"SƏRHƏD HƏRƏKATI”NDAN MİLLİ HƏMRƏYLİYƏ GEDƏN YOL
31 Dekabr 2023 09:00 SiyasətTarix boyu bir-birini əvəz edən əsrlərin hər birini obrazlı olaraq 100 salondan ibarət nəhəng bir ermitaja bənzətmək olar. Bu salonların hər birinin özünəməxsus ekpozisiyası vardır. "XX əsr ermitajı"nın qapıları açılan zaman indiki nəsil geri boylanaraq keçib gəldiyi "salonları" və onların "ekpozisiyalarını" xatırlayır.
Bəşəriyyət üçün, xüsusən Azərbaycan xalqı üçün "XX əsr ermitajı"nda "gözəl, xoşagəlimli, gözoxşayan salonlar"la yanaşı, "dəhşətli salonlar" da vardır: 1905-ci, 1918-ci, 1920-ci, 1937-ci, 1941-1945-ci, 1948-ci, 1988-ci, 1990-cı və 1992-ci "salonlar". Bəli bu "salonlar" - həmin illər xalqımızın qan yaddaşına əbədi olaraq ona qarşı törədilmiş qırğın, təcavüz, işğal, repressiya, müharibə, deportasiya, fəlakət, faciə və soyqırım adlı ekspozisiyaları ilə həkk olunmuşdur.
Məlumdur ki, 1988-ci ilin əvvəlindən - Dağlıq Qarabağ problemi ortaya atıldıqdan bir-iki ay sonra Azərbaycanda buna cavab əlaməti olaraq çoxdan közərməkdə olan milli azadlıq hərəkatı alovlanmağa başladı. Həmin ilin yazında Naxçıvanda "Yurd" Birliyi yaradıldı. Bu təşkilat o zaman sovet quruluşu dövründə qəlbi azadlıq eşqilə çırpınan, vətənpərvər insanları - ziyalıları - elm, ədəbiyyat və incəsənət xadimlərini, mədəniyyət, təhsil, səhiyyə işçilərini, fəhlə və qulluqçuları, tələbələri öz ətrafında birləşdirən ilk leqal təşkilat idi. İlin sonunda isə həmin təşkilat geniş miqyaslı fəaliyyəti nəzərə alınmaqla Naxçıvan Xalq Cəbhəsi adlandırıldı. Bu, sözün əsl mənasında hər cür təcavüzə, işğala sinə gərən, Vətənin istiqlaliyyəti uğrunda bütün sınaqlara hazır olan insanları özündə birləşdirən və milli-azadlıq hərəkatına rəhbərlik edən bir qurum idi.
1988-ci ilin noyabrında Bakıda başlayan "Meydan hərəkatı" Naxçıvanda da geniş vüsət aldı. 1989-cu il ərzində baş vermiş hadisələri təkrarlamağa ehtiyac yoxdur. Yalnız həmin ilin son günü Naxçıvan Muxtar Respublikasında baş vermiş, SSRİ-də analoqu olmayan fövqəladə hadisəni - demək olar ki, təkcə Sovet İttifaqında deyil, bütün dünyada ajiotaj yaradan 31 dekabrdakı "Sərhəd hərəkatı"nı xatırlatmaq istəyirəm. Məhz həmin gün qədim diyarın vətənpərvər insanları - azadlıq mücahidləri hər an baş verə biləcək toqquşmanın, hətta ölümün belə fərqinə varmadan Sədərəkdən Ordubadadək SSRİ-nin Araz boyu uzanan dövlət sərhədlərindəki qurğuları darmadağın etdilər. Bu tarixi gün - sovet dövlətində ilk dəfə baş vermiş bu hadisə "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" elan edildi.
O gün heç bir insidentin baş verməməsi, yəni sovet sərhəd qoşunlarının bu hadisəyə müdaxilə etməməsi və yalnız kənardan müşahidəçi rolunu oynaması nəinki Naxçıvan, hətta bütün Azərbaycan əhalisində, müttəfiq respublikalarda, eləcə də dünya ictimaiyyətində böyük maraq və təəccüb doğurmuşdu.
Lakin həmin gün axşam Moskvadan - "Vremya" ("Zaman") xəbərlər proqramından verilən reportaj və göstərilən kadrlar qaranlıq mətləblərə aydınlıq gətirdi. Sərhəd məftillərini demək olar ki, 160 km məsafə boyunca kütləvi surətdə, böyük sevinclə sökən mütəşəkkil xalq, Mərkəzi Televiziya vasitəsilə dünyaya bir qrup quldur dəstəsi, narkoman və alkoqolik kimi tanıtdırıldı. Bu hadisəni Moskva üçün lentə almaq məqsədilə sərhəd dəstələrində, zastavalarda xüsusi videooperatorların əvvəlcədən yerləşdirilməsi də bu aksiyadan gələcəkdə gizli planların həyata keçirilməsində istifadə ediləcəyindən xəbər verirdi.
Bu hadisədən bir neçə gün sonra Azərbaycan KP MK-nın birinci katibi Vəzirov və Sov.İKP MK katibi Qirenko başda olmaqla SSRİ Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Komitəsinin və Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxslərindən ibarət nümayəndə heyəti qatarla Naxçıvana gəldi. Onların məhz qatarla gəlməkdə məqsədləri Araz boyu sərhəddəki vəziyyətlə yerində tanış olmaq idi. Digər bir tərəfdən belə bir heyətin Naxçıvana gəlişi zahirən 31 dekabr hadisəsilə bağlı idisə, pərdəarxası məqsəd muxtar respublikanın mövcud durumunu yerində öyrənib təhlil etmək, planlaşdırılmış gələcək əməliyyatların ssenarisini hazırlamaqdan ibarət idi.
Həmin səfərdən sonra baş verən hadisələr yuxarıda qeyd olunanları tamamilə sübuta yetirdi. Yanvarın 18-i, günün ikinci yarısından başlayaraq erməni-rus qoşun birləşmələri Sədərək istiqamətindən müəyyən fasilələrlə Naxçıvan-Türkiyə sərhəddi boyu olan ərazini atəşə tutdular. Naxçıvana düşünülmüş hücum planı niyə məhz bu istiqamətdən başladı? Çünki məqsəd sədərəkliləri qorxudub qaçırmaq və Türkiyə ilə 11 kilometrlik sərhəd ərazisini işğal edərək bu ölkədən Naxçıvana oluna biləcək hərbi yardımın qarşısını almaq idi.
Yanvarın 19-da Kərki kəndi işğal edildi və Sədərək uğrunda qanlı döyüşlər başladı. Bu döyüşlərdə Naxçıvan ilk şəhidlərini verdi. Təşviş içində olan əhalinin Naxçıvan şəhərinin Azadlıq meydanına toplaşmış izdihamının təkidilə yaranmış mövcud vəziyyət muxtar respublika rəhbərliyində təhlil edildikdən sonra həmin gün axşam Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin belə bir məzmunda Fərmanı elan olundu: "Muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşısında qaldığından, Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğundan, Naxçıvan MSSR SSRİ tərkibindən çıxaraq özünü müstəqil respublika elan edir."
Həmin saatlarda isə şəhərdə fəaliyyət göstərən təxribatçı qüvvələr evlərə zəng edir, əhalini təcili yığışıb şəhəri tərk etməyə sövq edərək yeganə nicat yolunun Arazdan keçməklə İrana qaçmaq olduğunu bildirirdilər. İnsanlara Araz boyu sərhəddin tam açıq olduğunu xatırladaraq bu məqsədlə rezin qayıqlar və asma körpülərin də hazır edildiyini bildirirdilər. Şəhər sakinlərini qaçmağa tələsdirənlər iki günə kimi erməni tanklarının Naxçıvan şəhərində olacaqlarını söyləməkdən də çəkinmirdilər.
Yanvarın 20-də səhər radio ilə verilən dəhşətli xəbər bütün Naxçıvan əhalisini dərindən sarsıtdı: 19-dan 20-nə keçən gecə Bakıya müxtəlif istiqamətlərdən daxil olan Sovet Ordusunun tankları və zirehli maşınları dinc, silahsız əhaliyə kütləvi divan tutmuş, səhərədək yüzlərlə insana qarşı qətliam törətmişdir.
Günün ikinci yarısında Naxçıvan Dövlət Teleradiosuna şəhərdəki xarici dil müəllimlərindən bir qrupu dəvət olundu. Azərbaycan, rus, türk, fars, ərəb, ingilis, fransız və alman dillərində Naxçıvana erməni-rus qoşun birləşmələrinin etdiyi təcavüz, yanvarın 19-dan Naxçıvanın respublika adlandırılması və SSRİ-nin tərkibindən çıxması haqqında Ali Sovetin Fərmanı, 20-nə keçən gecə Bakıda Sovet Ordusunun törətdiyi qanlı cinayət - kütləvi qətliam barədə ilk dəfə olaraq dünya ictimaiyyətinə məlumat verildi. Bu xəbər üç gün 8 dildə Naxçıvan Televiziyası vasitəsilə hər axşam qonşu Türkiyə və İrana, Naxçıvan Radiosu vasitəsilə isə gün ərzində üç dəfə orta dalğadan bütün dünyaya yayımlandı. O vaxt əsas işimdən əlavə Naxçıvan Teleradiosunun yarımştat diktoru kimi çalışdığımdan həmin xəbərin Azərbaycan dilində səsləndirilməsinin məhz mənə nəsib olmasından qürur duyuram.
O günlərdə Azərbaycan Teleradiosunun enerji bloku partladıldığından Bakı hadisələrini dünya ictimaiyyətinə çatdırmaq qeyri-mümkün idi. Bu missiyanı Naxçıvan Teleradiosu gözlənilmədən, uğurla yerinə yetirdi. Məhz bunun nəticəsində Sədərək döyüşləri səngidi, Bakıda yanvarın 21-də səhərədək davam edən atəş səsləri susdu. Beləliklə, əhalinin həmrəyliyi, döyüşkənliyi və qətiyyəti sayəsində Naxçıvanda nisbi sakitlik bərqərar oldu.
1990-cı il iyulun 22-də gündüz bir sensasiyalı xəbər ildırım sürətilə şəhərə yayıldı: "Heydər Əliyev Naxçıvandadır! Axşamüstü Azadlıq meydanında onunla görüş olacaqdır." Günəş qürub edərkən Azadlıq meydanındakı 80 min nəfərlik izdiham müdrik liderinin yolunu gözləyirdi. Birdən "Yaşasın Heydər Əliyev!" nidası qopdu və gurultulu, aramsız alqış sədası bütün meydanı bürüdü. Sanki yeni bir günəş doğdu. Bu, xalqın günəşi - Heydər Əliyev ziyasının şəfəqləri idi. Davam edən alqışlar altında Dövlət Musiqili Dram Teatrının qarşısından meydana doğru izdihamın arasından çətinliklə irəliləyən Heydər Əliyev müəyyən olunmuş yerə gəlib çataraq buraya toplaşan insanları salamladı və bu görüş üçün hamıya təşəkkürünü bildirərək bu çətin məqamda xalqı ilə bir yerdə olmaq üçün Vətənə döndüyünü bəyan etdi.
Bir neçə aydan sonra xalqının həmrəy səsilə Azərbaycanın və Naxçıvanın xalq deputatı seçilən ulu öndər düz bir ildən sonra eyni həmrəylik və təkidlə Muxtar Respublika Ali Məclisinin Sədri oldu.
Ali Məclisin hələ 1990-cı ilin noyabrından Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə qəbul etdiyi tarixi qərarlar sırasına 1991-ci il dekabrın 16-da daha biri əlavə olundu. Bu, onun artıq Ali Məclisin Sədri kimi imzaladığı "31 Dekabr - Dünya Azərbaycan Türklərinin Birlik və Həmrəylik Günü haqqında" qərar idi. Bəli, "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" ilkin olaraq bu adla yaranmışdır.
1992-ci ilin 24 oktyabrında cildini dəyişmiş "xalq" cəbhəsinin silahlı qrupları muxtar respublikanın bir neçə dövlət orqanlarını zəbt edərək Ali Məclis Sədrinin istefasını tələb etdi. Yaranmış vəziyyətlə əlaqədar olaraq Heydər Əliyev radio ilə sözün əsl mənasında xalqın cəbhəsinə müraciət etdi. Bir saat ərzində hiddətlənmiş şəhər camaatı və yaxın kəndlərin sakinləri Ali Məclisin qarşısına cəm olaraq qaragüruhçuların binaya yaxınlaşmalarının qarşısını aldılar. Bir neçə saatdan sonra isə belə bir güclü, həmrəy qüvvə qarşısında bu insidentə son qoyuldu və dövlət çevrilişinə cəhdin qarşısı alındı.
Bakıda və respublikanın müxtəlif bölgələrində AXC-Müsavat cütlüyünün səriştəsiz rəhbərliyi nəticəsində yaranmış xaos və anarxiyadan bezmiş əhalinin cürbəcür təbəqələri Naxçıvanda bərqərar olan ümumxalq həmrəyliyindən ibrət götürüb birləşərək ümummilli lideri ölkə rəhbərliyinə dəvət etdi. Xalqın təkidli tələbilə 1993-cü ilin iyununda ölkə rəhbərliyinə tarixi qayıdış edən Heydər Əliyev həmin ilin oktyabrında ümumxalq səsverməsi nəticəsində respublikanın Prezidenti seçildi.
1993-cü ildən Azərbaycanda tam formalaşan milli həmrəylik 1994-cü ilin oktyabrında Bakıda baş verən dövlət çevrilişinə cəhdin qarşısını qətiyyətlə aldı. Oktyabrın 4-dən 5-nə keçən gecə Heydər Əliyevin televiziya ilə xalqa müraciətinə hayvermə əlaməti olaraq Prezident Aparatının qarşısına toplaşan izdihamı səhər dəniz kənarında - Azadlıq meydanındakı 500 minlik xalq dalğası əvəz etdi. Burada keçirilən Prezidentlə həmrəylik mitinqi "Heydər-xalq, xalq-Heydər" şüarının ən bariz və parlaq bir nümunəsi oldu.
1995-ci il noyabrın 12-də Azərbaycan xalqı bir daha yüksək həmrəylik nümayiş etdirərək müstəqil dövlətimizin ilk Konstitusiyasına səs verdi və ilk parlamenti seçdi. Ölkə ictimai-siyasi sabitlik şəraitində inkişaf və yüksəliş mərhələsinə qədəm qoydu.
Azərbaycanda ümumxalq həmrəyliyi bərqərar olduqdan sonra dünyaya səpələnmiş soydaşlarımızın milli həmrəyliyinə nail olmaq məqsədilə Heydər Əliyev yenicə formalaşan diaspora rəhbərlərinin, millətimizin dünyada məşhur olan, görkəmli nümayəndələrinin iştirakı ilə Bakıda bir toplantı təşkil etmək qərarına gəlir.
Onun bu ideyası 2001-ci ilin 9-10 noyabrında gerçəkləşir. Ümummilli liderin çağırışına həmrəyliklə səs verərək müxtəlif ölkələrdəki soydaşlarımız noyabrın 9-da Bakıda təntənə ilə açılan "Dünya azərbaycanlılarının I qurultayı"na toplaşdılar. Qurultayda geniş, məzmunlu nitq söyləyən Heydər Əliyev azərbaycanlı olması ilə həmişə fəxr etdiyini bəyan edərək dünya azərbaycanlılarını milli həmrəyliyə nail olmağa səslədi.
Bu gün Heydər Əliyev ideyalarını sədaqətlə və ləyaqətlə davam etdirən ölkə Prezidenti, möhtərəm İlham Əliyev milli həmrəylik məsələsini də daim diqqət mərkəzində saxlamaqla Bakıda dünya azərbaycanlılarının II (16 mart 2006), III (5-6 iyul 2011) və IV (3-4 iyun 2016) qurultaylarının da yüksək səviyyədə və səmərəli keçirilməsinə müvəffəq olmuşdur.
"Azərbaycan" nidası təkcə müstəqil respublikamızda yaşayan soydaşlarımızı deyil, artıq dünyanın hər bir qitəsindən sorağı gələn azərbaycanlının da qəlbini riqqətə gətirir. Biz böyük qürur və iftixar hissilə vurğulayırıq ki, indi dünyada 50 milyondan artıq soydaşımız yaşayır. Bu gün 50 milyon insan Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edir, belə bir bayramın da olduğunu bilir.
Beləliklə, "Sərhəd hərəkatı"ndan milli həmrəyliyə gedən yol daim yüksəlişə doğru irəliləməkdədir. Məhz 2020-ci ilin 44 günlük Vətən Müharibəsində dövlət - xalq - ordu həmrəyliyi bizlərə, o cümlədən bütün dünya azərbaycanlılarına şanlı zəfər sevincini yaşatdı.
Qoy bu yolda millətimizin nəsibi daim aydın səma, firavanlıq, sevinc və yeni-yeni nailiyyətlər olsun! Yazımı bu tarixi günümüzə illər öncə həsr etdiyim misralarımla bitirmək istədim:
Qədim Naxçıvandan ucaldı bu səs:
"Millət parçalanmış yaşaya bilməz!"
Yoxdur bayramlardan bu günə əvəz -
Göstərir dünyaya birlik gücünü
Əziz millətimin Həmrəylik Günü.
"Sərhəd hərəkatı" açdı yolları,
Şadlandı Arazın qəmli suları.
O taylı, bu taylı mərd oğulları
Daşıdı sahilə toyu-düyünü -
Əziz millətimin Həmrəylik Günü.
Üçrəngli bayrağın Ay-ulduzundan,
Yurdumun qəhrəman oğul-qızından,
Azərbaycanımın azad yazından
Əlli milyon insan tapdı özünü -
Əziz millətimin Həmrəylik Günü.
Hay verib Öndərin müdrik səsinə,
Toplandı birinci təntənəsinə.
Doğma Bakımızdan Yer kürəsinə
Xalqım bəyan etdi bütövlüyünü -
Əziz millətimin Həmrəylik Günü.
ƏLƏKBƏR QASIMOV
AMEA Naxçıvan Bölməsi İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun elmi katibi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent.