Azərbaycan xarici siyasi vektorlar arasında ayrıseçkilik etməyəcək- ÖZƏL
4 Dekabr 2023 11:41 Siyasət"Azərbaycan xarici siyasətinin ən böyük özəlliyi, Azərbaycan dövlətinin bütün çağırışları bir - bir dəf etməsi, rəsmi Bakının balansı qorumasıyla bağlıdır". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Zaur Məmmədovun sözlərinə görə, Azərbaycan bu illər ərzində hegemon dövlətlərin - "Bakı bizimlə yox, rəqibimizlədir" kimi düşünməsinə şərait yaratmadı: "Bəli, müəyyən dövrdə müəyyən dövlətlərlə problemlər yaşana bilər, bu labüddür. Dövlət də insan kimi enişli- yoxuşlu dövrlərdən keçir, proseslər siyasi orqanizmə bənzəyir.
Azərbaycan indiyə qədər olduğu kimi, bundan sonra da ABŞ, Aİ, Rusiya, İran və Çin ilə əməkdaşlığını davam etdirəcək, xarici siyasi vektorlar arasında ayrı - seçkilik etməyəcək, kiminləsə birləşərək digərinə qarşı proseslərdə iştirak etməyəcək. Hazırki İranı çıxmaq şərtilə digər istiqamətlərlə münasibətlərdə sabitliyi proqnoz edirəm.
Xüsusiylə, ABŞ, Aİ və Rusiya istiqamətləri arasında balanslı siyasət aparacaq. Qərb platformalarında fəallıq davam edəcək. Eyni zamanda, Bakı Türk dövlətlərinin bir - birinə inteqrasiyası üçün əlindən gələni edəcək. Çünki Türk Dövlətləri qlobal gücü olan siyasi- iqtisadi - hərbi platformaya çevrilməlidirlər. Hər kəs də bilməlidir ki, Cənubi Qafqazı öz geosiyasi ambisiyalarının qurbanına çevirməməlidir, belə olan təqdirdə istər - istəməz Azərbaycan ilə aralarında problemlər yaranacaq. Azərbaycan xalqının və dövlətinin maraqları alidir. Prezident İlham Əliyevin siyasəti xalqın xilası, inkişafı və işıqlı gələcəyidir".