Qarabağ və Zəngəzur bölgəsində sadəcə bu bölgədən olan insanlar deyil, hər bir Azərbaycan vətəndaşı yaşaya bilər - ÖZƏL

"Çox yaxın tariximizə dair maraqlı faktlar və mesajlarla zəngin bu müsahibəni diqqətlə dinlədikcə, bir sıra vacib məsələlərlə bağlı həm məlumatlar artır, həm də müəyyən ünvanlara dəqiq və aydın mesajların olduğunu görürük". 

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

"İlk öncə onu deyim ki, hələ Vətən müharibəsindən əvvəl, Dağlıq Qarabağ münaqişəsinin həlli yönümündə dünyanın rəsmi və qeyri-rəsmi vasitəçi dairələrinin oynadıqları oyunların mahiyyəti ilə bağlı bir daha maraqlı mesajlar eşitdik və əmin olduq ki, Azərbaycan 2020-ci ildə Qarabağ münaqişəsinin hərbi təzyiq yolu ilə, həm də ədalətli hərbi təzyiq yolu ilə həllinə əl atmaqla tamamilə doğru bir yol tutmuşdur. Çünki prezidentin çıxışından  bir daha əmin olduq ki, Minsk qrupunun fəaliyyət göstərdiyi 30 illik müddət ərzində dünya dairələri problemin həllini gecikdirmək və bu müddət ərzində Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinin həllini unuda bilən bir nəslin yetişməsinə ümid ediblər. Əlbəttə, bu olduqca acınacaqlı bir gerçək idi və prezidentin də məhz bu gerçəyi açıqlaması, nəyin bahasına olursa olsun, Qarabağ münaqişəsinin tam şəkildə həlli mövqeyində bərqərar tutduğunu bildirməsi olduqca önəmli faktdır. 

Bundan başqa, bu gün Ermənistanla sülh prosesi içində olan və bizim üçün maraqlı bir sıra məsələlərlə bağlı dövlətin dəqiq və konkret mövqeyini eşitdik. Bəlli oldu ki, Ermənistanın müxtəlif spekulyasiya cəhdlərinə baxmayaraq, Azərbaycan "Zəngəzur dəhlizi" anlayışı və fəlsəfəsi üzərində qəti dayanıb. Zəngəzur dəhlizinə Ermənistanın nə ad qoymağından asılı olmayaraq, Azərbaycan əldə olunmuş razılaşmalara uyğun, ölkəmizin Qərb bölgəsindən Naxçıvana qədər dəhliz məntiqi və fəlsəfəsi ilə yolun açılması mövqeyinə sadiqdir və Naxçıvana daşınacaq yüklərin Ermənistanın gömrük və sərhəd yoxlamalarından tam kənarda olmasının qəti bir mövqe olduğuna bir daha əmin olduq. Ermənistanın bununla razılaşıb razılaşmayacağı başqa məsələdir. Amma Ermənistana bir daha aydın mesaj verildi ki, əgər Zəngəzur dəhlizi bu şərtlərlə, yəni Naxçıvana gedən yüklərin gömrük və sərhəd yoxlamalarından keçirilməməsi şərti qəbul edilməsə, Ermənistan dalan vəziyyətində əbədi olaraq qalacaq. 

Bizim üçün çox maraqlı faktlardan biri anklavlarla bağlı Azərbaycanın mövqeyini bir daha ifadə edilməsidir. Çünki Ermənistan bu məsələnin də ətrafında çox spekulyasiyalar, manipulyasiyalar eləyir və Azərbaycan prezidenti anklavların tam şəkildə geri qaytarılması mövqeyini bir daha ifadə etdi ki, bu da anklavlarla bağlı Ermənistanda ortaya atılan müxtəlif layihələrin, yəni başabaş dəyişdirilmə, ərazi nöqteyi-nəzərdən dəyişdirilmə və s. kimi Ermənistanın mövqelərini tam şəkildə bir kənara tulladı. Eləcə də anklav kəndlərimizə sakinlərin köçürülməsi üsulları ilə bağlı prezidentin fikirləri də dəyərlidir. Çünki aydın ifadə olundu ki, bu kəndlərin işğaldan azad olunması və qaytarılması ilə paralel o kəndlərin yolları çəkilməli, insanların rahat yaşayışı təmin olunmalıdır. 

Bundan başqa, sərhədlərin delimitasiyası ilə bağlı biz dəyərli fikirlər eşitdik və bəlli oldu ki, prezident sərhədlərin delimitasiyasının hansısa bir xəritə əsasında aparılması mövqeyini qəti şəkildə qəbul etmir. Bu, bütün Azərbaycanın mövqeyinə uyğundur. Həqiqətən, sərhədlərin delimitasiyasının hansısa bir xəritənin əsasında aparılması Ermənistanın mövqeyinə uyğun olmaqla absurd bir mövqedir. Ona görə də prezident məsələyə çox haqlı şəkildə yanaşaraq, ona ya siyasi metodologiya ilə, ya da xronoloji metodologiya ilə yanaşmağın mümkün olduğunu söylədi və belə bir qənaəti ortaya qoydu ki, sərhədlərin delimitasiyası konkret olaraq hansısa bir xəritəyə söykənməməlidir. Ona görə ki, burada siyasi metodologiya ilə yanaşanda başqa məsələ meydana çıxır, xronoloji metodologiya ilə yanaşanda başqa məsələ meydana çıxır. Ona görə də burada ən düzgün mövqe odur ki, sərhədlərin delimitasiyası konkret olaraq hansısa bir xəritəyə söykənməsin, hansı ki, Ermənistan bunun üzərində təkid edir. 

Bundan başqa, sülh sazişi ilə bağlı danışıqlar formatı ilə əlaqədar Azərbaycanın qəti mövqeyi bir daha ortaya qoyuldu. Bu da odur ki, Azərbaycan sülh sazişinə beynəlxalq zəmanətçilər anlayışının qatılmasının qəti olaraq əleyhinə olduğunu göstərdi və Azərbaycan daha çox Ermənistanla ikitərəfli danışıqlar və ikitərəfli sülh sazişinin imzalanması mövqeyinə üstünlük verdiyini nümayiş etdirdi. Həqiqətən də ən düzgünü budur. Çünki Ermənistan danışıqların beynəlxalq formatlarına daha çox meyllənsə də, onun hansı oyunu oynadığı bizə bəllidir. Çünki beynəlxalq formatlar, danışıqların beynəlxalq formatı Ermənistana sülh sazişinin imzalanmasını mümkün qədər gecikdirmək imkanı verir. Ona görə Azərbaycan prezidenti bu danışıqların ikitərəfli format və ikitərəfli saziş imzalanma formasında aparılmasının şəraitə daha münasib olduğunu vurğuladı.

Bundan başqa, sərhəd torpaqlarımızın bərpası və insanların ora köçürülməsi ilə də bağlı maraqlı mesajlar oldu. Ən maraqlı mesajlar burda həm bütün Azərbaycan vətəndaşlarının köçüb işğaldan azad olunmuş ərazilərdə yaşamaq hüququna malik olduğunun təsbit edilməsidir. Haqlı olaraq qeyd elədi ki, Qarabağ və Zəngəzur bölgəsi heç də bu bölgədən olan insanların yaşaması üçün deyil, hər bir Azərbaycan vətəndaşı köçüb orada yaşaya bilər, özünü ev ala bilər, torpaq ala bilər və s. 

Digər tərəfdən isə burada ərazilərimizin bərpa olunmasında özəl sektorun iştirakının vacib bilinməsi də prezidentin çıxışında əhəmiyyətli məqamlardan biri idi. Çünki haqlı olaraq özəl sektorun burada bərpa-tikinti işlərində, xüsusilə də binaların, evlərin tikintisində iştirakı məsələnin həm də sosial məsuliyyət nöqteyi-nəzərdən qiymətli olduğunun vurğulanmasıdır. 

Bir sözlə, burada çox maraqlı mesajlar və məlumatlar var idi. Güman ki, bu, Azərbaycan ictimaiyyətinin saysız-hesabsız nöqteyi-nəzərlərdən diqqətini cəlb edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31