Guya bu 1500 patrul nə işə baxacaq?...-Kazım Kazımov- ÖZƏL

"Təbii ki, Qərbin bu addımının iki səbədi var".

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a  açıqlamasında bildirib:

"Birincisi, bunun beynəlxalq, ikincisi isə lokal səbəbləri mövcuddur. Bizi ən çox maraqlandıran bunun lokal tərəfidir. Belə ki, Qərb hər zaman Azərbaycan və Ermənistan arasında sülh prosesinin davam etməsində maraqlı olmuşdur. Çünki, təxminən 30 il bu işin sülh yoluyla həll olunmasına cəhd göstərmişik. 30 ildə ATƏM-in, ATƏT-in və digər Avropa İttifaqı daxilində və xaricindəki Qərb dairələri uzun illər vasitəçilik ediblər. Onlar dəfələrlə Ermənistanın işğalçı olduğunu vurğulamaqlarına rəğmən Ermənistana qarşı heç bir tədbir görməmişlər. Məsələn, fərqli ölkələr Ermənistanın işğalçılıq cəhətdən yanına bir addım atdıqda onlara qarşı çox sərt sanksiyalar, dünyadan təcrid edildiklərini görmüşük. Ermənistanla Qərbin münasibəti isə tamamilə başqa cür olmuşdur. Nəinki təcrid, bütün Qarabağın işğalda olduğu illərdə Qərb hər zaman Ermənistanın Moskvaya yaxın olduğunu bildikləri halda onu özü ilə müttəfiqliyə cəlb etməyə çalışmışdır. Ermənistana pul ayırmışdır, Ermənistanla bağlı demək olar ki, heç bir hüquqi sənəd qəbul edilməmişdir, hətta Ermənistana bir çox məsələlərdə göz yumulmuşdur. Belə olduğu təqdirdə Azərbaycan təbii ki, 30 illik prosesin sonunda başa düşdü ki, bu məsələlər artıq sülh yolu ilə həll ediləcək deyil. Ermənistan yeni iqtidara gəlməsinə rəğmən, əslində, Paşinyanın da Sarkisyan və Köçəryandan çox da fərqi olmadığını anlayan iqtisadi vəziyyəti, ordusunun vəziyyəti, beynəlxalq siyadətdəki gücü dəfələrlə artan Azərbaycan hərbi əməliyyat həyata keçirdi. Qarabağı  işğaldan azad etdi. Azərbaycan ordusunun bu parlaq qələbəsindən sonra Qərb ən azından artıq həll edilmiş məsələlərdə yenə ikiüzlü davranmağa başladı. Bildiyimiz kimi Strasburq görüşmələri oldu. Qərb istəsə idi Ermənistan üzərinə belə bir məsələ qoya bilərdi ki, artıq onsuz da işğal etdiyiniz torpaqlardan atılmısınız və Azərbaycan Ermənistanın işğalçılığəna son verdikdən sonra da Qarabağdakı erməni əhalisinə, erməni dövlətinə qarşı heç bir təzyiq göstərməmişdir. Belə olan təqdirdə ən azından Azərbaycanın şərtlərini indiki mərhələdə qəbul edin və sülh prosesini başa çatdırın. Ancaq Qərb necə ki, bu gün Ermənistan -İrəvan üzərində geostratejik gücü varsa, bunu Azərbaycana da diktə etməyə çalışır. Ancaq mən deyərdim ki, Qərb burada müvəffəqiyyətsiz olacaqdır. Çünki, birincisi Azərbaycanın iqtisadiyyatı, ordusu, beynəlxalq-siyasi gücü bundan daha zəif və torpaqları işğal altında olan dövrlərdə belə   Qərbin sözü ilə oturub-durmamışdır. Bu gün Azərbaycan dəfələrlə güclü olduğu, bütün işğal prosesini öz xeyrinə həll etdiyi halda necə ola bilər ki,   Qərbin dediklərinə boyun əysin? Guya bu 1500 patrul nə işə baxacaq? Ermənistan-Azərbaycan sərhəddinimi qoruyacaq? Burada qorunmalı olan sərhəd varsa bu tarixən bizim sərhədlərimiz olmuşdur. Çünki, ermənilərin açdıqları atəş nəticəsində hərbiçiləri işin içinə qatmadan deyə bilərik ki, nə qədər dinc azərbaycanlı insan həlak olmuşdur. Erməni ordusunun dəfələrlə Azərbaycan sərhədlərini qanunsuz olaraq pozduğunu isə çox yaxşı bilirik. Buna rəğmən Ermənistan tərəfdə yer alması əslində, Qərbin keçmiş işğalçıya yarayan addım atmasından xəbər verir. Ancaq bunun beynəlxalq tərəfləri də vardır. Belə ki, bu gün ABŞ və Avropa arasında müəyyən siyasi çatlar əmələ gəlməyə başlamışdır. Ermənistanın ən böyük havadarı Emmanuel Makronun bir sözünü qeyd etmək lazımdır. 2019-cu ildə demişdir ki, artıq NATO-nun beyin ölümü gerçəkləşib, ona görə də Avropa öz ordusunu qurmalıdır. Burada Qərb dairələri eyni zamanda, yarı hərbi, yarı siyasi addımlar ataraq NATO-dan, xüsusən, ABŞ-dən daha fərqli hərəkət etməyə çalışırlar. Burada da Livan, Şimali Afrika, Qafqaz, Ukrayna, Yaxın Şərq kimi ərazilərdə aktivləşməyə çalışırlar. Ancaq onlar səhv edirlər. Birincisi, Azərbaycan o strateji nöqtələrin heç biri ilə eyni nöqtədə deyil. Azərbaycan bu gün tamamilə bu prosesi bitiribdir. Qərbin özünü yeni dünyada həm siyasi, həm iqtisadi, həm də hərbi bir güc olaraq göstərmək üçün Ermənistanı şirin vədlərlə yanına çəkib belə addımlar atması ona heç nə gətirməyəcək. Tam əksinə, bu gün Qərbin Azərbaycandan asılılığı vardır. Əgər Azərbaycan qazı, ticarət yollarını kəsərsə, Qərb daha böyük ziyana uğrayacaq. Azərbaycan özünə ticarət partnyorları tapa bilər, ancaq Qərb bu gün o partnyorlardan demək olar ki, məhrumdur. Bu gün Afrikadakı siyasi inqilablara, Şərqi Avropada vəziyyətin getdikcə kritikləşdiyinə, Yaxın Şərqdəki hadisələrə baxdığımızda, Avropa və Amerika arasındakı istər Ukrayna, istər enerji məsələləribə, istər vergi məsələlərinə, bunların hamısına baxdığımızda bu gün daha çox təkləşən bir Avropanı görə bilirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31