Niderlanddakı vətəndaşlarımızın seçki hüququ təmin edilir - Koordinator

Niderlandda yaşayan Azərbaycan vətəndaşlarının səsvermə hüququ tam şəkildə təmin edilir. Fevralın 7-nə təyin edilmiş Prezident seçkilərində vətəndaşlarımız səsvermə hüququndan azad və sərbəst şəkildə istifadə edəcəklər.

Olaylar.az xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında Niderland və Belçika Azərbaycanlıların Kordinasiya Şurasının koordinatoru, "Niderland Azərbaycan Evi"nin rəhbəri Elxan Mirhəşimli deyib.

Diaspor rəhbəri qeyd edib ki, Azərbaycan səfirliyi seçkilərlə bağlı geniş maarifləndirmə işi aparır. Bu prosesdə diaspor təşkilatları da səfirliklə əməkdaşlıq edir: "Vətəndaşlarımızı seçkilərdə fəal şəkildə iştirak etməyə təşviq edirik. Maarifləndirmə işi həm canlı təmaslar zamanı, həm də sosial media üzərindən aparılır. Seçki məntəqəsi Haaqa şəhərində yerləşən səfirliyimizin binasında qurulub. İnanırıq ki, seçki günü bütün vətəndaşlarımız seçki məntəqəsinə axın edərək, layiqli namizədə səs verəcəklər".

E.Mirhəşimli bildirib ki, 7 fevral seçkiləri Azərbaycan tarixində önəmli hadisələrdəndir: "Suverenliyimizin tam bərpasından sonra ilk dəfə keçiriləcək seçkilər respublikanın bütün ərazisində baş tutacaq. Hesab edirəm ki, Azərbaycan 7 fevralda dünyaya demokratik seçki nümunəsi göstərəcək. Seçki təcrübəmiz, mükəmməl seçki qanunvericiliyinin olması, ölkədə demokratik ənənələrin inkişafı bunu deməyə əsas verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31