Heç bir qüvvə Azərbaycanla hədə-qorxu dili ilə danışa bilməz- ÖZƏL
16 Yanvar 2024 11:32 Siyasət"Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli telekanallara müsahibəsində bir sıra mühüm mövzulara toxundu, ciddi mesajlar verdi. Bu mesajlardan çıxan nəticə budur ki, Azərbaycan dövləti öz doğru bildiyi yolda davam edəcək. Heç bir qüvvə onunla hədə-qorxu dili ilə danışa bilməz. Bu əminliyin səbəbi isə əlbəttə ki, haqlı olmağımızdır". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı Anar Məmmədovun sözlərinə görə, Azərbaycana təzyiq göstərmək, hətta onunla təhdid dilində danışmaq istəyənlərə ən tutarlı cavab elə budur:
"Haqlı olmasaydıq, torpaqlarımızın 30 illik işğalına son qoyub, ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa edə bilməzdik. Cənab İlham Əliyev Azərbaycanın xarici siyasət uğurlarından, enerji diplomatiyasından, dünyanın enerji xəritəsini dəyişən layihələrdən, hazırkı dövrün əsas çağırışlarından olan yaşıl enerjiyə keçiddən, yeni əməkdaşlıq formatlarının yaradılması təşəbbüslərindən, gücümüzün əsas mənbəyi olan haqlı mövqeyimizdən, dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərdən və digər məsələlərdən bəhs edərək bu siyasi həqiqəti təsdiqlədi ki, güclü lider və düşünülmüş siyasət olmadan istənilən, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. Cənab Prezident İlham Əliyevin dediyi kimi, 2003-cü il müstəqil tariximizin ən həlledici məqamı idi. Həmin məqamda Azərbaycan xalqı ən doğru seçimini edərək, ölkəmizdə Heydər Əliyev siyasi kursunu ləyaqətlə davam etdirə biləcək yeganə siyasi lideri, cənab İlham Əliyevi Ölkə Prezidenti seçdi. Məhz 20 il öncə edilmiş müdrik seçimin nəticəsidir ki, bu gün biz torpaqlarımızın işğaldan tam azad olunması ilə, Qarabağımızdan separatizmin, terrorizmin təmizlənməsi ilə səciyyələnən yeni reallıqları, tariximizin ən şərəfli mərhələsini yaşayırıq. Prezident İlham Əliyev müsahibə zamanı bu məqama toxunaraq aydın şəkildə bildirdi ki, gücümüzün əsas mənbəyi haqlı olmağımızdır və istənilən auditoriyada, istənilən tədbirdə öz haqlı olmağımızı sübut etmək üçün kifayət qədər əsaslarımız var".