Azərbaycanla olan münasibətlərini qurban verməyi ön planda tutdular-Elçin Xalidbəyli- ÖZƏL

"Böyük siyasətdə təbii ki, əbədi dostlar və əbədi düşmənlər olmur. Əksər dövlətlər əsasən öz maraqları çərçivəsindən çıxış edirlər. Bu 3 ölkənin (Gürcüstan, Ukrayna, Moldova) davranışlarını da onların dövlət maraqları ilə əsaslandırmaq olardı".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli bildirib:

"Ancaq onu da nəzərə almaq lazımdır ki, bu 3 dövlətin də Azərbaycanla çox yaxın münasibətləri var və onların dövlət maraqları həm də Azərbaycanla münasibətlərin qorunmasını tələb edir. Məsələ ondadır ki, Azərbaycan Ukraynaya ən çox humanitar yardım göstərən ölkələr sırasındadır.  Moldova ilə də çox yaxın əməkdaşlıq münasibətləri mövcuddur. Gürcüstana gəldikdə isə, nəzərə almaq lazımdır ki, Gürcüstsan həm qonşu ölkədir, həm də Azərbaycanın enerji layihələri və nəqliyyat kommunikasiya xətləri üzərindən külli miqdarda büdcə gəlirləri əldə edən ölkədir. Gürcüstan dövlət büdcəsinin formalaşmasında Azərbaycanın regional iqtisadi layihələrindən qazanılan maliyə vəsaiti olduqca böyük əhəmiyyət daşıyır. Ancaq Gürcüstan ilk dəfə deyil ki, Azərbaycanla münasibətlərdə bu cür addımlar atır. Hələ 2020-ci ildə İkinci Qarabağ müharibəsindən bir neçə ay əvvəl Gürcüstan Rusiyanın Ermənistana göndərdiyi hərbi texnikanı öz ərazisindən keçirmişdi və rəsmi Bakı da buna sərt şəkildə etiraz etmişdi. Ondan sonra bunun qarşısı alınmışdı. Bir müddət öncə Fransanın "Bastion" döyüş maşınları da Gürcüstan üzərindən Ermənistana göndərilmişdi. Yəqin ki, bu davranış da rəsmi Bakının diqqətindən qətiyyən yayınmayıb. Diplomatik kanallar vasitəsi ilə bu rəsmi Tiflisin diqqətinə çatdırılmış olmalıdır. Burda önəmli məqamlardan biri ondan ibarətdir ki, Gürcüstan, Ukrayna, Moldova 3-ü də ABŞ və Qərbin, Avropa Birliyinin təsir dairəsindədilər. Hazırda Qərb siyasi dairələri ilə münasibərlərini korlamaq istəmirlər. Ola bilsin ki, bu 3 ölkənin hər biri Qərblə münasibətlərini yaxşı saxlamaq üçün Azərbaycanla olan münasibətlərini qurban verməyi daha ön planda tutublar. Halbuki bunun özü də yol verilməzdir və gələcəkdə qarşılıqlı münasibətlərdə Azərbaycanla müəyyən problem yarana bilər. Ancaq bunun hansı səviyyədə problem olub-olmayacağını yaxın gələcəkdə yəqin ki, anlamağa başlayacağıq. Hələlik hadisə yeni baş verib və rəsmi Bakı situasiyanı dəqiqləşdirməklə məşğuldur. Bu proses sona çatdıqdan sonra yəqin ki, bütün bu baş verənlərə uyğun şəkildə də Azərbaycan dövlətinin həm reaksiyası, həm də gələcəkdə atacağı addımlarla bağlı müəyyən prinsipial strategiyası olacaq. Bu baxımdan hesab etmək olar ki, indiki situasiyanı dövlətlərin bir-birinə qarşı səmimi münasibətlərinin bir daha sınaqdan keçdiyi dövr kimi qiymətləndirmək olar. Bunun da nəticələrini yaxın gələcəkdə görəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31