Cənubi Qafqazda əsas güc, siyasi, iqtisadi mərkəz Azərbaycandır -İlyas Hüseynov- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Qərbin  Azərbaycana təzyiqləri özünü müxtəlif formalarda göstərir və bunun əsas səbəbi geosiyasi reallıqlar kontekstində bəzi qüvvələrin ermənipərəst yanaşması ilə bağlıdır." Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında bildirib:
"Biz anlayırıq ki, bunun digər önəmli bir səbəbi var. Bu geopolitik bir mübarizənin nəticəsidir. Qərb, bu gün Rusiya -Ukrayna müharibəsi fonunda Cənubi Qafqazdan Rusiyanı sıxışdırıb çıxarmaq, Rusiyanın mövqelərinə zərbə vurmaq istəyir. Burada Ermənistanı əlində bir alət kimi istifadə edir. Ermənistan da çox rahatlıqla Qərbin bu manipulyativ oyunlarına gedir. Xüsusilə bu Fransanın timsalında özünü göstərir, bir qədər ABŞ da belə bir yanaşma sərgiləyir. Eyni zamanda məhz elə hazırki reallıqlarda Ermənistanın əli ilə Rusiyanın regiondan sıxışdırılıb çıxarılması prosesi getməkdədir. Biz Qərbin ölkəmizə qarşı qərəzli münasibətində də bunu aydın hiss etməli və başa düşməliyik. Eyni zamanda Qərbin Ermənistanı silahlandırması və Ermənistana müxtəlif hərbi, iqtisadi, siyasi dəstəyin nümayiş olunması birbaşa olaraq bizim ölkəmizə qarşı yönələcəkdir, istifadə olunacaqdır. Burada artıq həyəcan təbili çalınması  önəmlidir. Çünki Fransanın "Bastion" zirehli maşınlarının Gürcüstan vasitəsilə Ermənistana çatdırılmasından sonra artıq yeni partiya silahların Ermənistana verilməsilə bağlı müzakirələr gedir. Düşünürəm ki, bu çox ciddi bir məqamdır. Çünki, uzun müddət öncədə yaranan gərginlikdən sonra hazırda atəşkəs rejiminə riayət olunur, mövqelərimiz atəşə tutulmur. İnformasiya bülletenlərində biz mövqelərimizin atəşə tutulduğunun şahidi olmuruq. Bu sevindirici haldır və bu status-kvonu qoruyub saxlamaq önəmlidir. Sərhədlərin delimitasiyası ilə  bağlı Azərbaycan və Ermənistan arasında Hökümətlərarası Komissiyanın da növbəti iclası noyabrın 30-da keçirildi və mühüm  razılıqlar əldə olundu. Yəni bu danışıqlar formatını inkişaf etdirmək və sülh istiqamətində səyləri daha da gücləndirmək önəmlidir. Fransada,  ABŞ-də olan erməni lobbisi əlbəttə ki, öz marginal maraqlarından bu ikili standartların tətbiqinin tərəfdarıdırlar. Fransada Paris, Leon, Marsel, Nitsa kimi şəhərlərdə ermənilər kompakt məskunlaşıblar, böyük vergi ödəyiciləridir, siyasi elitaya təsir edə bilirlər. ABŞ-də də oxşar bir hala şahid olunur. Xüsusilə də bu gün demokratların yeni seçkilərə hazırlanması və məhz siyasi proseslərə aktiv qoşulmaqla bağlı bu eyni halı biz müşahidə edirik. Ümumilikdə biz Cənubi Qafqazda əsas güc mərkəzi, əsas siyasi, iqtisadi mərkəz Azərbaycandır və Qərb bunu qəbul etməli, bununla razılaşmalı, Azərbaycanın mövqeyini, maraqlarını aydın dərk etməli və bunun əsasında münasibətlər təşviq olunmalıdır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31