Azərbaycanın gündəliyi hazırda sülh gündəliyidir - Oqtay Qasımov - ÖZƏL
23 Yanvar 2024 16:16 Siyasət"Azərbaycanın 44 günlük müharibə və 1 günlük antiterror əməliyyatları nəticəsində ərazilərini işğaldan azad etməsi və bütün ərazilərdə suverenliyinin tam şəkildə təmin olunması əlbəttə ki, bir çox beynəlxalq güclər tərəfindən qəbul edilmir, bu reallıqlarla barışmaq istəmirlər".
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Heç təsadüfi deyil ki, bir çox Qərb ölkələrinin, xüsusilə də Amerikanın, Fransanın və digər ölkələrin səfirləri bu günə qədər də azad olunmuş ərazilərə, xüsusilə də Şuşaya səfər etməkdən imtina ediblər. Hansı ki, bu heç də təsadüfi sayılmır, bu onların niyyətlərinin göstəricisidir. O ki, qaldı Avropa Şurasının məlum mövqeyiylə biz əslində, bunu gözləyirdik. Avropa Şurası 30 ildən bəri bu işğal proseslərinə heç də adekvat reaksiya göstərməyib. Ermənistanı qınayan hansısa mövqe nümayiş etdirməyib, işğal prosesinin dayandırılmasını tələb etməyib. Amma biz gördük ki, antiterror əməliyyatlarından sonra Avropa Şurası Azərbaycandan müəyyən tələblər etdi ki, bu Qarabağdan getmiş ermənilərin məsələləri ilə bağlı olan əsas mövzudur. Əlbəttə ki, Avropa Şurasının Azərbaycana olan münasibətini, ikili standartların bir təzahürü kimi qəbul edə bilərik. Belə prosesin baş verəcəyi də əvvəlcədən proqnozlaşdırılırdı, çünki, Avropa qurumları üzərində Fransanın təsirlərini nəzərə alsaq, xüsusilə də son 1 ildə Azərbaycana münasibətdə Avropanın iki aparıcı ölkəsi olan Almaniyanın da Fransaya qoşulması bu prosesdə niyyətlərin nə olduğunu göstərməkdədir. Bütün bunlara baxmayaraq Azərbaycan okyabr ayında da Avropa Şurasının iddialarını qəbul etmədi. Hal-hazırda da Azərbaycan nümayəndə heyətinin mandatının dondurulması ilə bağlı təşəbbüslər də məhz bu təzyiq mexanizmləri kimi dəyərləndirilməlidir. Amma bütün bunlar vəziyyəti və reallığı dəyişmək üçün yetərli deyil. Çünki, Azərbaycan öz suverenliyini tam şəkildə bərpa edib, ərazilər işğaldan azad olunub. Azərbaycanın gündəliyi hazırda sülh gündəliyidir. Amma məhz beynəlxalq güclər xüsusilə də kollektiv Qərb, Fransa, Amerika, digərləri və Avropa quruluşları görünən odur ki, sözdə sülhdən danışsalar da faktiki olaraq onların fəaliyyətləri və mövqeləri bölgədə sülhün yaranmasına ən ciddi əngəli təşkil etməkdədir. Bu baxımdan biz buna heç də təəccüblənmirik. Belə davranışlar burdan sonra da davam edəcək. Bütün bunların hamısının kökündə dayanan Azərbaycanın artan nüfusu və onun geosiyasi əhəmiyyətinin artmasını qəbul etməyən güclərin bu təzyiq mexanizmləri kimi dəyərləndirilməlidir. Bütün bunlar təbii ki, bir müddət davam edəcək və Azərbaycan da öz yolu ilə davam edərək, öz maraqlarına uyğun siyasəti həyata keçirəcək".