O deyirdi: "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya" - Şəbnəm Həsənova- ÖZƏL
30 Noyabr 2023 12:53 Siyasət"Müzəffər Ali Baş Komandanımız, Azərbaycanın inkişafının və tərəqqisinin qarantı cənab İlham Əliyev müharibədən dərhal sonra iki istiqaməti qarşımızda əsas məqsəd kimi müəyyənləşdirdi." Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Bunlardan biri xarici siyasətimizin prioritet istiqaməti olaraq əldə edilən Qələbənin leqallaşdırılması, daxili siyasətin əsas qolu kimi isə Qarabağın sürətli bərpası. "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində bir neçə meyar və istiqamət üzrə işlər sürətlə davam edir. Bunlardan biri də Ümummilli Liderimiz Heydər Əliyevin millətin gələcəyi hesab etdiyi təhsil sahəsidir. Tarixə dönüb baxdığımız zaman Azərbaycanın hərtərəfli inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğu hər addımda sübut olunur. O, aydın şəxs kimi 1969-cu ildə Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi vaxtda bu təhsil ocağı Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi quruldu.
İndi də Qarabağ Universiteti Qarabağın bərpa olunmasında, eyni zamanda insanların orada məskunlaşmasında, gediş-gəlişin, canlanmanın, hər cür mübadilənin mərkəzində dayanacaq. Bizim əbədi Liderimiz Heydər Əliyev nə deyirdi? Deyirdi ki, "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki gedəcəyik. Şuşa Azərbaycanın gözüdür. Hər bir azərbaycanlı üçün iftixar bir nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir, amma tək Şuşa yox. Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İstisusu. Biz onlarsız yaşaya bilmərik. Təsəvvür edə bilmərik". Bu təhsil ocağının isə Xankəndidə açılması hər baxımdan strateji əhəmiyyətli hadisədir. Sadəcə torpaqları bərpa etmirik, eyni zamanda insan kapitalına can verir, yeni nəfəs gətiririk. Dünya görsün ki, torpaqların əsil sahibləri kimdir. Bu təhsil ocağında xüsusi layihələr hazırlanmalı, beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunmalı, dünyanın nüfuzlu ali təhsil ocaqları ilə düşüncə mübadiləsi aparılmalı, fikir ocaqları yaradılmalıdır.
"Təhsil millətin gələcəyidir" deyən Öndərimizin izi ilə gedərək bilməliyik ki, Vətənimizin inkişafı, tərəqqisi, gələcək nəsillərimizin şüurlu, tariximizə, soykökümüzə bağlı inkişafı təhsilsiz, elmsiz mümkün deyil. Böyük mütəfəkkirƏli bəy Hüseynzadə də "türk qanlı, islam imanlı və firəng qiyafəli olalım" formulu bəyan etmişdi. Bu baxımdan da bu gün gənclər arasında kənar meyillər dolanır, cəmiyyətimizə yad ənənələr, ünsürlər sızdırılmağa, yamanmağa çalışılır. Tarixini, soykökünü, dinini unutmadan da müasir olmaq, təhsilli olmaq mümkün, eyni zamanda lazım və labüddür. Əsas tarixi şəxsiyyətlərimizin ideyalarını yaddaş kitabçası, onların yolunu isə formulumuz edərək müasirləşərkən milli-mənəvi dəyərləri də yanımızda tutaraq daha da savadlı olmalı, daha da bilikli bir nəsil yetişdirməliyik. Cəmiyyətin ümumi dəyərlərini gələcək nəsillərə ötürmək yalnız və yalnız sağlam təhsil sistemi ilə mümkündür. Qarabağın bərpasında da sağlam kadrlar lazımdır. Yəni, savadlı olmaqla yanaşı dövlətin dövlətçilik ənənələrinin təməl sütunlarını əsas meyar götürən insanların olması ilkin şərtdir. "