İşğaldan azad edilmiş 8 şəhərin Baş Planı hazırlanıb- ÖZƏL

"Torpaqlarımızın azad edilməsindən sonra bu ərazilərdə dağıdılan infrastrukturun, şəhər və kəndlərin bərpası, keçmiş məcburi köçkünlərin doğma yerlərinə qaytarılması dövlət siyasətimizin prioritetlərindən birinə çevrilmişdir. İşğaldan azad edilmiş ərazilərimizdə böyük bərpa-quruculuq işləri aparılır və müasir standartlara uyğun infrastruktur layihələri həyata keçirilir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Emin Hacıyevin sözlərinə görə, bu günədək ümumilikdə işğaldan azad edilmiş 8 şəhərin Baş Planı hazırlanmışdır: "İşğaldan azad edilmiş ərazilərin bərpa-quruculuq işlərində dost xarici dövlətlər də yaxından iştirak edirlər. Füzuli şəhərində Özbəkistan Respublikası tərəfindən məktəb inşa edilərək istifadəyə verilmiş, Qazaxıstan Respublikası tərəfindən inşa edilən uşaq musiqi məktəbinin tikintisi isə yekunlaşmaq üzrədir. Həmçinin Macarıstan şirkəti tərəfindən Cəbrayıl rayonunun Soltanlı kəndinin, Slovakiya şirkəti tərəfindən isə Ağdam rayonunun Qərvənd kəndinin layihələndirilmə işləri sürətlə aparılmaqdadır. 2022-ci ilin 19 iyul tarixindən bugünədək 2 şəhərə və 3 kəndə ümumilikdə 1134 ailə olmaqla 4516 nəfər keçmiş məcburi köçkünün qayıdışı baş tutub. Cənab Prezidentin təşəbbüsü və diqqəti nəticəsində 30 ilə yaxındır doğma torpaqlarından didərgin düşmüş köçkünlərimiz ən son texnoloji yeniliklərə uyğun bərpa və təmir olunmuş mənzillərinə, evlərinə, torpaqlarına - doğma yurdlarına geri qayıdırlar. Bu gün Qarabağ uzun illərlə davam edən işğaldan sonra sürətlə abadlaşır və dirçəlir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət siyasəti və bərpa-quruculuq işləri nəticəsində Qarabağ tezliklə dünyanın ən gözəl guşələrindən birinə çevriləcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31