Fransa Ermənistandakı revanşist qüvvələri həvəsləndirir - Elmir Səftərov - ÖZƏL

"Fransanın Azərbaycana qarşı qərəzli davranışı İkinci Qarabağ müharibəsindən sonra açıq xarakter almağa başladı. Tarixən erməni icması ilə sıx əlaqələrə malik olması da Parisin Azərbaycana qarşı ikili münasibətlərində öz əksini tapmaqdadır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov bildirib:

"Bundan əlavə, Ermənistan Rusiyanın münasibətlərin həllindəki fəaliyyətini sabotaj edir və Qərbin səylərini tərifləyir. Bütün bu amillərlə bərabər, Fransanın tarixi, mədəni, siyasi və şəxsi münasibətləri Ermənistanla birbaşa əlaqələrə təsir etdiyi üçün Parisin üzərində müəyyən öhdəliklər yaradır, istər dövlət başçısı, istərsə də hökumət və digər rəsmi şəxslər səviyyəsində özünü büruzə verir. 
Döyüş meydanında olduğu kimi, diplomatik müstəvidə də Azərbaycanın qələbəsini həzm edə bilməyən Fransanın Ermənistanı bütün sahələrdə Azərbaycan əleyhinə dəstəkləməsi artıq hər kəsə məlumdur. Bu ölkənin Senatının da oxşar siyasətlərini davam etdirmək məqsədilə müxtəlif vaxtlarda Azərbaycana qarşı qəbul etdiyi qətnamələr tamamilə həqiqətdən uzaqdır və müxtəlif məqsədlərə xidmət edir. 
Təxribat xarakteri daşıyan bu qətnamələr, eyni zamanda, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirməsi məqsədi güdür. Ölkəmiz üçün hər hansı hüquqi qüvvəyə malik olmayan bu qətnamə, sülh prosesini sabotaj etməklə Fransanın növbəti dəfə qərəzli və birtərəfli siyasi mövqeyini bariz şəkildə nümayiş etdirir.
Fransa parlamentinin yuxarı palatasının bu cür qətnamələri Azərbaycanın sülh quruculuğu ilə bağlı faktlarını ört-basdır etmək məqsədi daşıyır. Eyni zamanda, Parisin beynəlxalq hüquqi sənədlərə deyil, təkcə yanlış da olsa öz maraqlarına uyğun siyasət yürütdüyünü göstərir. Çünki Fransanın Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi olan Qarabağla bağlı separatçıların tezislərini gündəmə gətirməsi Parisin Azərbaycanın daxili işlərinə müdaxilə etdiyinin əyani sübutudur. Senatın bu cür qətnamələri, bu ölkəyə zirehli avtomobillərin göndərilməsi Ermənistandakı sülhə mane olan revanşist qüvvələri həvəsləndirir və sabitliyə xidmət etmir. Fransa başda olmaqla bəzi Qərb ölkələrinin əsas məqsədi regionda qarşıdurma yaratmaqla, sabitliyi, təhlükəsizliyi təhdid edən proseslərə zəmin hazırlamaqdır. Paris itirilmiş nüfuzunu Cənubi Qafqazda bərpa etmək üçün müxtəlif vasitələrdən istifadə edərək, ölkəmizə təzyiqlər edir. Bundan sonra da Fransanın oxşar ritorikasına uyğun davranışlarına hazır olmalıyıq".

Qeyd  edək ki,  Fransa  senatının yanvarın 17-də   Azərbaycanı  pisləyən və  ermənilərin  Qarabağa qayıtmaq  hüququnu  tələb  edən  qətnamə  qəbul  edəcəyi  haqqında məlumatlar. yayılıb. Xəbərə  görə qətnamədə  Azərbaycana  qarşı  sanksiyaların  tələbi  də  olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31