Heydər Əliyev ölkəmizin gələcək uğurlu inkişafının təməlini qoyub- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə xalqımıza sədaqətlə xidmət edərək respublikanın gələcək uğurlu inkişafının təməlini qoyub". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Kamran Bayramov deyib. Bildirib ki, Heydər Əliyev, ölkəmizin regional inkişaf siyasətinin müəllifi olaraq, regionlarımızın davamlı inkişafına, yerlərdə səmərəli dövlət idarəçiliyinin və yerli özünüidarəetmənin qurulmasına, bölgələrdə yaşayan əhalinin rifah halının yaxşılaşdırılmasına böyük töhfələr verib: "Məhz Heydər Əliyevin təşəbbüsü və müəllifliyi ilə qəbul olunmuş milli Konstitusiyamızda yerlərdə icra hakimiyyətinin və yerli özünüidarəetmənin əsasları və statusu müəyyən edilib. 1999-cu ildə ilk bələdiyyə seçkiləri keçirilib. Keçən dövr ərzində regional inkişaf siyasətinin həyata keçirilməsi üçün, habelə bələdiyyələrin statusunu, səlahiyyətlərini, hüquq və vəzifələrini müəyyən edən çoxsaylı qanunlar qəbul edilib".
Millət vəkili əlavə edib ki, Heydər Əliyevin davamçısı, Prezident İlham Əliyev 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafına yönəlmiş dövlət proqramlarının həyata keçirilməsinə start verib: "Bu proqramların uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişib, regionların iqtisadi potensialının artıb, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşıb, əhalinin rifah halı yüksəlib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31