Müstəqil Azərbaycan Zəfər qazanmış ölkədir
26 Yanvar 2024 14:13 SiyasətBu Zəfəri qoruyub saxlamaq üçün Azərbaycan daha da güclü olmalıdır
Azərbaycanın həyata keçirdiyi daxili və xarici siyasət dünya ölkələrinin diqqət mərkəzindədir. Artıq Azərbaycan dünyada söz sahibinə çevrildiyindən onun iştirakı olmadan heç bir layihənin reallaşdırılması mümkün deyil. Üstəlik, çoxsaylı dünya ölkələrinin enerji təminatında mühüm rol oynayan Azərbaycan regionun iqtisadi əsaslarını da müəyyən edir. Sadalanan uğurlar son 20 ildə həyata keçirilən uğurli siyasətin nəticəsi hesab edilə bilər. YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, bu gün Azərbaycan xalqı 20 il öncə etdiyi seçimin tarixi qürurunu yaşayır. Prezident İlham Əliyev yalnız Azərbaycan dövlətini inkişaf etdirmədi, o həm də xalqımız və dövlətimiz üçün yeni şanlı tarix yazdı. Prezident İlham Əliyevin adı və imzası tarixə həm də əbədi Qalib xalqın Qalib Lideri kimi həkk olundu: "Ötən 20 il ərzində Ulu Öndər Heydər Əliyevin hüquqi-demokratik və dünyəvi dövlət quruculuğuna yönəldilmiş müstəqillik siyasətini qətiyyətlə həyata keçirən Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmiz 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi ilə bir ilkə imza atdı. Ordu quruculuğu məsələlərinin dövlət siyasətinin prioriteti kimi müəyyən olunması illər sonra öz nəticəsini göstərdi və Azərbaycan tarixi ədaləti bərpa etdi. 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər güclü müdafiə sənayesi qurulmasını şərtləndirdi. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Cənab İlham Əliyev xalqımıza son iki əsrlik tariximizin ən böyük qələbəsini qazandırdı. O, itirilmiş torpaqlarımızı geri qaytardı, ərazi bütövlüyümüzü və suverenliyimizi qətiyyətlə bərpa etdi. Azərbaycan Respublikasının mütləq suverenliyinin təmin edilməsi və üçrəngli bayrağımızın vətənimizin bütün şəhər və rayonlarında dalğalandırılması Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və qəhrəman Azərbaycan zabitinin, əsgərinin möhtəşəm tarixi Zəfəridir. Ali Baş Komandanımız İlham Əliyev şanlı Qələbəni xalqımıza bəxş etməklə həm də həyatını Azərbaycana həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" ,- deyən Ulu Öndərin arzusunu reallaşdırdı. Bu gün Qarabağ və Şərqi Zəngəzurun hər bir bölgəsində genişmiqyaslı yenidənqurma işləri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işləri sistemli və planlı şəkildə aparılır. Böyük Qayıdış uğurla davam edir. İşğaldan azad edilmiş ərazilərdə insanların yaşaması və məşğulluğu üçün lazım olan bütün infrastruktur yaradılır və yaradılacaq. Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərdə icra edilən və müasir standartlara cavab verən infrastruktur layihələri ölkə iqtisadiyyatına əlavə töhfələr verəcək, bu ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyası isə iqtisadiyyatımızı daha da gücləndirəcək".
Millət vəkili qeyd edib ki, ölkəmizdə fevralın 7-də keçiriləcək prezident seçkiləri yalnız seçki deyil, həm də Azərbaycanın uğurlarının təsdiqidir: "Fevralın 7-də keçiriləcək prezident seçkiləri tarixi bir hadisə olacaq. Çünki müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bu seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir, ona görə də onu Zəfər seçkiləri adlandırmaq olar. Fevralın 7-də Azərbaycan bir daha dünyanın diqqətini demokratik inkişafının əsas göctəricilərindən olan azad, şəffaf və beynəlxalq standartlara cavab verəcək prezident seçkilərinə yönəldəcək. Azərbaycan müstəqillik baxımından gənc ölkə olmasına baxmayaraq azad, şəffaf və demokratik seçkilərin keçirilməsi sahəsində çox böyük nailiyyətlər əldə edib. Azərbaycan ilk gündən demokratik, hüquqi dövlət quruculuğu yolunu tutaraq bu istiqamətdə mühüm addımlar atıb. Budəfəki seçkilər də ölkəmizdə demokratiyanın inkişafı baxımından yeni nümunə olacaq. Zəfər seçkiləri ölkəmizin demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqlədiyini bir daha nümayiş etdirəcək. Müstəqil Azərbaycan Zəfər qazanmış ölkədir. Bu Zəfəri qoruyub saxlamaq üçün isə Azərbaycan daha da güclü olmalıdır. Ölkəmizin hər bir uğurunun təməlində Heydər Əliyev siyasəti dayanır. Bu siyasətin müasir dövrün tələbləri çərçivəsində həyata keçirilməsi isə uğurlarımızı davamlı edir. Ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş müstəqil Azərbaycan bundan sonra da cənab İlham Əliyevin rəhbərliyi ilə davamlı olaraq inkişaf edəcək, qüdrətini daha da artıracaq. "Qarabağ Azərbaycandır!" şüarını dilindən düşürməyən xalqımız bizə Zəfər sevinci bəxş etmiş Müzəffər Liderimizin yanında olacaq, onun xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək".
Alim