Avropa Şurası yarandığı andan “xristian klubu” kimi formalaşıb
26 Yanvar 2024 13:59 Siyasətİndi də Avropa dövlətlərinin inikası formasında fəaliyyət göstərir
Dünyada özünü insan hüquqlarının "qoruyucu mələyi" kimi sırımağa çalışan Avropa Şurasının axır ki, əsil maskası yırtıldı. Əslində, Avropa Şurası, onun komitələri, bürosu, Nazirlər Komitəsi və ən nəhayət Parlament Assambleyası kimi altqurumlarının yenicə müstəqillik əldə etmiş və inkişafda olan dövlətlərə münasibəti daim qərəzli olub. Səbəb gün kimi aydındır ki, Avropa Şurası əslində yarandığı andan "xristian klubu" kimi formalaşıb. İndi də Avropa dövlətlərinin inikası formasında fəaliyyət göstərir. Başqa sözlə, Avropa Şurası Avropa dövlətlərinin təmsilçiləri olan parlamentarilərin gəlir mənbəyinə çevrilib. Etiraf edək ki, qurumun nüfuzdan düşməsində diaspora təşkilatlarının da "əməyi" danılmazdır.
Aydındır ki, yenicə müstəqillik əldə etmiş Azərbaycan Avropa Şurasına daxil olarkən sözügedən qurumun Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə ədalətli mövqe nümayiş etdirəcəyini yəqin etmişdi. Lakin demokratiya, insan hüquqlarının müdafiəsi yolunu prioritet hesab edən Azərbaycan qurum qarşısında götürdüyü bütün öhdəliklərin icrasını təmin etməsinə, ölkədə söz, mətbuat, ifadə, sərbəst toplaşmaq azadlığı kimi fundamental hüquqların qorunmasına baxmayaraq daim təzyiq altında saxlandı. Bütün baş verənlərə rəğmən artıq geridə qalmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ədalətli mövqe tələb etdikdə isə "ermənilərin hüquqlarının pozulmasında" ittiham edildi.
Xatırladaq ki, vaxtilə Avropa Şurası Parlament Assambleyasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair yazılı bəyanat qəbul olunmuşdu. Sənəddə bildirilirdi ki, "Dağlıq Qarabağ münaqişəsinin sülh yolla nizamlanmasına alternativin olmadığına əminliyini ifadə edən AŞPA, münaqişənin davamlı və ədalətli həllinin tapılması üçün beynəlxalq səviyyədə razılaşdırılmış yeganə danışıq formatı olan Minsk Qrupunun həmsədrlərinin səylərinə daim dəstək verdiyini təsdiqləyir. Buna görə də biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin etdiyi daimi çağırışlara hörmətlə yanaşmağa, onların mandatlarını pozmamağa və danışıqlar prosesini mürəkkəbləşdirməməyə çağırırıq". Azərbaycan isə ATƏT-in Minsk Qrupunun 30 ildə həll edə bilmədiyi münaqişəni çözüb, dünyada birmənalı şəkildə qəbul edilməyən separatizmi aradan qaldırıb, öz suverenliyini və ərazi bütövlüyünü təmin edib. Məhz Azərbaycanın hərbi-siyasi qələbəsi Avropa Şurasının yuxusunu ərşə çəkib. Vaxtilə münaqişənin həllindən yaxasını kənara çəkən AŞ indi ermənilərin hüquqlarının müdafiəçisi rolunda çıxış edir. Məsələ orasındadır ki, artıq ölkəmizə qarşı qərəzli mövqe açıq şəkildə aparılır.
Belə ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) qış sessiyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqləməyib. Almaniyalı deputat Frank Şvabenin bununla bağlı irəli sürdüyü təklifləri AŞPA Monitorinq Komitəsi məqbul sayıb. Azərbaycanın qurumdakı nümayəndə heyəti isə bəyənatla çıxış edərək iclası tərk edib. Bu zaman belə bir sual yaranır, nədən AŞ PA məhz indi ölkəmizə qarşı belə sərt mövqe nümayiş etdirir? Belə mövqenin arxasında hansı məqsəd dayanır?
Əvvala qeyd edək ki, bu qərarın insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Ola da bilməz, çünki Azərbaycanda insan hüquqları ən yüksək səviyyədə qorunur. Digər tərəfdən, AŞ insan hüquqları məsələsini gündəmə gətirsə, bir milyondan artıq qaçqın və məcburi köçkünün hüquqları bu quruma qənim kəsilər. Ermənilərin Qarabağdan öz istəkləri ilə getdikləri Ermənistan rəsmiləri tərəfindən etiraf edildiyi halda onların hüquqlarının pozulması barədə iddia irəli sürmək təbii ki, gülünc görünür. Belə halda, birmənalı şəkildə qeyd edilməlidir ki, Avropa Şurasının bu mövqey öz suverünliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdindən başqa bir şey deyil. Belə halda, Azərbaycan üçün nəinki AŞPA-da səsin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir. Çünki, Azərbaycanın Avropa Şurasına üzvlüyü dövründə Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız hüquqi çəkisi olmayan azsaylı bəyanatlarla kifayətlənib. Bunun müqabilində Ermənistanın Azərbaycanın ərazisini işğal altında saxlaması faktına göz yumub, işğalçı dövlətin səs hüququnun məhdudlaşdırılması haqda belə düşünməyib.
Hazırda da Avropa Şurasında islamofob və türkəfob mövqe sərgilənməkdədir. Ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan Azərbaycana qarşı vasitə kimi istifadə edirlər. Başqa sözlə, qurum Avropanın korrupsiya mərkəzinə çevrilib. Əslində isə yalnız qonşulara deyil, öz xalqına qarşı da təcavüzkar, antidemokratik, antihunmanist siyasət aparan, dövlət terrorizmi xətti yürüdən Ermənistanın real siması AŞPA rəhbərliyinə yaxşı bəllidir. Lakin qurum bütün bunları görməzdən fəaliyyətini qurur və Ermənistanla müqayisə gəlməyəcək tərzda olan Azərbaycana qarşı qərarlar çıxarır. Artıq Azərbaycan BMT-nin qətnaməsini özü icra edərək Qarabağ problemini geridə qoyub. Ölkədə demokratik təsisatlar kifayət qədər inkişaf edib. Belə bir şəraitdə Azərbaycanın heç bir nüfuzu malik olmayan Avropa Şurasına ehtiyacı yoxdur. Üstəlik, Azərbaycan İnsan Haqları üzrə Avropa Məhkəməsinin yuriadimsiyasından da çıxa bilər. Onu da qeyd edək ki, bu məsələdə itirən Azərbaycan yox, Avropa Şurası olacaq.
Alim Hüseynli