Əks halda əzilən yenə Ermənistan olacaq-Yusif Bağırzadə- ÖZƏL

"Fransa Xarici İşlər Naziri Stefan Sejurnenin diplomatik korpus nümayəndələrinə ünvanladığı Fransanın Ermənistan daim dəstək verəcəyi ilə bağlı bəyanatına bundan iki gün əvvəl Emanuel Makronun Silahlı qüvvələrə ünvanladığı çağırışın davamı kimi baxmaq lazımdır". 

Bu fikirləri politoloq Yusif Bağırzadə Olaylar.az-a  açıqlamasında bildirib:

"Makron da Silahlı qüvvələrə müraciətində "Bizim mövqeyimizi gücləndirən və tarixi qərarlar verən Ermənistana münasibətdə üzərimizə düşən öhdəlikləri yerinə yetirməyə hazır olmalıyıq" mesajı vermişdi. 
Həm Makronun, həm də Sejurnenin bəyanatları özündə Ermənistana dəstəklə yanaşı, həm də Azərbaycan əleyhinə fəaliyyəti ehtiva edir. Əslində Fransadan başqa nəsə gözləmək özü sadəlövlük olardı. Fransanın Ermənistana dəstəyi həmişə olub. Azərbaycanın ikinci Qarabağ savaşndakı qələbəsindən sonra isə bu dəstək daha da artıb. Bu üç il ərzində biz Fransanın Ermənistana dəstək məqsədilə dəfələrlə BMT Təhlükəsizlik Şurasının iclasını çağırdığını və anti Azərbaycan yönümlü Qətnamələrin qəbuluna cəhd göstərdiyinin, Avropa İttifaqında yenə də Azərbaycan əleyhinə qərarlar qəbul etdirmək istəməsinin şahidi olmuşuq.
Lakin müvafiq qurumlarda fiaskoyla üzləşən Makron hakimiyyəti sakit durmaq əvəzinə Ermənistanın silahlandırılmala və senatda müxtəlif Qətnamə və Bəyanatlar qəbul etdirməklə Ermənistana dəstəyini davam etdirib. Yəni başqa sözlə desək Stefan Sejurnenin bəyanatı ilk deyil və təəssüf ki, bu gedişlə son da olmayacaq. Burada təəccüblü heç nə yoxdur. Tay-tayını tapar deyərlər. Əsrlərdən bəri günahsız insanların ölümünə bais olan müstəmləkəçi fransızlarla işğalçı ermənilər də bir-birini tapıblar deyə bilərik.
İkinci bir tərəfdən isə Fransanın mövqeyi bu ölkədəki erməni diasporu, eləcə də onun Qərbi Afrikadan sıxışdırılıb çıxarılmasından sonra Cənubi Qafqazdakı hazırkı maraqları ilə ayrılmaz şəkildə bağlıdır. Fransa Rusiyanı regional güc kimi sıxışdırıb çıxarmaq və bölgəyə nəzarət əldə etmək imkanını nəzərdən keçirir. Ona görə də bütün addımlara əl atır. 
Amma Fransanın bu cür fəaliyyətlə nəyəsə nail olması mümkün deyil. Fransanın bölgəmizlə bağlı destruktiv mövqeyi məğlubiyyətə məhkumdur. Bunu Ermənistanın da başa düşməsi lazımdır. Əks halda əzilən yenə Ermənistan olacaq. Makron hakimiyyətinin isə quru bəyanatlar verməkdən başqa yolu qalmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31