıq-İlyas Hüseynov- ÖZƏL
29 Yanvar 2024 18:54 Siyasət"SSRİ süquta uğradıqdan sonra yeni yaranan dövlətlər müxtəlif platformalarda birləşir və öz gücünü ortaya qoymağa çalışırdılar".
Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Bu dövrdə diqqət çəkən bir təşkilat kimi GUAM-ın adını çəkmək olar. Burada Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova birləşdi, qısa zaman kəsiyində Özbəkistan da bu təşkilata qoşulduqdan sonra təşkilat sıralarını tərk etdi. Hazırki dövrdə Gürcüstan, Ukrayna və Moldovanın AŞPA-da keçirilən səsvermədə nümayiş etdirdiyi mövqe ölkələrimiz arasında yaranan münasibətlərin ruhuna da ziddir. Biz əlbəttə ki, bu dövlətlərdən özümüzə dəstək gözləyirik. Özümüz bu təşkilatlar çərçivəsində dövlətlərin iqtisadi inkişafında maraqlıyıq və güvəndiyimiz dövlətlərdən özümüzə arxadan zərbə gördükdə böyük təəssüf hissi yaranır. Anlamaq lazımdır ki, geopolitik münasibətlər hansı formada formalaşır və hansı formada bunu analiz etmək lazımdır. Hələ ki, bu dövlətlərin siyasi düşüncəsi və şüuru imkan vermir ki, bütün geosiyasi prosesləri analiz etmək mümkün olsun. Bu da dövlətlər arasında sonrakı inkişaf mərhələsinə də təsirsiz ötüşməyəcəkdir. Biz möhkəm dayaqlar və təməllər üzərində qurulan münasibətlərə inanırıq və bu səmiyyəti də qarşı tərəfdən gözləyirik. Çünki, Azərbaycaycanın geosiyasi addımları milli təhlükəsizliyə əsaslanan siyasi vizyona hesablanıb, düşünülmüş və rasional paradiqmaları özündə əks etdirir. Bizim üçün siyasi yanaşmalarda proqnozlaşdırılan addımların atılması mühüm əhəmiyyət kəsb edir və biz özümüz də istənilən münasibətlərdə proqnozlaşdırılan, münasibətlərə xələl gətirməyən addımlar atmışıq".