Qafqaz artıq müharibədən də yorulub-Kazım Kazımov -ÖZƏL

"Aİ-nin  Azərbaycana qarşı bu addımları təəssüflər olsun ki, 30 il ərzində mütəmadi şəkildə davam etmişdir". 

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a  açıqlamasında bildirib:

"Ancaq  Azərbaycanın regionda getdikcə güclü ölkəyə çevrilməsi və iqtisadi, sosial cəhətdən güclənməsi Avropanın bu istəklərinin qarşısını almışdır. Bilirik ki,  Avropa bu gün öz daxilində siyasi bir böhran yaşayır. Xüsusən, 2008-ci il iqtisadi böhranından sonra Avropanın siyasi yolu relsdən çıxıb  və Avropa öz siyasi relsinə qayıda bilmir. Miqrant axını, işsizliyin yüksəlməsi, iqtisadi durğunluğun artması, Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi, Ukrayna müharibəsi,   Avropa iqtisadiyyatının hərbi, iqtisadi, siyasi basqısı  Avropanı getdikcə daha da ciddi bir böhrana sürüklədi. Belə olan təqdirdə  Avropa istəyir ki, fərqli addımlar ataraq sanki krizis yoxmuş kimi, sanki  bütün dünyada söz sahibiymiş kimi özünü göstərməyə çalışır. Belə ki, o özünə yaxın olan regionları seçməyə cəhd etdi. Bunlardan biri də Qafqaz bölgəsidir. Lakin Qafqaz  Avropanın hesab etdiyi qədər də asan bölgə olmadı.  Azərbaycanın bu gün artan siyasi-hərbi qüdrəti səbəbilə öz torpaqlarını özü azad etdi. Avropanın burada edə biləcəyi bir şey qalmamışdı. Avropa onsuz da Azərbaycan üçün, sülh üçün heç nə etməmişdir. Biz bilirik ki, beynəlxalq hüquqa görə Qarabağ Azərbaycan torpağıdır.  Buna rəğmən Avropa beynəlxalq hüququ hər zaman görməzdən gəldi, Ermənistana müxtəlif yollarla arxa çıxmağa çalışdı. Artıq Azərbaycan öz problemini həll etdikdən sonra nə ehtiyac var ki, Avropa hər hansı bir hərbi missiya, yaxud da müşahidəçi missiyası göndərsin? Azərbaycan onsuz da öz problemini özü həll edibdir. Avropanın Cənubi Qafqazda möhkəmlənmə planı baş tutmadı. Həm də onlar istəyirdilər ki, Ukraynadakı vəziyyətə bir cavab olaraq Cənubi Qafqazda yeni bir Qərb-Rusiya qarşıdurması əmələ gətirsinlər. Təbii ki, Azərbaycan bu oyunu da çox yaxşı gördü və buna rədd cavabı verdi. Çünki, Qafqaz artıq müharibədən də yorulub, Azərbaycan xalqı artıq münaqişəyə son qoyub. Buna son qoyan Azərbaycan xalqı təbii ki, yeni bir münaqişə ocağının yaranmasına izn verməyəcəkdi və belə də oldu. Bu gün  Avropanın Azərbaycana qarşı aqressiv addımları arxasında da bütün bu prosesləri görə bilirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31