Ermənistan yenə də özgəsinə ümid edir...-Şəbnəm Həsənova- ÖZƏL

"Azərbaycanın qələbəsi dünya siyasətində qlobal miqyasda qüvvələr balansına böyük təsir göstərən əsaslı dəyişiklik oldu".

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a  açıqlamasında bildirdi:

"Şübhəsiz ki, dəyişikliklərə reaksiyalar müxtəlif olduğu qədər, ən əsası hər bir tərəfin öz maraqlarını təmin etmək istiqamətindədir. Belə mürəkkəb kombinasiyalar çoxluğunun yaratdığı bulanıq situasiyada Azərbaycanın ortaya qoyduğu vizyon olduqca aydındır. Bu vizyon bölgədə tarix boyu mövcud olan düşmənçilik ritorikasına son qoymağa xidmət edir. 
Qərbin isə öz maraqları var. Bu maraqların nə ritorikası, nə də əməlləri birmənalı, aydın olmamaqla yanaşı, ən əsası isə sülhə xidmət etmir. Regionda yaratdığımız reallığı Qərb bloku öz maraqları prizmasından dəyərləndirir. Belə ki, uzaqmənzilli hədəfdə dayanan müxtəlif bölgələrdə NATO-nun genişlənməsinə yaxın zamanda bizim bölgəyə 1500 paturulun gətirilməsini də daxil edirlər. 
İkinci dünya müharibəsinin bitməsindən sonra ilk dəfə olaraq 90-cı illərin sonlarının ən mühüm hadisələri kimi Rusiyanın siyasi təsir zonasına daxil olan bölgədə NATO-nun Avropanın cənub hissəsində tarixən Rusiyanın əsas müttəfiqi olan keçmiş Yuqoslaviyadakı hərbi əməliyyatlar, sonra Ukrayna idisə, indi də Qərbin siyasəti qlobal güc mərkəzi kimi Cənubi Qafqazda da daha da möhkəmlənməsini və dünyada baş verən dəyişikliklərin, siyasi fəaliyyətinin ardıcıl olaraq Şərqə doğru daha əsaslı genişlənməsini ifadə edir. Beləliklə, dünya siyasi arenasında strateji təşəbbüsün Amerika Birləşmiş Ştatları başda olmaqla Qərbə məxsus olduğu qlobal güc balansının yenidən bölüşdürülməsinə gedilir. ABŞ yeganə fövqəldövlət kimi dünya siyasətindəki aparıcı rolunu strateji perspektivdə möhkəmləndirmək iddiasındadır. Bunu Cənubi Qafqazda reallaşdırmaq üçün Ermənistanın Rusiyadan qopardılması düyməsinə basılıb. Ermənistan isə öz tərəfindən bununla da ümid edir ki, Avropa Birliyi müşahidəçiləri gəlsə üzərinə götürmüş olduğu öhdəliklərdən yayınmaq daha da asan olacaq. Üçtərəfli bəyanatda açılacaq kommunikasiyalara nəzarət Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə həvalə olunacağı üçün Aİ bu işdə vaxt itirmədən, həm də cəld davranmaq niyyətindədir. Ermənistanın sərhədlərini də bu qurum qoruduğundan anti-Rusiya siyasətinə görə bir növ bu qurumdan çəkinmə də var. Bu baxımdan Ermənistan təhlükəsizlik təminatını da digər cəbhəyə həvalə etmək istəyir. Hər bir halda Ermənistan yenə də özgəsinə ümid edir. 1500 patrulun tərkibində keçmiş kəşfiyyatçıların da olduğunu nəzərə alsaq onların fəaliyyəti həm də tədqiqatçı xarakter daşıyacaq. Ermənistanı Rusiyadan qoparmaqla rəqibin sütunlarını bölgədə iflasa uğratmaq əsas hədəfdir. Qərb Cənubi Qafqaza yaxın buraxılmır, kommunikasiyalar da Rusiyaya həvalə olunsa, Qərb tamamilə bölgədə zəifləyir. Ona görə də sülh istəmir, çünki sülh bir tərəf üçün normallaşma, digər tərəf üçün gərginləşmə anlamına gəlir. Aİ noyabr bəyanatını yerinə yetirməmək, Rusiyanın vasitəçiliyinə zərbə vurmaq, onun təminatını sındırmaq, Ermənistanın isə öhdəliklərindən boyun qaçırmasının arxasında dayanmaq istəyir. Onu da unutmayaq ki, Naxçıvanla əlaqənin bərpası, Zəngəzur dəhlizi, Orta dəhliz geniş planda Rusiya və Çinin maraqlarının təmin olunmasıdır ki, indi atılan addımlar gələcəkdə bunun qarşısının alınmasına yönəlib. Qərb isteblişmenti Cənubi Qafqaz regionuna, ilk növbədə Azərbaycana Avropa ilə Asiyanı birləşdirən mühüm dəhliz, Xəzər neftinin və qazının nəqli üçün əsas marşrutlardan biri kimi baxır. Bizə və regiona müdaxilə birbaşa alınmadığından bu, vasitəli şəkildə edilir. Qərbin bizə münasibətinə gəldikdə isə etibarlılıq və obyektivlik prinsiplərini hər zaman pozub. Fransa, onun təzyiqi vasitəsilə regiona müdaxilə, Azərbaycana qarşı sanksiyalar Qərb siyasi kluarlarında bişmiş məsələdir. Azərbaycanı pisləyən və  ermənilərin Qarabağa qayıtmaq hüququnu tələb  edən qətnamə də buna xidmət edir. Hər dəfə bu kəslərə xatırlatmaq lazımdır ki, Azərbaycan ermənilərə dəfələrlə müraciət etdi və bildirdi ki, qala bilərlər. Lakin onlara tərk etmələri göstərişi verildi və zamanında aydın gördük ki, həmin məsələ bu günə və sabaha hesablanmış məsələ idi. Fransanın istifadə etdiyi ritorika havada qaldığı kimi qəbul etdiyi kağız parçaları da masa üzərindən tətbiq perioduna keçə bilməyəcək.
Ərəb baharı hadisələri, Suriyadakı vətəndaş müharibəsi, Ukrayna böhranı, terror təhlükəsinin artması, bütün bunlar bu cəbhənin varlığı ilə ölkələrin sabitlik və firavanlıqdan uzaq olduğunu açıq şəkildə nümayiş etdirir.  
İqtisadi qarşılıqlı fəaliyyətə yönəldilən layihələr regionun inkişafı üçün əsas maneə olan ölkələr arasında münasibətlərdə uzunmüddətli və dərin köklü siyasi xətalara cavab vermir.
Cənab Prezident İlham Əliyevin vizyonu aydın, təklif etdiyi prinsiplər isə homojen, qeyri-sabit və parçalanmış olmamaqla yanaşı, ən əsası ədalətli və sülhə xidmət edir. Qərb sülhdə maraqlıdırsa, öz maraqlarını təmin etməkdən ötrü uzunmüddətli hədəflər əvəzinə, qısamüddətli praqmatik antiböhran həlləri tapmalıdır, özü də sadəcə Cənubi Qafqazda deyil. Region ölkələri ilə Aİ-nin münasibətlərinin inkişafı tendensiyası Rusiya ilə Aİ, bütövlükdə Qərb bloku arasında artan qarşılıqlı inamsızlıq, sərtlik şəraitində baş verir. Düşünürəm ki, Azərbaycan ortaya qoyduğu mövqe ilə bunu tənzimləməyi bacarır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31