Ermənistan tarixi həqiqətlərlə üzləşməkdən qorxur - Elmir Səftərov - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"2020-ci ildə İkinci Qarabağ müharibəsi Azərbaycanın Qələbəsi ilə başa çatdıqdan sonra regionun arxitekturası yenidən formalaşmağa başladı. Müharibədən sonra imzalanan üçtərəfli bəyanatda Ermənistanın 30 ilə yaxındır ki, işğal altında saxladığı ərazilərdən çıxması nəzərdə tutulurdu və burada həyata keçiriləcək etimad mühiti sayəsində yeni nəqliyyat dəhlizlərinin yaradılacağı bildirilirdi."

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov bildirib:

"Azərbaycanla Naxçıvan arasında açılacaq yeni nəqliyyat əlaqəsi də üçtərəfli Bəyanatın ən mühüm müddəalarından biri idi. 
Lakin Ermənistan əvvəlcə üçtərəfli Bəyanatın 9-cu bəndi olan bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi məsələsini dəstəkləsə də,  hazırda geri addım atır və prosesləri ləngidir. Ermənistan həmişə bu cür layihələrin bir hissəsi olmaq şansına malik olub, lakin əməkdaşlığa deyil, qarşıdurmaya daha çox diqqət yetirərək bütün fürsətləri əldən verib. Xatırlamaq yerinə düşər ki, 2022-ci il dekabrın 31-də Prezident İlham Əliyev çıxışı zamanı dedi: "Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də". Bu, o anlama gəlir ki, artıq  Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Dəhliz bütün region ölkələri, eyni zamanda, Ermənistan üçün də faydalı ola bilər. 
Zəngəzur dəhlizində bir çox aktorların fərqli maraqları var. Bu səbəbdən toqquşan maraqlar regionda gərginliyi artıran səbəblərdəndir. 
Xatırlamaq yerinə düşər ki, 2022-ci il mayın 10-da jurnalistlərə açıqlama verən xarici işlər nazirinin müavini Xələf Xələfov demişdi: "Qazaxın 7 kəndi, Kərki və digər məsələlər delimitasiya kontekstində həllini tapmalıdır. Bu ərazilər Azərbaycan ərazisidir". Lakin proseslərdə son zamanlar durğunluq yaransa da, Zəngəzur dəhlizi, eksklavlar, itkin düşmüş azərbaycanlıların taleyi ölkəmiz üçün həll olunması prioritet  məsələlərdəndir.
Təbii ki, delimitasiya və demarkasiya məsələləri Ermənistanın bu məsələyə fərqli yanaşma sərgiləməsi nəticəsində mürəkkəbləşir. Belə ki, İrəvan 1975-1978-ci il xəritələrinə müraciət edərək  Sovet İttifaqı dövründə Ermənistanın ərazisinin təxminən 29  min kvadrat kilometr olduğunu qeyd edir və danışıqların bu istiqamətdə aparılmasının vacibliyinə toxunur. Azərbaycan isə obyektiv olaraq bütün xəritələri müzakirə masasında tutuşdurmağı təklif edir. Ölkəmiz qeyd edir ki, delimitasiya həm XX əsrin, həm də əvvəlki dövrün xəritələri  əsasında aparılmalıdır. Çünki 1920-ci ildə Sovet işğalından sonra beynəlxalq hüquq normaları kobudcasına pozularaq bizim ərazilər Ermənistana verildi. Amma Ermənistan tarixi həqiqətlərlə üzləşməkdən qorxur, anlayır ki, hazırda onun ərazilərinin böyük hissəsi Azərbaycanın tarixi torpaqlarıdır. 
İndi isə sülh üçün əlverişli şərait yaransa da, Ermənistanın yanaşması nəticəsində hələ ki formal xarakter daşıyır. Həll olunmamış problemlər əksər vaxtlarda hərbi yollarla öz həllini tapır. Buna görə də Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib,  Azərbaycanın şərtlərinə razı olmasa, əvvəlki kimi məcbur ediləcək və zərər görəcək."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31