Razi Nurullayevin seçki platforması “sosial ədalət, sosial demokratiya” şüarına əsaslanır
16 Yanvar 2024 14:59 SiyasətMilli Cəbhə Partiyasının sədri, prezidentliyə namizəd Razi Nurullayevin seçki platforması "sosial ədalət, sosial demokratiya" şüarına əsaslanır. Bu barədə MCP sədrinin müavini Məhəmməd Əsədullazadə Olaylar"a bildirib: "Artıq bu istiqamətdə təşviqat-təbliğat işləri aparılır. Təşviqat kampaniyası mərhələsində televiziya və radiolar vasitəsilə çıxışlar baş tutacaq. Platforma ideologiya, təhsil və elm, xarici siyasət, iqtisadiyyat, dövlət-vətəndaş münasibətlərinin qarşılıqlı etimad mühitinin yaradılması, sosial siyasət sahəsində və s. fəaliyyət qərarlaşdırılıb. Əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində kapitalizmin ümumi prinsiplərindən imtina etməyə yönəlib.
Turizm, şəhərsalma və tikinti, dövlət maraqlarının təminatı sahəsində də planlar var. Xarici siyasətdə Azərbaycanın xarici ölkələrdən və beynəlxalq təşkilatlardan asılı düşməməsi, müqavimətin artırılmasl və balans siyasətinin həyata keçirilməsi, Cənubi Azərbaycandakı soydaşlarımızın milli oyanış və özünüdərkinə nail olunması, Qafqaz xalqları ilə həmrəylik nümayiş etdirilməsi istiqamətində də mövzular yer alıb.
Təhsil və elm sahəsində görüləcək işlər çox böyükdür. 7 il ərzində bütün kəndlərdə təhsil sisteminin alt yapısı sayılan bağçalar yaradılacaq. Fundamental problemlərin həlli yolları irəli sürülüb. Digər tərəfdən səhiyyə sistemi, tibbi sığorta sahəsəsində də çox ciddi problemlər var. Təbib və Səhiyyə Nazirliyin yalnız biri bu istiqamətdə fəaliyyət göstərməlidir".