Xalqımız bu seçkidə də siyasi iradəsini əks etdirəcək - Deputat

Prezident İlham Əliyev son 20 il ərzində Azərbaycan iqtisadiyyatını həm kəmiyyət, həm də keyfiyyət baxımından xeyli inkişaf etdirib. Böyüyən və inkişaf edən iqtisadiyyatımız keçən dövr ərzində ölkəmizin hər sahədə milli hədəflərinə nail olmasında əsas dəstəkverici qüvvə kimi çıxış edib.

Bunu Olaylar.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Komitə sədri Tahir Mirkişili deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin ən böyük hədəfi və nəticəsi bizim iqtisadi müstəqilliyimizə nail olmamızdır.

"Dünyada çox az ölkə var ki, iqtisadi cəhətdən müstəqildir. Əksər ölkələrin borcu onların ÜDM-nin həcmindən çoxdur. Bu asılılıq o ölkələrə öz milli maraqlarına uyğun siyasət həyat keçirmələrinə mane olur. Azərbaycanın hazırda xarici dövlət borcu ÜDM-nin 10%-i həcmində, strateji valyuta ehtiyatlarımızdan isə 10 dəfə azdır. Biz iqtisadi cəhətdən heç bir dövlətdən, beynəlxalq təşkilatdan asılı deyilik. Bu iqtisadi müstəqillik tarixin ən çətin anlarına, ölkəmizə olan təzyiqlərə baxmayaraq Azərbaycan dövlətinin milli maraqlara xidmət edən addımlar ata bilməsinə imkan yaradıb.

Məhz iqtisadi müstəqillik hesabına biz regionda hər kəsin "mümkünsüz" dediyi layihələri reallığa çevirmiş və siyasi-iqtisadi gücümüzü daha da artırmışıq.

Biz son 20 ildə Ümumi Daxili Məhsulumuz 4 dəfə, büdcə gəlirlərimiz 30 dəfə, xarici ticarət dövriyyəmiz 10 dəfədən çox artaraq inkişaf dinamikasına görə dünyada lider ölkə olub, regionda ən çox xarici investisiya və texnologiya cəlb edən ölkəyə çevrilmişik. Bu dövr ərzində iqtisadiyyata investisiyaların ümumi həcmi 300 milyard ABŞ dollarından çox olub və bundan 190 milyard dolları qeyri-neft sektoruna yatırılıb.

Cənab İlham Əliyevin apardığı strateji inkişaf siyasəti nəticəsində Azərbaycan ötən 20 ildə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub. Ötən dövrdə qeyri-neft-qaz iqtisadiyyatı 4 milyard dollardan 41 milyard dollaradək böyümüşdür. Şaxələnmə baxımından prioritet olan strateji sahələrdə əlavə dəyər qeyri-neft qaz sənayesində 4,7 dəfə, turizmdə 19 dəfəyədək, informasiya və rabitədə 23 dəfə, nəqliyyat sektorunda 5 dəfəyədək böyümüşdür.

İqtisadi potensialımızın reallaşması qarşısında olan bütün sədlər keçilib və ölkəmiz, regionumuz dünyaya açılıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, TANAP, TAP layihələri məhz Prezident İlham Əliyevin səyləri və fədakarlığı ilə reallaşıb. Vaxtilə regionda infrastruktur cəhətdən blokada şəraitində olan Azərbaycan indi Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi yeganə ölkədir", - deyə T.Mirkişili qeyd edib.

O bildirib ki, əldə edilən iqtisadi uğurların vətəndaşların sosial-rifahının gücləndirilməsinə yönəldilməsi bu dövrdə Prezident İlham Əliyevin siyasətinin əsas xətti olub.

"Cənab Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə sosialyönümlü xərclərin büdcəsi 20 dəfə, minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 16 dəfə, orta aylıq pensiya 14 dəfə artmışdır. Hazırda dövlət büdcəmizin xərclərinin 43%-i sosial yönümlü xərclərə aiddir", - deyə o qeyd edib.

Komitə sədri vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması xalqımızın tarixində ən parlaq səhifədir.

"Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz zəfər hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Uzun illər ərzində bütün resursların, o cümlədən iqtisadi resursların bir hədəfə yönəlməsi bizi bu zəfərə gətirib çıxarmışdır.

Hazırda işğaldan azad edilmiş ərazilərdə geniş bərpa-quruculuq işləri həyata keçirilir. Tarixdə heç bir ölkə təkbaşına bu həcmdə dağıntıları bərpa etməyib. Azərbaycan bu işləri məhz öz resursları hesabına, uzun illər toplanmış təcrübə, insan kapitalı və iqtisadi ehtiyatlar hesabına uğurla həyata keçirir. Bütün bunlarla paralel iqtisadi islahatlar genişlənir, iqtisadi qanunvericilik bazası təkmilləşir, yeni stimullaşdırıcı qanunlar qəbul edilir, ölkəmizin iqtisadi mövqeyi daha da güclənir.

Regionda separatizmin kökünün kəsilməsi ilə həm ölkəmiz, həm də region üçün mühüm iqtisadi imkanlar yaranmaqdadır. Tarixən Şərq və Qərb arasında mühüm körpü rolunu oynayan Azərbaycan üçün bu əlaqələrdən maksimum faydalanmaq üçün tarixi şans yaranmışdır. Azərbaycana, onun rəhbəri cənab İlham Əliyevə ona inam və etibar beynəlxalq aləmdə ölkəmiz üçün mühüm olan iqtisadi layihələrin uğurla həyata keçirilməsinə imkan yaradır. Dünyanın gələcəyi olan yaşıl iqtisadiyyata keçidlə bağlı Azərbaycanın atdığı addımlar, bütün Qarabağ və Şərqi Zəngəzur zonasının yaşıl enerji generasiya etməsi iqtisadiyyatımızın gələcəyə sürətlə hazırlaşmasının mühüm göstəricisidir.

Regionda və dünyada yaranan yeni reallıqlar ölkəmiz və xalqımız üçün də mühüm çağırışlar yaratmaqdadır. Yenidən bölünən dünyada Azərbaycanın layiqi yer tutması, regionda hər zaman söz sahibi olması, hər bir Azərbaycan vətəndaşının təhlükəsiz və layiqli yaşaması, iqtisadiyyatımızın dayanıqlı inkişaf etməsi üçün güclü dövlət və güclü liderə hər zaman ehtiyacımız olacaqdır. Siyasi sabitliyin hökm sürdüyü, xalqın inandığı və etibar etdiyi bir şəxsin dövlətə rəhbərlik etdiyi, dövlət rəhbərinin xarici partnyorlar arasında yüksək nüfuzunun olduğu bir Azərbaycan bu günümüz reallığı və gələcəkdə də görmək istədiyimiz bir Azərbaycandır. Bu reallığın qorunub saxlanması və daha da inkişaf etidirilməsi isə yalnız xalqımızın güclü lideri cənab İlham Əliyevin rəhbərliyi ilə mümkün olacaqdır. O, bunu öz işi, verdiyi sözlərə əməl etməsi ilə sübut edib. Mən əminəm ki, xalqımız bu seçkidə də öz siyasi iradəsini məhz öz sevimli və güclü rəhbəri cənab İlham Əliyevin xeyrinə reallaşdıracaqdır.

Bütün hər kəsi 07 fevral Prezident seçkilərində aktiv iştirak etməyə və öz səslərini cənab İlham Əliyevin xeyrinə istifadə etməyə çağırıram!", - deyə T.Mirkişili əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31