Azərbaycandan qisas almaq cəhdi

Açıq-aydın ortadadır ki, Avropa Şurası Parlament Assambleyasının   Azərbaycanın səsini dondurması qərarının insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Bu, öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir. Bəs Azərbaycan üçün AŞPA-da səsin dondurulması, ya da ümumiyyətlə bu qurumun özü hər hansı bir əhəmiyyət kəsb edirmi?


Siyasi şərhçi Mübariz Göyüşlü  bildirir ki, belə qurumlar Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstək verməlidir, nəinki belə qərarlar qəbul etməli:
"Təəssüf edirəm ki, Avropa İttifaqı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası  Azərbaycana qarşı belə absurd qərarların qəbulu ilə gündəmə gəlirlər. Azərbaycan nümayəndə heyətinin mandatının səsvermə hüququnu dondurmaq, onu mandatdan məhrum etməyə cəhd göstərmək və s. kimi bu məsələlər Azərbaycanla  Avropa Şurası arasında gərginliyi artıran məqamdır və hesab edirəm ki, Avropa İttifaqının, Avropa Şurası Parlament Assambleyasının,  Avropa Parlamentinin dünyada, Cənubi Qafqazda sülhyaratma missiyalarını kölgə, şübhə altına salır. 
Fransanın bu prosesə təsiri hiss olunmaqdadır. Bunu guya  Azərbaycanda siyasi məsələlərlə bağlamaq cəhdləri də hesab edirəm ki, əhəmiyyətsizdir. Ermənistanla  Azərbaycan arasında İkinci Qarabağ müharibəsi, ondan sonra baş verən hadisələrdən və separatçılığın bitməsindən sonra Avropa İttifaqının və Avropanın müxtəlif strukturlarının bu cür qərarlar qəbul etməsinin şahidi oluruq. Hesab edirəm ki, bu, sanki bizə ermənidən daha artıq erməni olmaq cəhdi kimi bir təəssürat bağışlayır. Çox təəssüf edirəm ki, Avropa Şurası Parlament Assambleyası belə bir addım atıb. Əgər bu proses davamlı olarsa, bu prosesin ardı davam edərsə, yəni  Azərbaycan nümayəndə heyəti burada ümumiyyətlə, təmsilçilik məsələsindən, mandatının əlindən alınması və s. kimi məsələlər də baş verərsə, düşünürəm ki, Azərbaycan həmin qurumu tamamilə tərk edə bilər və bu da  Avropa Şurası üçün faydalı heç bir nəticə verməyəcəkdir. Mən düşünürəm ki, bundansa Avropa Şurası Parlament Assambleyası, ATƏT, Avropa İttifaqı, Avropa Parlamenti strukturları Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstək verməlidir, nəinki belə qərarlar qəbul etmək".


Politoloq Turan Rzayevin sözlərinə görə, bu, Azərbaycana qarşı atılan ilk belə addım deyil və böyük ehtimalla son da olmayacaq:
"Çünki sözügedən qurum müxtəlif ölkələrin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkofob təfəkkürlü nümayəndələrinin düşərgəsinə çevrilib. 
Ümumiyyətlə, rəsmi Bakı  AŞPA-ya üzv olduğu 2001-ci ildən bəri bu təşkilatdan ancaq ermənipərəst, islamofob münasibət görüb. Təşkilat bu günə qədər Ermənistanın  Azərbaycana təcavüzü və ərazilərin işğalı faktına qarşı ara-sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar, qərarlar verməkdən başqa heç nə etməyib. Halbuki AŞPA-ya üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi.
O ki qaldı verilən qərara, AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə əlaqəsi yoxdur. Bu, öz suverenliyi və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir.
Və təbii ki rəsmi Bakı səssiz qalmadı. Azərbaycanın təşkilata etirazı nümayəndə heyətimizin qurumda fəaliyyətinin qeyri-müəyyən müddətə dayandırması ilə nəticələndi. Prinsip etibarilə, bu gün Azərbaycanın AŞPA-ya ehtiyacı yoxdur. Məsələ ondadır ki, rəsmi Bakı vaxtilə Qarabağ probleminin həllinə görə AŞPA-ya üzv olmuşdu. Artıq bu problem həll olunub. Yəni  Azərbaycanın bu gün AŞPA-da olmasında heç bir zərurət yoxdur".


Siyasi ekspert Aydın Quliyev  qeyd edir ki, AŞPA-nın Azərbaycan əleyhinə qərar çıxarması bir daha təsdiqlədi ki, Fransa və Almaniyadan olan müəyyən dairələr Avropa Parlamentini,  Avropa Şurasının Parlament Assambleyasını və digər Avropa tribunalarını anti-Azərbaycan platformasına çevirirlər, çevirmək üçün düşən hər bir fürsətdən istifadə etməyə çalışırlar və hər dəfə də bunun  guya Azərbaycanda insan haqları, demokratiya və seçki ilə əlaqədar olduğunu iddia edərək inandırmağa çalışırlar:
"Əslində isə bəlli qərəzli alman-fransız dairələrinin gətirdikləri bu arqumentin demokratiya və seçkilərinin heç bir bağlılığı yoxdur. Bu onun nəticəsidir ki, qərəzli fransız və alman dairələri əslində qondarma və heç bir əsası olmayan saxta erməni məsələsi deyilən bir məsələni uyduraraq onu Azərbaycana qarşı növbəti təzyiq alətinə çevirməyə cəhd göstərirlər. 
Yada salmaq istəyirəm ki, 2023-cü  ilin oktyabr ayının 23-də  Avropa Şurası Parlament Assambleyası Azərbaycanla bağlı bir qətnamə qəbul etmişdir və həmin qətnamədə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini az qala cinayət kimi qiymətləndirir, 2023-cü ilin sentyabrında ermənilərin mütəşəkkil qaydada məhz özlərinin təşkilatçılığı ilə Azərbaycanın ərazilərindən çıxıb getməsini, guya ermənilərə qarşı törədilmiş hərbi əməliyyatların nəticəsi kimi qiymətləndirməyə çalışır və eyni zamanda bir hədə- qorxu da gəlirdilər ki, əgər  Azərbaycan ermənilərin hüquqlarını bərpa etməsə, Avropa Şurasının Parlament Assambleyasının ilk sessiyasında da  Azərbaycan nümayəndə heyətinin mandatına baxılsın. Təkcə bu faktın özü sübut edir ki, Avropa Şurası Parlament Assambleyasındakı məlum fransız-alman tör-töküntülərinin  birliyi məhz qondarma erməni məsələsinə görə  Azərbaycana qarşı belə bir qətnamə qəbul etməyi hələ öncədən planlaşdırmışdılar. Bu, Azərbaycanda prezident seçkilərinin təyin olunmadığı dövrdə artıq verilmiş bir qərar idi. Ona görə də bu günlərdə Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılması ilə bağlı ortaya qoyulmuş qərarın guya 7 fevral seçkiləri ilə bağlı ölkədə hansısa siyasi hüquqlarla bağlı olduğu ilə əlaqədar həmin iddiaların heç bir əsasının olmadığını göstərir və tamamilə bəllidir ki, fransız-alman dairələri məhz Azərbaycandan ölkəmizin öz suverenliyini bərpa etməsinin qisasını alırlar. Ona görə ki, artıq deyildiyi kimi, Azərbaycanla bağlı bu günlərdə qəbul olunmuş AŞPA-dakı həmin qətnamə öz kökü etibarilə 2023-cü ilin sentyabr hadisələrinə gedib çıxır. Bu da o deməkdir ki, AŞPA-dakı alman-fransız dairələri Azərbaycanın ərazi bütövlüyü və suverenliyini həzm eləyə bilmirlər və bu suverenliyin bərpa olunmasının arxasında Azərbaycanın cəhdlərini guya ölkədə insan haqlarının, demokratiyanın və siyasi proseslərin pozulması kimi qələmə verməyə çalışırlar. Əslində AŞPA-da qəbul olunan qətnamənin Azərbaycandakı seçki və siyasi məsələlərlə heç bir əlaqəsi yoxdur. Bu alman-fransız dairələrinin məhz Azərbaycanın öz suverenliyini bərpa etməsinə görə qondarma erməni məsələsi adı altında Azərbaycandan qisas almaq cəhdidir". 


Politoloq Samir Hümbətovun sözlərinə görə, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin səsinin dondurulması özü -özlüyündə Avropa Şurası qərarlarına zidd bir addım kimi dəyərləndirilə bilər: "Yəni bu cür absurdluq bəlkə də Avropa Şurası tarixində heç yaşanmamışdır. Artıq bunu Azərbaycana qarşı tətbiq etməyə çalışırlar. Bizə məlumdur, bunu niyə eləyirlər.  Arxasında hansı səbəblər dayanır və məqsəd nədən ibarətdir. 
Biz 2001-ci ilin yanvarın 25-də Avropa Şurasının üzvü olandan günümüzə qədər Avropa Şurasının Azərbaycanla bağlı hansısa bir müsbət qərar qəbul edib, onu icra etdiyini görmədik. Ancaq bizə qarşı təhdidlər, təzyiqlər, müxtəlif sanksiyalar və s. ilə bu günə gəlib çıxmışıq. Hesab edirəm ki, biz onlardan əgər hər hansı bir pozitiv, müsbət enerji ala bilmiriksə, hər halda bunun arxasında duran məkrli plan var. Mən başa düşürəm, erməni lobbisinin təsiri altındadırlar. Mən başa düşürəm ki, dini görüşləri, baxışları fərqli ola bilir. Amma əgər sən özünün qurumunda belə bir dövləti görmək istəyirsənsə, bir müsəlman dövlətini, bir türk dövlətini görmək istəyirsənsə, o zaman sənin borcun öz prinsiplərinə, özünün qəbul etdiyin prinsiplərə əməl etməyindi. Avropa Şurası bunu eləmir, çünki Avropa Şurasına bu sərf eləmir. Onu etsə, artıq ora seçilən deputatlar ki, onların erməni lobbisi və digər güc mərkəzlərinin qarşısında götürdüyü öhdəlikdən çəkilməsi deməkdir. Bu da əlbəttə ki, onun karyerasını da sonuna çıxara bilər. O baxımdan düşünürəm ki, verilən qərarlar sırf siyasi xarakter daşıyır, Azərbaycanın İkinci Qarabağ savaşının qələbəsini həzm edə bilməməkdən qaynaqlanır. Yəni onu qəbul edə bilmirlər və eyni zamanda Azərbaycanın, belə deyək, son xüsusən də 3-4 ildə yürütdüyü çoxşaxəli müstəqil xarici siyasət strategiyasını qəbul edə bilməmələrindən irəli gələn amil kimi dəyərləndirilə bilər".


Siyasi şərhçi Azər Həsrət isə bildirir ki, Avropa Şurasının Azərbaycana qarşı belə davranışı əlbəttə ki, məqbul deyil və Azərbaycan dövlətinin bu addıma cavabı mütləq olacaq: 
"Avropa Şurası Parlament Assambleyası bizim səsimizi kəsəcək yer deyil. Ümumiyyətlə, Azərbaycan ora könüllü qoşulub, yəni öz istəyi ilə və könüllü şəkildə də oradan ayrıla bilər. Heç kim də bizə nəsə bir öhdəlik yükləyə bilməz. O baxımdan mən düşünürəm ki, bu səsvermə hüququ ilə bağlı qaldırılan məsələ sadəcə olaraq könül bulandırmaq, Azərbaycanı sıxışdırmaq üçündür. 
Yeri gəlmişkən, onu da deyək ki, almaniyalı deputat Frank Şvabenin bu məsələni qaldırması da xüsusi diqqət cəlb etməlidir. Çünki Frank Şvabe uzun müddətdir ki, ermənilərin təbliğat maşınının bir aləti kimi istifadə olunur və mən əminəm ki, onu bu addımı atmağa sövq edən də ermənilərin arxasında durduğu Fransa mərkəzli dairələrdir. Bilirsiniz ki, Fransa Azərbaycanın üzərinə gəldikcə gəldi və hər dəfə də burnu ovularaq geri oturmağa məcbur oldu. İndi görünür, onlar özləri bir şey edə bilmədiklərinin fərqindədirlər və Frank Şvabini bu məsələyə cəlb etməklə bir növ Almaniyanın da məsələnin üzərinə getdiyinin görüntüsü yaratmağa çalışırlar. Amma bütün bunlar Azərbaycanı ciddi şəkildə narahat etmir. Dediyim kimi, Azərbaycan öz müstəqil siyasətindən və mövqeyindən heç nəyin və heç kimin xatirinə əl çəkən deyil".

Röyalə Xəyal

P.S.Qeyd edək ki, Azərbaycan AŞPA ilə əməkdaşlığı və təşkilatdakı iştirakını qeyri-müəyyən müddətə dayandırıb."AŞPA-dan bəzi üzv dövlətləri hədəfə almaq üçün platforma kimi istifadə olunur. Müəyyən qərəzli qruplar AŞPA-nın əsas prinsiplərindən öz dar maraqlarının təmini məqsədilə sui-istifadə edirlər." Bu fikirlər Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin bəyanatında yer alıb.Bildirilib ki, AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm hökm sürən praktikaya çevrilib.

Qeyd edilib ki, qurumda mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31