Ermənistanın Azərbaycanı dəhlizlə təmin etmək məsələsi gündəmdə ola bilər -Sultan Zahidov- ÖZƏL
4 Dekabr 2023 10:03 Siyasət"Son zamanlar Azərbaycan və Ermənistan arasındaki müzakirə mövzularından biri də məhz Qazaxın yeddi kəndinin və Sədərəyin Kərki kəndinin işğaldan azad olunması məsələsidir." Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:
"Azərbaycan tərəfi həm delimitasiya və demarkasiya komissiyasının iclasında, həm də digər formalarda bu məsələni qaldırıb. Burada aydın məsələdir ki, fərqli ssenarilər var, məsələn Ermənistanın baş naziri Paşinyan bu yaxınlarda bildirmişdi ki, əgər biz 7 kəndi və Kərki kəndini qaytarırıqsa, eyni zamanda Ermənistanın da 8 kənd problemi var, Azərbaycanın daxilində olan Ermənistanın anklavları var. Paşinyan bura həmçinin Gədəbəydəki Başkəndi misal çəkir. Amma bu özü problematik məsələdir. Çünki Başkənd özü əslində Azərbaycan torpağıdır. Sovet vaxtında Ermənistanın tərkibində "anklav" statusu alıb. Sovetlərinsə burada məqsədi Azərbaycanla Ermənistan arasında bilərəkdən ərazi problemləri yaradılaraq sonradan bu münaqişədən istifadə etmək, öz məqsədləri üçün qidalanmaq idi. Rusiyanın, Moskvanın ənənəvi ikibaşlı "parçala və hökm sür" siyasətinin tərkib hissəsi idi ki, Azərbaycandan müəyyən əraziləri alıb Ermənistana verirdi və sairə. Bu baxımdan burda Paşinyanın qaldırdığı bir ssenari bundan ibarətdir ki, qarşılıqlı şəkildə dəyişiklik baş versin, yəni 8 kəndi Ermənistan verir, Azərbaycan da Sovet xəritələrində Ermənistana "aid olan" kəndləri geri qaytarmalıdır. Bilirsiniz, Qazaxın 7 kəndinin hər biri anklav deyil, bəzi kəndlərlə Azərbaycanın çıxışı var. Burada xüsusilə 4 kənd anklavdır. Bura Qazaxın Sofulu kəndi, Yuxarı Əskipara və s. daxildir. Paşinyan verdiyi bir başqa təklifdə bildirdi ki, Azərbaycanın onsuz da çıxışı olmadığı üçün, anklavlar Ermənistanda qalsın, əvəzində isə Başkənd Azərbaycana verilsin. Lakin məsələ bundan ibarətdir ki, Azərbaycan işğal altında olan bütün kəndlərini geri qaytarmaq istəyir. Əgər Ermənistan daxilindəki anklavlar geri qaytarılacaqsa, eyni zamanda burada Ermənistanın Azərbaycanı dəhlizlə təmin etmək məsələsi gündəmdə ola bilər. Çünki Azərbaycan o anklavlara çıxışı, kommunikasiyanı əldə etməli, eyni zamanda oranın təhlükəsizliyini təmin etməlidir. Yəni bu məqamlar masa üzərindədir və mən düşünmürəm ki, bu qısa zamanda həll olunacaq bir məsələdir. Delimitasiya- demarkasiya bilirsiniz, illər alan məsələdir. Azərbaycanın Rusiya ilə delimitasiya və demarkasiya məsələsi hələ yaxın zamanlarda tamamlanıb. Gürcüstanla delimitasiya hələ ümumiyyətlə tam şəkil almayıb. Postsovet məkanında bir çox ölkələrin hələ də delimitasiya-demarkasiya məsələsi var. Ona görə bu proses, irəlidən gələn görüşlərin daha da intensiv xarakter almasını tələb edir. Ən son Qazax-İcevan rayonları arasındakı şərti sərhəddə baş tutan görüşdə qərara alındı ki, görüşlər daha intensiv xarakter daşısın və mənim fikrimcə sözsüz ki, ilk öncə Ermənistan- Azərbaycan arasında sülh sazişi imzalanmalıdır. Bu sülh sazişi istər delimitasiya-demarkasiya olsun, istər kommunikasiya xətlərinin açılması olsun, bu prosesləri daha da sürətləndirə bilər. Bu baxımdan "kəndlər işğaldan nə zaman azad ediləcək?" sualına qəti bir söz demək mümkün deyil. Sadəcə bu hansı faktorlardan asılıdır: birincisi, Ermənistan tərəfinin konstruktiv olmağından, həm sülh, həm delimitasiya-demarkasiya prosesini uzatmamasından, ikincisi, Ermənistan tərəfinin siyasi səriştə və siyasi iradə nümayiş etdirməyindən asılıdır. Biz bilirik ki, Ermənistan rəhbərliyi müstəqil şəkildə hərəkət etmir, müstəqil qərarlar vermir. Paşinyanın xüsusilə Fransadan və digər Qərb ölkələrindən göstərişlər aldığını biz bilirik. Yəni, Fransanın mesajlarını, dediklərini yerinə yetirməyə çalışdığından hamımız məlumatlıyıq. Burada Fransanın təsiri böyükdür. Bu özü də həm sülh, həm də delimitasiya prosesini uzadan faktorlardandır. Bu faktorlar aradan qalxsa, mən düşünürəm ki, delimitasiya-demarkasiya məsələsi, o cümlədən 8 kənd məsələsi də qısa zamanda, hətta növbəti ildə belə həll oluna bilər. Yox, aradan qalxmasa, prosesin uzanma ehtimalı böyüyəcək"