Fransa kağız parçalarının sayını çoxaltmağa cəhd edir-Xəyal Bəşirov- ÖZƏL
16 Yanvar 2024 22:36 Siyasət"Sabah Fransa növbəti dəfə antiazərbaycan addımını atmağa cəhd göstərəcək. Fransa Senatı Azərbaycanı pisləyəcək və eyni zamanda Qarabağda yaşayan ermənilərin hüquqlarının bərpası ilə bağlı bədnam bir qətnamənin qəbul edilməsinə çalışacaq".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov vurğulayıb:
"Təbii ki, bu bir ilk deyil. Belə addımları atmasından deyil, atmamasından təəccüblənirik. Bu yolda Fransa özünün antiazərbaycan mövqeyini, ermənipərəst siyasətini bir daha büruzə verir. 30 ilə yaxın müddət ərzində keçmiş münaqişənin həlli istiqamətində heç bir addım atmaması, əksinə münaqişənin dondurulması istiqamətində əlindən gələni edən Fransadan başqa heç nə gözləyə bilmərik. Yaxud 2-ci Qarabağ müharibəsində Azərbaycanın qələbəsini heç cürə həzm edə bilməyən, o qələbədən sonra Azərbaycanın siyasi və diplomatik müstəvidə erməni faşizminin yürütdüyü siyasəti darmadağın etməsini qəbullana bilməyən Fransanın belə addımlar atmasını normal hesab edirik. Çünki, bu gün Fransanın yürütdüyü siyasət haqqa, beynəlxalq hüquqa, dövlətlərarası münasibətlərə deyil, faşizmə, soyqırıma, təcavüzə, müstəmləkəçiliyə xidmət edən siyasətdir. Ən azından hazırkı Fransa iqtidarı bu siyasəti nümayiş etdirir. Diqqətinizə çatdırım ki, bu bir ilk deyil. Qeyd etdiyim kimi, bundan öncə də Fransa bu istiqamətdə addımlar atmış və 2-ci Qarabağ müharibəsindən dərhal sonra 2020-ci ilin dekabrında BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə qəbul edilməsinə cəhd göstərdi. Həmin o dönəmdən başlayaraq Fransa Azərbaycana qarşı beynəlxalq səviyyədə bütün platformalarda səlib yürüşlərinə start verib. BMT Təhlükəsizlik Şurasında 5-ə yaxın qətnamənin qəbul edilməsində uğursuz cəhdlər, humanitar təşkilat olan Frankofoniya təşkilatı vasitəsi ilə Azərbaycana qarşı qətnamənin qəbul edilməsi cəhdi, Avropa Parlamentində bir neçə dəfə Azərbaycana qarşı qətnamənin qəbul edilməsi ilə bağlı səylər ortaya qoyulması, Fransanın öz parlamentinin hər iki palatasında Azərbaycana qarşı qətnamənin qəbul edilməsi, Fransa paytaxtı da daxil olmaqla şəhər meriyalarının Azərbaycana qarşı qətnamələr qəbul etməsi. Bütün bunlar Fransanın antiazərbaycan siyasətindən xəbər verir. Biz haqlı, ədalətli mübarizənin tərəfdarıyıq. Fransanın apardığı bütün mübarizə haqsız, ədalətsiz, qərəzli və sülhün ziddinə olan mübarizədir. Bu gün artıq yüz illərdir ki, müstəmləkəçilik siyasətini davam etdirən, ayrı-ayrı xalqların müstəqillik imkanlarını boğan, ən təməl hüquq və azadlıqlarını tapdalayan Fransa dövləti bu gün Azərbaycana qarşı haqdan, ədalətdən, dırnaqarası sülhdən danışmağa cəhd edir. Özünün təxminən 13 regionunda, müstəmləkə halında saxladığı ərazilərdə ayrı-ayrı etnik qruplara mənsub olan xalqların ən təməl hüquqlarına, öz dillərində danışmaq, əlifbalarından istifadə etmək, siyasətlə məşğul olmaq və bir sıra təməl hüquqlarını yerindəcə boğan Fransa Qarabağda yaşayan bir neçə min erməni ilə bağlı Azərbaycana dərs keçməyə cəhd göstərir. Korsikada baş verən o proseslər, Qəmər adalarındakı Mayot adasında atdığı qanuna zidd addımlar, uzaq Yeni Kaledoniyada insanların hüquqlarının kobud şəkildə tapdalanması, onların səslərinin boğulması, təbii ki, Fransanın yürütdüyü siyasətin nəticəsidir. Bir sıra digər ərazilərdə baş verən proseslər onu xəbər verir ki, Fransa kimi bu siyasətin müəllifi olan dövlət, bu dövlətə rəhbərlik edən şəxslərin Azərbaycana qarşı attıqları addımlar yalnız və yalnız qərəzli ola bilər. Növbəti dəfə parlamentdə belə sənədin qəbul olunması təbii ki, Fransanın yeni oyunlarıdır. Hesab etmirəm ki, bu Azərbaycanın yürütdüyü siyasətə, atdığı addımlara, Azərbaycanın reallaşdırdığı yeni layihələrə, uğurlara və eyni zamanda bizim müəllifliyimizlə, dövlətimizin rəhbərliyi ilə həyata keçirilən proseslərə mənfi təsir göstərə bilər. Bu Azərbaycan xalqının dövlətinin ətrafında biraz da sıx birləşməsinə gətirib çıxaracaq. Fransanı ciddi narahat edən məqam Azərbaycan xalqının baş verən bütün proseslərə, o cümlədən də Fransa kimi dövlətlərin bütün səfərbərliklərinə rəğmən Azərbaycan dövlətinin ətrafında sıx birləşməsidir. Azərbaycan xalqı öz dövlətinə, dövlət rəhbərinin yürütdüyü siyasətə sədaqətini və dəstəyini nümayiş etdirir. Fransa dövlətini, rəhbərlik edən şəxsləri ən ciddi şəkildə narahat edən məqam məhz budur. Buna görə hesab edirəm ki, hətta o qətnamə qəbul edilsə belə, o qətnamənin Azərbaycana hər hansı bir təsiri olmayacaq. Kağız parçasından başqa bir şey olmayacaq. Gələcəkdə Azərbaycanın Ermənistana qarşı beynəlxalq hüquq platformalarında, beynəlxalq ədalət mühakiməsi platformalarında qaldıracağı böyük iddialarla bağlı ən ciddi şəkildə narahat olan tərəflərdən biri də məhz Fransadır. Çünki, proseslərdə Fransa Ermənistanla birgə iştirak edib. Fransanı gələcəkdə o proseslərin qarşısına əsaslı arqument qoymaq üçün kağız parçalarının sayını çoxaltmağa cəhd edirlər. Təbii ki, əgər kağız parçası bir önəm kəsb etmirsə, yaxud hansısa təsir mexanizminə malik deyilsə, o halda o kağız parçalarının kəmiyyətinin çoxalması hər hansı bir əhəmiyyət kəsb etmir"