Yaxın Şərq gərginlik içində: İran ətrafında həlqələr daralır
19 Yanvar 2024 10:27 SiyasətDünyada baş verən siyasi proseslərin iqtisadi zəmin üzərində qurulmasına baxmayaraq müharibələr, toqquşmalardan yan keçmək mümkün olmayıb. Son günlər isə Yaxın Şərqdə intensivləşən proseslər bu zonanın "barıt çəlləyi"nə çevrildiyini deməyə əsas verir. Məsələ ondan ibarətdir ki, Yaxın Şərqdə münaqişə arealının genişlənməsi, heç də təsadüfi xarakter daşımır. Sirr deyil ki, bu böyük geosiyasi hədəflərlə yanaşı, qısa və ortamüddətli taktiki addımlara da xidmət edir. Elə yanvarın 16-da İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Ceyş əl-Ədl" qruplaşmasının Pakistandakı bazasına ballistik raket və pilotsuz uçuş aparatları ilə zərbə endirməsi də bölgədə qurulan oyunun tərkib hissəsidir. Baxmayaraq ki, dövlətlər yaranmış qarışıqlıqda öz məqsədləri üçün istifadə etməyə çalışır, ancaq proseslərin gedişi deməyə əsas verir ki, bölgədə baş verən proseslərdə beynəlxalq güc mərkəzlərinin barmağı görünür. Məlumat üçün qeyd edək ki, SEPAH-ın hücumu nəticəsində 2 uşaq həlak olub, daha 3-ü isə yaralanıb. Endirilən zərbələrindən sonra Pakistan İrana nota verib. Pakistan daha sonra İrandakı səfirini geri çağırıb. İranın hücumlarını cavabsız qoymayan Pakistan yanvarın 18-i Hərbi Hava Qüvvələri ilə İran ərazisinə raket zərbələri endirib. Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, Pakistan ordusu səhər saatlarında "Mər Bər Sərmaçar" adlı antiterror əməliyyatı keçirib. Əməliyyat çərçivəsində İranın Sistan və Bəlucistan əyalətində yerləşən terrorçu sığınacaqlarına zərbələr endirilib. İran isə ölkənin sərhədyanı yaşayış məntəqələrinin atəşə tutulması ilə bağlı Pakistandan dərhal izahat verilməsini istəyib.
Yeri gəlmişkən qeyd edək ki, İran Yaxın Şərqdə nəzarətində olan Hizbullah, HƏMAS, husilər və digər qüvvələrdən istifadə etməklə İsrailə ciddi müqavimət göstərirdi. Bu da mürəkkəb vəziyyəti daha da çətinləşdirirdi. Belə olan halda vəziyyətdən çıxış yolu kimi, İsrail və onun müttəfiqləri diqqəti İsrail-HƏMAS münaqişəsindən yayındırıb arxa plana keçirmək üçün münaqişənin arealını genişləndirməyə qərar verdilər. Məhz sözügedən qərarın nəticəsidir ki, İrana qarşı beynəlxalq koalisiya yaradılması məsələsi gündəmə gəlib. Artıq həmin qüvvələrin İrana qarşı birgə səyləri qaçılmazdır. Görüntü ondan ibarətdir ki, İsrail və Qərb İranın həm Yaxın Şərqdəki mövqeyini zəiflətmək, həm də diqqətini proseslərdən yayındırmaq və böyük təxribata cəlb etmək üçün ən müxtəlif addımlara əl atır. Məsələn, İran İnqilab Keşikçiləri Korpusunun Suriyadakı komandirlərindən olan və bölgədə Süleyman Qasıminin əvəzedicisi hesab edilən Razi Musəvinin Suriyada öldürülməsi, Süleyman Qasiminin ölümünün ildönümü günü İranın Kirman əyalətindəki terror aktı məhz bu prosesin tərkib hissəsi kimi qəbul edilə bilər. ABŞ dövlət katibi Entoni Blinkenin Yaxın Şərq turundan sonra İrana qarşı regional müqavimət daha da gərginləşdi.
Ekspertlər hesab edirlər ki, İran hazırda beynəlxalq münasibətlər sistemində dağıdıcı mövqedə dayanıb. Təbii ki, İran tərəfindən sərgilənən belə münasibət onun dünya dövlətləri ilə münasibətinin pozulmasına təsirsiz ötüşmətib. Bu gün də İran Yəməndəki husilər və Livandakı Hizbullah vasitəsi ilə qarışıqlıq yaratmağa davam edir. Yaxın Şərqdəki qarşıdurmada da HƏMAS-ı qızışdıran İrandır. İran Yaxın Şərqdəki gərginlik ocaqlarının sönməsünə imkan verməyən maraqlı tərəf qismində çıxış edir. Sözsüz ki, Pakistan-İran gərginliyinin artması yaxşı heç nə vəd etmir. Çünki hər iki dövlətin nüvə ehtiyatları var və hər ikisi bölgə üçün hərbi potensialına görə yüklənmiş ölkələrdir. Bel bir şəraitdə qarşılıqlı raket zərbələri bölgədə yeni münaqişə ocağının yaranması ilə nəticələnə bilər. Digər bir nüans isə baş verənlərin ölkəmizə təsiri ilə bağlıdır. Qeyd edək ki, İran Azərbycanla həmsərhəd ölkədir, Pakistan isə Azərbaycanın strateji müttəfiqi hesab olunur. Belə bir şəraitdə yeni hərbi münaqişə ocağının yaranması bölgəmiz üçün arzulanan deyil.
Alim