Siyasi partiyaların yaranmasının qanuni əsaslarını cəmiyyətə geniş şəkildə təqdim etmək lazımdır
26 Yanvar 2024 13:29 Siyasətİstiqamət: insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığın artırılması
Hər bir dövlət üçün insan hüquq və azadlıqlarının təmin edilməsi vacib amillərdəndir ki, ölkəmizdə də bu istiqamətlərdə aparılan işlərdə inkişaf nəzərəçarpacaq dərəcədə yüksəkdir. Son illər ölkəmizdə insanların azad və təhlükəsiz yaşaması, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində çox ciddi tədbirlər həyata keçirilir.
Siyasi ekspert Aydın Quliyev də bildirir ki, Azərbaycanda insan hüquq və azadlıqlarının inkişaf etdirilməsi, vətəndaşların sosial-siyasi fəallığının artırılması bir neçə istiqamətdə aparılır:
"Bu, ölkəmizin praktikasında artıq dinamik bir prosesə çevrilməkdədir. O mənada dinamikadan danışıram ki, onun müəyyən kampaniyalardan asılı olaraq aparılması kimi bir təcrübə yoxdur. Artıq bu proses fasiləsiz, daim davam etdirilən, kampaniyaçılıq xüsusiyyətlərindən uzaq olan davamlı bir inkişaf tendensiyasına çevrilib. Bu, sözsüz ki, birinci növbədə dövlətimizin, onun siyasətini müəyyənləşdirən orqanların və ilk növbədə ali icra hakimiyyətinin başçısı prezidentin iradəsi ilə aparılır. Onun davamlı bir dinamik prosesə çevrilməsinin özünü əslində Azərbaycanın nailiyyətlərindən biri kimi dəyərləndirmək mümkündür.
İnsan hüquq və azadlıqlarının inkişafı, vətəndaşların sosial, siyasi fəallığının artırılmasının bir neçə istiqamətindən danışmaq mümkündür. Birinci növbədə, qanunvericilik bazasının təkmilləşdirilməsi və prosesin hüquqi əsaslarının təkmilləşdirilməsini mütləq qeyd etmək lazımdır. Bu da Azərbaycanda 1995-ci ildə yeni konstitusiyanın qəbul olunması və konstitusiyanın yenilənməsinə paralel olaraq və yaxud onun nəticəsi olaraq yeni konstitusiya qanunlarının qəbulunu xüsusi qeyd etmək lazımdır. Barəsində söhbət gedən prosesin hüquqi qanunvericilik bazasının təkmilləşdirilməsi, möhkəmləndirilməsi olduqca vacib və həlledici istiqamətdir. Çünki onsuz insan hüquq və azadlıqlarının qorunması, vətəndaşların sosial-siyasi fəallığının artırılmasının demək olar ki, qanunvericilik təminatı yox dərəcəsində ola bilərdi ki, bu da sıfır nəticədən başqa hər hansı bir nəticənin əldə olunmasına imkan verməz.
Təsadüfi deyil ki, Azərbaycanın 1995-ci ildə qəbul olunmuş konstitusiyası və ona sonradan edilmiş əlavələr və dəyişikliklərin hamısında insan hüquq və azadlıqları bölməsinin təkmilləşdirilməsi xüsusi bir xətt ilə keçir. Çünki bu, daima yeniləşmə, təkmilləşmə tələb edən bir istiqamətdir. Hər dəfə praktikada çıxa bilən müəyyən nüansların konstitusiyada əks olunması insan hüquq və azadlıqlarının müdafiəsinin təkmilləşdirilməsi kimi bir nəticəni almağa əsas verir.
Seçki qanunvericiliyinin təkmilləşdirilməsi, müxtəlif sahələrə aid insan hüquq və azadlıqlarını tənzimləyən qanunların yenilənməsi, dəyişdirilməsi də bu istiqamətdə öz müsbət nəticəsini verə bilir. Xüsusilə də mən media qanunvericiliyinin dəyişdirilməsini, ondan sonra insanların məlumat almaq azadlığının və bu istiqamətdə fəaliyyəti tənzimləyən qanun normalarının təkmilləşdirilməsi, yeni qanunların qəbul edilməsi fikirlərimizə bir sübutdur. Hər dəfə həm konstitusiyada əlavə və dəyişikliklər ediləndə, həm də müvafiq sahə qanunları dəyişdiriləndə, burada insanların hüquq və azadlıqlarının müdafiə işinin daha da təkmilləşdirilməsi və praktikada meydana çıxan müxtəlif maneə xarakterli neqativ tendensiyaların aradan qaldırılması məqsədi əsas götürülür ki, bu da praktikada öz əhəmiyyətini və nəticələrini göstərir.
Beləliklə, qanunvericilik bazasının təkmilləşdirilməsi insan hüquq və azadlıqlarının inkişafının, vətəndaşların sosial-siyasi fəallığının artırılmasının çox vacib şərtidir. Sadə dildə desək, bu o deməkdir ki, gərək insanların əvvəlcə sərbəst toplaşmaq, öz fikirlərini, öz əqidəsini azad şəkildə ifadə etmək, sərbəst şəkildə birləşmək, müxtəlif ictimai birliklərdə, müxtəlif siyasi təşkilatlarda birləşmək, vətəndaş cəmiyyəti institutlarında təsisatlanmaq kimi hüquq və azadlıqlarına qanunvericilik təminatı öncədən yaradılmalıdır ki, insanlar bundan istifadə eləyə bilsinlər. İnsanların bir sıra hüquq və azadlıqları öz xarakterinə görə elə məzmundadır ki, bunların həyata keçirilməsi üçün sadəcə iradə nümayiş etdirmək azdır. Bunun üçün lazımi şərait də olmalıdır ki, bu şəraiti mütləq şəkildə dövlət orqanları və yaxud başqa orqanlar yaradırlar. Məsələn, insanların, əgər sağlamlığı mühafizə hüququndan, istirahət hüququndan, əmək hüququndan söhbət gedirsə, hələ insanların belə bir hüquqa malik olduğunu, bu hüquqlardan istifadə sahəsində heç kim tərəfindən qəsd olunmayacaq imkana malik olmasını bəyan etmək hələ azdır. Bunun üçün iş yerləri yaradılmalıdır ki, insanlar əmək hüququndan istifadə edə bilsinlər. Bunun üçün insanlara, insanların öz təhsil hüququnun həyata keçirilməsi üçün şərait yaradılmalıdır, təhsil müəssisələri yaradılmalıdır. Təhsil qanununda insanların hüquqları müəyyən olunmalıdır ki, insanlar öz təhsil hüquqlarını real şəkildə həyata keçirə bilsinlər. İnsanların sərbəst birləşmək, toplaşmaq hüququnun həyata keçirilməsinə imkan verən şəraitlər normativlər olmalıdır ki, insanlar bu sahədə konstitusiyanın onlara verdiyi hüquqlardan bəhrələnə bilsinlər. Məsələn, əgər siyasi partiyaların yaranmasına, fəaliyyət göstərməsinə, qeyri hökumət təşkilatlarının yaranmasına, fəaliyyət göstərməsinə dövlət lazımı şəraiti həm qanunvericilik baxımından, həm də real praktika baxımından yaratmasa, insanlar özlərinin sərbəst birləşmək və sərbəst toplaşmaq hüququnu necə həyata keçirə bilərlər? Gərək əvvəlcə siyasi partiyaların, Qeyri Hökumət Təşkilatlarının yaradılmasına imkan verən şərait həm hüquqi, həm də reallıq baxımından olsun ki, insanlar da həmin siyasi partiyalarda və yaxud da QHT-lərdə birləşərək öz hüquqlarını həyata keçirsinlər və yaxud da əvvəlcə kütləvi informasiya vasitələri, media azadlığını tənzimləyən qanunlar gərək işləsin, olsun ki, bundan sonra insanlar media azadlığı mühitində özlərinin ifadə azadlığı hüququnu tam şəkildə həyata keçirə bilsinlər. Ölkənin bu gün daxili həyatımızın, beynəlxalq həyatın müəyyən sahələri ilə bağlı fikir yürüdə bilsinlər. Öz fikirlərini sərbəst şəkildə ifadə etmək azadlığına malik olduqlarını praktikada görsünlər ki, bu hüquqlardan da istifadə olunması asanlaşsın. Bir sözlə, insanların öz hüquq və azadlıqlarını həyata keçirmələri üçün birinci növbədə qanunvericilik və konstitusion baza olmalıdır ki, bunu da Azərbaycan dövləti artıq dediyim kimi, fasiləsiz bir prosesə çevirib və Azərbaycanda bu iş fasiləsiz olaraq həyata keçirilməkdədir.
İkincisi, məsələnin praktik tərəflərinə mütləq şəkildə toxunmaq lazımdır. Praktik tərəflər deyəndə, insanların öz hüquq və azadlıqlarından istifadə yollarında həm maarifçilik işinin aparılması nəzərdə tutulur, həm də praktikada obyektiv inkişaf prosesində meydana çıxan və bu prosesə maneçilik törədən müəyyən nüansların qarşısını almaq. Maarifçilik xüsusilə vacib olan fəaliyyət istiqamətlərindən biridir. Çünki təcrübə göstərir ki, insanların hüquq və azadlıqlarının təkcə konstitutsiya və qanunlarda əks etdirilməsi ilə məsələ bitmir. İnsanların heç də hamısı öz hüquq və azadlıqlarının dərk olunmasında eyni yüksək səviyyədə dayanmırlar və yaxud da insanların heç də hamısı öz hüquq və azadlıqlarının nədən ibarət olduğunu dərk eləmirlər. Halbuki bu, olduqca vacib bir məsələdir. Çünki təcrübə göstərir ki, insanların bəzən öz hüquq və azadlıqlarını lazımı səviyyədə həyata keçirməməyinin səbəbi məhz qanunlardan özlərinin hüquq və azadlıqlarına bələd olmamaları səbəbindən irəli gəlir. İnsan əvvəlcə öz hüquq azadlıqlarının nədən ibarət olduğunu anlamalıdır ki, ona uyğun olaraq hərəkət etsin. İnsan özünün əmək hüququna malik olduğunu və əmək hüquqlarını tənzimləyən qanunvericilik normativləri ilə tanış olmalıdır ki, həm əmək hüququndan istifadə eləsin, həm də bu əmək hüququ müəyyən praktik maneələrlə rastlaşanda, kimsə insanın bu əmək hüququna qəsd etmək istəyəndə, qanunvericilik normativlərinə bələdçilik və bu sahədə maarifçilik insana öz hüququnu bərpa etməyə imkan versin və yaxud da ki, maarifçiliklə bərabər insanların öz hüquq və azadlıqlarının qorunması üçün inzibati institutlar da mövcuddur. Bir insan, əgər öz hüquq və azadlıqların isə bu o demək deyil ki, onun hüquq və azadlıqları pozulmalıdır və hər kəs də buna dözməlidir. İnsanların hüquq və azadlıqlarını lazımi səviyyədə bilməməsi əgər ondan istifadə yolunda maneçilik yaradırsa, müəyyən hallarda da başqa insanlar müəyyən ictimai və yaxud da dövlət orqanları insanların hüquq və azadlıqlarını qəsdən və yaxud da bilməyərəkdən pozucu addımlar ata bilirlər. Bax, bu şəraitdə insanları onların hüquq və azadlıqlarının pozulmasından qorumaq, hüquqlarını və azadlıqlarını təmin etmək üçün dövlətin müəyyən hakimiyyət və dövlət orqanları sistemi də fəaliyyət göstərir. Burada birinci növbədə hüquq mühafizə orqanlarının, deyək ki, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, prokurorluq orqanlarının fəaliyyəti, vəkillik institutunun fəaliyyəti və eləcə də məhkəmələrin fəaliyyəti xüsusi qeyd olunmalıdır ki, bunlar insanların hüquq və azadlıqlarının, həm pozulmasının qarşısının alınmasına, preventiv şəraitin yaradılmasında aparıcı institutlara çevrilirlər, həm də hüquq və azadlıqlarının pozulduğu hallarda onların qarşısının alınması və buna görə cəzaların müəyyənləşdirilməsində insanlara yardım edirlər. Bir sözlə, maarifçilik və hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş inzibati dövlət orqanları sisteminin fəaliyyətinin təkmilləşdirilməsi olduqca vacib məsələdir və Azərbaycanda insan hüquqlarının və azadlıqlarının qorunması şəraitinə öz təsirini göstərə bilir.
Burada çox vacib məsələlərdən biri vətəndaşların sosial siyasi fəallığının artırılmasıdır. Burada da məsələnin birinci qanunvericilik, normativlər tərəfi var. Bu da gərək qanunlarla, müəyyən normativlərlə tənzimlənsin ki, insanların bu istiqamətdə prosesə cəlb olunmasının artıq qanuni normativ əsası olsun. Heç kim insanların bu hüququna qəsd eliyə bilməsin. İctimai-siyasi və sosial həyatda fəallıq göstərməyin özü də insanın həyat və fəaliyyətinin istiqamətidir. İnsan necə ki, ailə həyatını müəyyən qanunlarla tənzimləyir, bunlar olmasa xaos yaranar, eləcə də ictimai-siyasi və sosial həyatda iştirak etmək, həm də bu iştirakı daha fəal səviyyəyə çıxartmaq üçün insana müəyyən təminatlar lazımdır ki, bu təminatları da müvafiq sahədə mövcud olan qanunlar yaradır və müəyyən sosial-siyasi kampaniyalar bu istiqamətdə insanların qarşısında cəbhə açır.
Məsələn, seçki prosesi insanların ictimai-siyasi həyatda fəal iştirakını tənzimləyən böyük kampaniyalardan biridir. Qanunların mövcud olması öz yerində, qanunlar imkan verir ki, insanlar həm fərdi qaydada, həm də toplaşaraq başqaları ilə birlikdə ölkənin ictimai-siyasi həyatında iştirak eləsin. Qanunlar buna imkanı verir. Amma insanlara bu istiqamətdə öz fəallığını artırmaq üçün real şəraitin yaradılmasına imkan verən kampaniyaları, prosesləri açmaq lazımdır ki, bu sahədə də, məsələn, seçki prosesləri, referendumlar olduqca böyük rol oynayır. Hazırda, məsələn, Azərbaycanın 7 fevral seçkilərinə hazırlaşır. Qeyri-seçki dövrlərində insanların öz seçki hüquqlarına münasibətdə müəyyən qədər gözləmə və yaxud da ki, passiv mövqedə olma hallarına rast gəlmək olur. Bu, başa düşülən bir şeydir. Amma seçki kampaniyası olan dövrlərdə insanlar istədi, istəmədi seçki prosesinin müəyyən qanunvericilik tələblərini, özünün seçki prosesinə malik olduğu hüquqları daha yaxından öyrənməyə meyl göstərir ki, bu da əslində insanları siyasi və sosial fəallığa yönələn yönəldən vacib amillərdir. Ən azı insanlar səs verməyin necə, hansı qanunlarla tənzimləndiyi ilə bağlı məlumatlar əldə etməyə çalışırlar, seçki kampaniyasının müxtəlif dövrlərini izləyirlər. İmza toplama kampaniyası nədir? Vətəndaşın burada iştirakı necə tənzimlənir? Hər kəs bu prosesdə iştirak edə bilər, iştirak edə bilməz və s. bu kimi suallara cavabın axtarışı artıq seçki prosesinin gedişində insanları siyasi fəallığa təhrik edir və yaxud da ki, insanların birləşmək hüququna malik olmasına sadəcə sözdə deməklə hələ siyasi fəallıq yaratmaq mümkün olmur. Siyasi fəallığın yaradılması üçün həqiqi siyasi fəallığın təmin olunması üçün, məsələn, siyasi partiyaların yaranmasının qanuni əsaslarını, cəmiyyətə geniş şəkildə təqdim etmək lazımdır ki, insanlar siyasi fəallığın artırılmasının əsas üsullarından biri kimi partiyalarda üzv olmağın da vacib olması qənaətinə gəlsinlər.
Bir sözlə, yekun olaraq deyim ki, insanların hüquq və azadlıqlarının qorunması, inkişafı, sosial, siyasi fəallığın artırılmasının həm qanunvericilik, konstitusion tərəfləri var, bu sahədə Azərbaycan dövlətinin 1995-ci ildən başlayaraq həyata keçirdiyi ardıcıl siyasət var, həm də onun praktik müstəvidə gerçəkləşməsi üçün lazım olan şəraitin yaradılmasıdır ki, bu işdə də əsas rolu dövlətin siyasəti və müvafiq dövlət orqanları oynayır".
Röyalə Xəyal
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.