Fransanın xəyalları suya düşmüş oldu - Züriyə Qarayeva - ÖZƏL

"Fransa Senatının Azərbaycanı pisləyən və  ermənilərin Qarabağa qayıtmaq hüququnu tələb  edən qətnamə məsələsinin gündəmə gətirilməsi ölkəmizə qarşı qərəzin növbəti nümayişidir". 

Bu fikirləri politoloq Züriyə Qarayeva Olaylar.az-a açıqlamasında bildirib:

"Əslində, bu siyasət illərdir var. Sadəcə 30 il ərzində dırnaqarası vasitəçi statusu qazanaraq təcavüzkarlığa təkan vermək məqsədi daşıyırdılar. Lakin Azərbaycan bütün niyyətlərin qarşısını aldı, ordu imkanlarını və diplomatik gücünü ortaya qoyaraq ərazi bütövlüyünü təmin etdi. Bu istiqamətdə Ermənistanı dəstəkləyən Fransa da daxil olmaqla, güclər var idi ki, Azərbaycanın suverenliyini bərpa etməsi onların maraqlarına uyğun gəlmirdi. Bütün bu maraqlara əks olaraq Azərbaycan haqlarını, BMT nizamnaməsinin müddəalarını, özünü müdafiə hüququnu əsas tutaraq ərazi bütövlüyünü təmin etdi. Bundan sonra Fransa riyakər xislətini daha çox büruzə verməyə, qıcıqlandığını bariz göstərməyə başladı. Fransanın casus şəbəkəsinin Azərbaycanda ifşa olunması da bu siyasəin tərkib hissəsidir. Onlar hələ də müxtəlif vasitələrlə çirkin niyyətlərini həyata keçirməyə, prosesi sabotaj etməyə çalışırlar. 44 günlük Vətən müharibəsindən sonrakı dövrlərdə də Fransanın arzuları suya düşdü. Fransa müharibədən sonra Ermənistanı maksimum sülh müqaviləsindən yayındırmağa, dialoq şəraitinin yaranmasına mane olmağa çalışırdı. Buna baxmayaraq, Azərbaycan uğurlu sülhə məcburetmə diplomatiyası ilə Ermənistanı sülhə doğru irəliləməyə vadar etdi. Ermənistan artıq Azərbaycanın şərtlərinə boyun əyməkdən başqa yolunun olmadığını anlayır. Bu baxımdan, yenə də Fransanın xəyalları suya düşmüş oldu. Biz belə sabotajların hələ çox şahidi olacağıq. Fransa da daxil olmaqla, güclər var idi ki, suverenliyimizin bərpası onların maraqlarına uyğun gəlmirdi. İstənilən halda, Azərbaycan diplomatik sferada adekvat addımlar atır, Fransaya kifayət qədər reaksiya verir. Bu qətnamə də hüquqi qüvvə etibarı ilə əhəmiyyətsiz sənəd olsa da, Parisin riyakar niyyətini göstərməklə, Bakının alternativ siyasətini körükləyir. Düşünürəm ki, əvvəllər Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə fərqli reaksiya verib indi qəbullanan güclər siyahısına gələcəkdə Fransa da qoşulacaq".

Qeyd  edək ki,  Fransa  senatının yanvarın 17-də   Azərbaycanı  pisləyən və  ermənilərin  Qarabağa qayıtmaq  hüququnu  tələb  edən  qətnamə  qəbul  edəcəyi  haqqında məlumatlar. yayılıb. Xəbərə  görə qətnamədə  Azərbaycana  qarşı  sanksiyaların  tələbi  də  olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31