İlham Əliyev qalib gəldikdən sonra inzibati ərazi bölgəsinin dəyişdirilməsi ilə bağlı prosesləri sürətləndirəcək
22 Dekabr 2023 10:41 SiyasətYaxın günlərdə Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcəyi elan edildi və bu seçkinin keçirilməsini şərtləndirən amillər siyasi ekspertlər tərəfindən müzakirə olunur.
Bəs Prezident seçkilərindən sonra idarəetmədə hansı dəyişikliklər olacaq?
Siyasi şərhçi Mübariz Göyüşlünün sözlərinə görə, bu barədə çoxsaylı fikirlər səslənir, müxtəlif şərhlər və rəylər verilir:
"Mən hesab edirəm ki, bizim seçkidən sonra müşahidə edə biləcəyimiz proseslər, idarəetmənin daha da optimallaşdırılması, məmur-vətəndaş münasibətlərində birbaşa ünsiyyətin daha da azaldılması, effektivliyinin artırılması, sosial yönümlü dövlət, sosial yönümlü hökumət istiqamətində çalışmaların daha da genişlənməsinin şahidi olacağıq. Biz bəzi məmurlar, bəzi nazirlər, daha doğrusu, bəzi hökumət nümayəndələri, komitə sədrləri müşahidə olunan budur ki, bir sıra məqamlarda dövlətin, xalqın, prezidentin onlardan gözlədiyi effektiv çalışmanı ortaya qoya bilmirlər. Böyük ehtimal, onların növbəti idarəetmədə iştirakını biz görməyəcəyik. Daha müasir yanaşmalara daha çevik cavab verə bilən dövlət idarəetməsinin sürətli və daha keyfiyyətli şəkildə gerçəkləşdirilməsini və dövlət siyasətinin daha çevik və effektiv şəkildə gerçəkləşməsini təmin edə bilən məmurları komandada görə biləcəyik. 100 il ərzində Azərbaycan, belə deyək, hələ bu qədər nəticəyə nail ola bilməmişdi, torpaqlarını azad etmək, Xankəndiyə tam şəkildə sahiblənmək anlamında. Məhz bizim fevralın 8-i və ondan sonrakı dövrdə dövlət idarəetmə formasının bu tələblərə cavab verən kifayət qədər çevik, bütün norma və tələblərə, müasir çağırışlara cavab verə bilən bir sistemi görə biləcəyik".

Siyasi ekspert Aydın Quliyev bildirir ki, ölkə idarəçiliyində seçkidən sonra baş verəcək dəyişikliklərin anonsu artıq verilib:
"Bu anons da elə prezidentin özü tərəfindən edilib. Həm müharibə dövründə, həm də müharibədən sonrakı dövrlərdə bəzi çıxışlarda, müsahibələrdə biz bunun elementlərini görürük. Bunlar, əlbəttə, labüdür, idarəçilikdə yeniliklər, dəyişikliklər. Ona görə ki, 2020-ci il Vətən müharibəsinə qədərki Azərbaycanın həm dünya miqyasında mövqeyi, həm də daxili siyasətində baş verən dəyişikliklər, müharibədən sonra baş verən dəyişikliklər ölkəni tamamilə yeni bir müstəviyə çıxardıb və sirr deyil ki, Azərbaycanın iqtisadiyyatı, siyasəti, daxili siyasəti, beynəlxalq mövqeyi, xarici siyasəti indi müharibə dövrünə qədərki mərhələdən xeyli dərəcədə fərqlənir. Hər halda nəzərə almaq lazımdır ki, biz artıq ərazisi bütöv, suverenliyi tam təmin olunmuş bütöv Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Belə şəraitdə bu dövlətin idarəçiliyi, təbii ki, yeni tələblər, çağırışlar səviyyəsində qurulmalıdır.
Bu nöqteyi nəzərdən, ilk əvvəl, prezidentin səlahiyyətli nümayəndələri institutunun tam şəkildə legitimləşdirilməsi gözlənilir. Artıq prezident özü də bunun yeni bir təcrübə olsa da, amma özünü doğrultduğunun anonsunu verib. Yəqin ki, köhnədən qalmış icra hakimiyyətləri sistemi və prezidentin yeni tətbiq etdiyi xüsusi nümayəndəliklər arasındakı bu paralellik aradan qaldırılacaq. Hər halda ehtiyac var ki, xüsusi nümayəndəliklərin tam şəkildə qanuniləşdirilməsi və prezidentin yerli idarəçilik sistemindəki bu paralelliyin aradan qaldırılması üçün addımlar atılsın.
Bundan başqa, Nazirlər Kabinetinin strukturunda fikrimcə, müəyyən dəyişikliklər olacaq, olmalıdır. Çünki nazirliklər, agentliklər, dövlət xidmətləri və s. arasında funksionallıq baxımından müəyyən paralellər təkrarçılıqlar var. Ona görə də, xüsusilə də icra hakimiyyəti sistemində bu paralelliklərin təkrarçılıqların aradan qaldırılması üçün Nazirlər Kabinetinin strukturunda müəyyən dəyişikliklər edilməsinə ehtiyac var. Xüsusilə də iqtisadi, maliyyə sektoruna aid olan strukturlarda dəyişikliklər yəqin ki, ediləcək.
Əlbəttə, bütün bunlar ölkə idarəçiliyini daha səmərəli bir mərhələyə, optimal mərhələyə çıxartmaq məqsədinə xidmət edir. Bütün hallarda prezidentin ölkə idarəçiliyində əsaslı islahatlar həyata keçirəcəyi şübhəsizdir."

Siyasi şərhçi Azər Həsrətin sözlərinə görə, önümüzdəki 2024-cü ildə ölkə içində maraqlı və idarəetmənin effektivliyini artıracaq addımların atılmasını gözləyə bilərik:
"Prezident seçkisindən sonra əlbəttə ki, böyük dəyişikliklərin olması haqqında danışa bilərik. Ona görə ki, Azərbaycanın illərdir ertələdiyi bir sıra məsələlər var ki, onları artıq rahat şəkildə həll edə bilərik. Yəni, hamımız bilirik ki, Ermənistanın işğalı altında qalan torpaqlarımızın məsələsi hər şeydən öncə olduğuna görə Azərbaycan dövləti digər məsələləri bir qədər arxa plana çəkməyə məcbur olurdu. İndi isə həmin məsələ kökündən həll edilib, torpaqlarımız tam olaraq işğaldan azad olunub, eyni zamanda, Azərbaycanın bütün sərhədi boyu suverenliyi, nəzarəti təmin edilib. Yəni artıq dövlətin içində islahatlara, gərəkli islahatlara başlamaq olar.
O baxımdan, mən düşünürəm ki, prezident seçkisindən sonra əlbəttə ki, heç şübhəsiz, Prezident İlham Əliyev bu dəfə də qalib gələcək, qalib gəldikdən sonra o, birincisi, ölkənin inzibati ərazi bölgəsinin dəyişdirilməsi ilə bağlı prosesləri nəhayət ki, sürətləndirəcək.
Bilirsiniz ki, Azərbaycan rayonlardan ibarətdir. Amma bu idarəetmə yetərincə effektiv deyil, olduqca artıq dövlət xərclərinə səbəb olur, yəni effektivlik arzuolunan səviyyəyə çatdırıla bilmir. Ona görə də bəzi sahələr üzrə görürsünüz ki, regional idarələr qurulub və həmin idarələr bir rayona deyil, bölgədəki bir neçə rayona baxır və ümumilikdə götürəndə ölkənin inzibati ərazi vahidlərinin də məhz o regional idarələr əsasında dəyişdirilməsi gözləniləndir. Yəni düşünürəm ki, seçkidən sonra bu proses başlanacaq.
Digər tərəfdən, konstitusiya dəyişikliyi məsələsi var gündəmdə. Yəni Azərbaycanda seçki sisteminin proporsional və majoritar olaraq təsbit edilməsi müzakirə olunur. Düşünürəm ki, bu məsələyə də baxılacaq.
Önümüzdəki 2024-cü ilin noyabrında parlament seçkisi keçirilməsi haqqında artıq sözləri, fikirləri eşidirik. Ondan savayı, bəzi nazirlərin dəyişdirilməsi məsələsi yəqin ki, gündəmdə olacaq. Mən düşünürəm ki, Nazirlər Kabinetinin tərkibinin yenilənməsi istiqamətində də cənab prezident yeni addımlar atacaq. Yəni önümüzdəki 2024-cü ildə ölkə içində çox maraqlı və idarəetmənin effektivliyini artıracaq addımların atılmasını gözləyə bilərik.
Vitse-prezidentlərlə bağlı məsələ də bilirsiniz ki, hələ də açıq qalır. Yəni, birinci vitse-prezident təyin edilib, digər vitse-prezidentlər təyin edilməyib. Bu vaxta kimi bununla bağlı da müəyyən islahatların gözlənildiyini deyə bilərik. Mümkündür ki, vitse-prezident vəzifəsinə təyinatlar olsun, yaxud da ki, ümumiyyətlə, bu institut ləğv edilsin. Yəni bu iki variantın ikisi də mümkündür. İndi biz gözləyək, 2024-cü ildə əvvəlcə seçkini keçirək, ondan sonra da bu proseslər haqqında daha geniş danışarıq".

Politoloq Samir Hümbətov qeyd edir ki, həm prezident seçkiləri, həm də qarşıdan gələn digər seçkilər labüddür və vaxtında atılan addımdır:
"Prezident seçkilərinin keçirilməsindən sonra, əslində Azərbaycan cəmiyyəti də Azərbaycan dövlətinin özü də, yəni idarəetmə sistemi də ölkədə bir dəyişikliklərin olmasını istəyir və gözləyir və bunun labüd olduğunu da bilir. Məncə, indi cənab prezidentin əsas məqsədi yeni dövrə, yəni yeni dövrün reallıqlarına uyğun olaraq prezident seçiləndən sonra yeni bir dəyişikliklər edilməsini həyata keçirməkdir. Yəni məqsəd ondan ibarətdir. Təbii ki, burada nəzərə almaq lazımdır ki, indi prezident seçkiləri olacaq, daha sonra isə bildiyimiz kimi, bələdiyyə seçkiləri gəlir və hesab edirəm ki, 2025-ci ildə artıq həm də bir referendumun keçirilməsi qaçılmazdır. Yəni artıq biz həm ərazilərimizi işğaldan azad eləmişik, tamamilə suverenliyimizi bərpa etmişik, eyni zamanda, artıq dövlətin bir siyasi, strateji hədəfləri yenidən cızılıb hazırlanıb. Məncə, buna ehtiyac var. Burada idarəetmə sistemində təkmilləşdirmələrin aparılması, yeni dünya düzəninə uyğun dövlətin idarəetmə sisteminin qurulması, yəqin ki, burada parlamentdə müəyyən bir deputat sayının artırılmasından söhbət gedə bilər, yerli icra orqanlarında icra hakimiyyətlərinin başqa bir formayla deyək ki, prezidentin səlahiyyətli nümayəndələri kimi idarəetmə forması ilə o cür institutlarla əvəz olunması ola bilər. Böyük ehtimal ki, həm də hökumət kabinetində müəyyən dəyişikliklər ola bilər. Yəni bu cür yeni nazirliklərin yaradılması ya konkret olaraq sayı olacaqdır nazirliklər nə qədərdir və s. Məhkəmə hüquq sistemində dəyişiklik edə bilərlər. Yəni bu təbii ki, həmin dövrdə Azərbaycanın mövcud reallığı nəyi tələb edir, bizim maraqlarımız dövlət olaraq nəyi tələb edir, mən hesab edirəm ki, onun üzərində iş gedəcək və onun belə deyək, formalaşdırılmasını həyata keçirəcəyik.

Məncə, həm prezident seçkiləri, həm də qarşıdan gələn digər seçkilər labüddür və vaxtında atılan addımdır. Çünki yeni dünya reallıqları ilə Azərbaycan ayaqlaşmalıdır. Çünki biz Azərbaycan olaraq müasir dünyanın bir parçası, bir hissəsiyik və biz dünyanın idarəetmə sistemindən kənarda qala bilmərik. Təkmilləşdirmə hər zaman lazımdır. Hər dövrün özünün tələbləri var. Hesab edirəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev də bu məsələləri çox titizliklə, diqqətlə izləyir və ona görə addım atır. Mən düşünürəm ki, bu qeyd etdiyim dəyişikliklər, yəni 2024 -2025-ci illər ərzində, prezident seçkilərindən sonra növbəti seçkilərdə, referendumda bu məsələlər həyata keçirilə bilər".
Röyalə Xəyal