Bu proseslər Qərbin və Avropa dairələrinin ciddi narahatlığı ilə müşahidə olunur-Sahil Kərimli- ÖZƏL
26 Yanvar 2024 15:44 Siyasət"Qərb dairələrinin və Avropa Birliyinə daxil olan bəzi ölkələrin Azərbaycana qarşı düşmənçiliyi və qisas kompaniyası siyasətinin bir çox səbəbləri var. Bunun əsas səbəblərindən biri Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini, bütün ərazilərində suveren hüquqları təmin etməsi və eyni zamanda da Cənubi Qafqazda yeni reallıqlar yaratmasıdır".
Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib:
"Amma son günlər bu düşmənçilik siyasəyinin daha da alovlanmasının digər bir səbəbi də Azərbaycan xalqının birmənalı olaraq İlham Əliyevi dəstəkləməsidir. Məlumdur ki, fevralın 7-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Artıq prezident seçkilərinin keçirilməsi ilə bağlı təbliğat və təşviqat kompaniyasına da başlanılıb. Bu kompaniyanın gedişindən bir daha bütün dünyaya aydın olur ki, Azərbaycan xalqı, seçiciləri yekdilliklə Prezident İlham Əliyevi dəstəkləyirlər. Fevralın 7-də keçiriləcək prezident seçkilərində Prezident İlham Əliyev Azərbaycan xalqının çox böyük hissəsinin yüksək faizlə səsini qazanaraq yenidən növbəti dönəm üçün Azərbaycana rəhbərlik edəcək.
Bu proseslər Qərbin və Avropa dairələrinin ciddi narahatlığı, qısqanclığı ilə müşahidə olunur. Son günlər Azərbaycana qarşı qərəzli, ədalətsiz kompaniyalar aparılır. Eyni zamanda Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan əleyhinə çıxarılan qərar da bu siyasətdən qaynaqlanır və həmən dairələr artıq başa düşürlər ki, Azərbaycana heç bir vasitə ilə təzyiq edə bilməyəcəklər. Azərbaycan xalqını öz istəklərinə nail olmaq uğrunda heç bir prosesə cəlb edə bilməyəcəklər. Ona görə də, bu cür qərəzli və düşmənçilik siyasəti yürüdürlər".