ABŞ-Azərbaycan münasibətləri zədələnməyə doğru gedir
1 Dekabr 2023 12:00 SiyasətBu ölkənin xarisi siyasəti dövlət və milli maraqlar üzərində deyil, erməni diasporasının qonorarı əsasında qurulub
SOVİD-19 pandemiyasından sonra dünyanı bürümüş qlobal maliyyə və iqtisadi böhran bir sıra iri dövlətləri zərbə altında qoydu. Pandemiyadan bir neçə il ötməsinə baxmayaraq hələ də hegemon dövlətlərin əksəriyyəti iqtisadi bataqlıqda çabalamaqdadır. Məsələ orasındadır ki, iqtisadi dayanıqlığı müstəmləkə siyasəti ilə təmin etmək çabaları da bir nəticə vermir. Güclü iqtisadi potensiala malik Azərbaycan isə nəinki iqtisadi dayanıqlığını qoruyub saxlaya bildi, həm də iqtisadi siyasətdə əldə etdiyi nailiyyətlər hesabına 30 il işğal altında olan torpaqlarını azad etdi. İndinin özündə də heç bir dövlətdən, yaxud beynəlxalq donordan yardım almadan öz gücü hesabına azad olunmuş torpaqlarda quruculuq-abadlıq işləri aparır. Lakin ölkəmizin bu uğurları ona yeni beynəlxalq müttəfiqlər qazandırmaqla yanaşı, düşmənə çevrilən dövlətlərlə də üz-üzə qoyub. Çox təəssüf ki, Azərbaycanın müstəqil siyasət yürütməsi, hərbi sahədəki nailiyyətləri və ən nəhayət ərazi bütövlüyüynün təmin edilməsini bəzi dövlətlər həzm edə bilmir. Hətta Fransa, Almaniya, Hindistan, ABŞ kimi ölkələr bu istiqamətdə qərəzli mövqelərini açıq şəkildə ortaya qoyublar. Vəziyyət o həddə çatıb ki, ən müxtəlif təzyiq vasitələrləri ilə Azərbaycana təsir edə bilməyən ABŞ daha hiyləgər üsula əl atıb. Belə ki, Azərbaycanın inadından dönməyəcəyini görən ABŞ Türkiyə variantını sınayıb. "B" planını işə salan ABŞ Türkiyəyə F-16-ların verilməsi üçün şərt kimi Ankaradan Azərbaycana Qarabağın azad edilməsi üçün verdiyi dəstəyi kəsməsini tələb edibmiş. Bu barədə Türkiyənən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çəlikin açıqlaması ABŞ-nin nə qədər məkrli bir dövlət olması faktını bir daha təsdiqləmiş olur. Dünyaya silh, ədalət, demokratiya gətirəcəyini bəyan edən ölkənin çoxüzlü siyasəti əslində münaqişə ocaqlarının qızışdırılmasına xidmət edirmiş. Birmənalı şəkildə qeyd edilməlidir ki, belə bir şərtin irəli sürülməsi ABŞ-nin ikiüzlü siyasətinin bariz nümunəsidir. Əgər, bir ölkə öz müttəfiqi ilə təzyiq, təhdid dili ilə danışırsa, deməli həmin dövlətin xarici siyasət strategiyasının əsasını "parçala, hökm sür" prinsipi təşkil edir.
Bütün dünyaya bəllidir ki, Azərbaycan öz torpaqlarını Ali Baş Komandanın rəhbərliyi altında ordu-xalq birliyinin gücü ilə azad edib. Türkiyə Azərbaycana yalnız siyasi və mənəvi dəstək verib. Belə halda ABŞ-nin məsələyə pis niyyətlə yanaşması super dövlətin saman çöpündən yapışmasına bənzəyir. Belədə, F-16, F-35-lərin Türkiyəyə verilməməsinin əsl səbəbləri bəllidir. ABŞ bunun üçün çoxsaylı bəhanələr ortaya atıb Türkiyəyə təzyiq göstərməyə çalışır. Azərbaycana yardım məsələsi də bu bəhanələrdən biridir. Hansı ki, 2001-ci il sentyabrın 11-də Amerikada törədilən dəhşətli terror hadisələri zamanı beynəlxalq terrorizmə qarşı mübarizə adı altında Azərbaycan ABŞ-a öz hava məkanını açıq elan etdi və bu sahədə lazımi məlumatları təqdim etməyə hazır olduğunu bildirdi. Bununla da Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə Amerika ilə həmrəyliyini nümayiş etdirdi. Sonradan Əfqanıstanda və İraqda terrorizmə qarşı mübarizədə Azərbaycanın əsgər və zabitlərinin fəal iştirakı iki ölkə arasında əməkdaşlığı daha da yaxınlaşdırdı. Azərbaycanın antiterror koalisiyasındakı fəal iştirakı ABŞ rəsmiləri və senatorları tərəfindən yüksək qiymətləndirilib. Sözügedən fakt onu da deməyə əsas verir ki, ABŞ-nin xarici siyasəti dövlət və milli maraqlar üzərində deyil, erməni diasporasının qonorarı əsasında qurulub.
Azərbaycana qarşı hazırlanan çoxsaylı planların mövcudluğuna baxmayaraq, hazırda Azərbaycanla hərtərəfli əməkdaşlığa maraqlı olan dövlətlərin sayı getdikcə artmaqdadır. Belə əlaqələr ölkəmizi dünya birliyinə daha da yaxından tanıdır, mövqelərimizi möhkəmləndirir. Azərbaycan-ABŞ münasibətləri isə zədələnməyə doğru gedir. ABŞ-nin istəyi və iradəsindən asılı olmayaraq son illər Azərbaycanın dünya birliyində mövqeləri daha da möhkəmlənmiş, əlaqələri xeyli genişlənmişdir. Hazırda Azərbaycan beynəlxalq aləmdə sülhsevər, demokratik prinsiplərin inkişafına xüsusi önəm verən, iri infrastruktur layihələrin reallaşdırılmasında zəngin təcrübəsi olan bir ölkə kimi tanınır. Sürətli iqtisadi inkişaf yoluna qədəm qoyan müstəqil Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə bir sıraya qoşulmaqdadır.
Alim