Heydər Əliyevin 100 illiyinin Həştərxanda qeyd edilməsi Azərbaycan ilə mehriban qonşuluq əlaqələrinin genişləndirilməsinə böyük töhfə verir - FOTO
1 Dekabr 2023 12:56 SiyasətAbşeron Rayon İcra Hakimiyyətinin başçısının rəhbərlik etdiyi nümayəndə heyəti Həştərxan vilayətinə səfər çərçivəsində Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbini ziyarət edib.
Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, nümayəndə heyətinin üzvləri, o cümlədən Milli Məclisin deputatları Sabir Hacıyev və Əminə Ağazadə Ulu Öndərin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edən şagirdlərin mükafatlandırılması mərasiminə qatılıblar.
Əvvəlcə qonaqlar məktəbin fəaliyyəti barədə məlumatlandırılıb.
Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbinin direktoru Tatyana Tixomirova bildirib ki, yubiley tədbirləri çərçivəsində məktəbdə şeir, inşa və rəsm müsabiqələri keçirilib. O əlavə edib ki, bu təhsil müəssisəsi iki dövləti möhkəm tellərlə bir-birinə bağlayır.
Öz növbəsində, Həştərxan vilayəti hökumətinin sədr müavini İness Qorina Rusiya və Azərbaycanı bütün sahələrdə möhkəm və çoxillik münasibətlərin bağladığını vurğulayıb. Onun sözlərinə görə, belə tədbirlərin keçirilməsi xalqlarımız arasında mehriban qonşuluq və dostluq münasibətlərinə böyük töhfədir.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Ümummilli Liderin adını daşıyan məktəbin əhəmiyyətini vurğulayaraq, bu təhsil müəssisəsinin Heydər Əliyevə həsr olunmuş tədbirlərdə fəal iştirakını qeyd edib. O bildirib ki, Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunması Həştərxan ilə Azərbaycan arasında mehriban qonşuluq əlaqələrinin genişləndirilməsinə öz töhfəsini verir.
Sonra Ulu Öndərin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edən müəllim və şagirdlərin mükafatlandırılma mərasimi keçirilib.












