Bu il 19,5 milyon manatdan çox vəsaitin büdcəyə ödənilməsi təmin edilib - Baş prokurorun müavini
30 Noyabr 2023 12:28 SiyasətBu il 19,5 milyon manatdan çox vəsaitin büdcəyə ödənilməsi təmin edilib
Olaylar.az xəbər verir ki, bunu Baş prokurorun müavini Heydər Məmmədov Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunan "İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, cari ilin ilk on ayı ərzində prokurorluq orqanlarının apardığı istintaq tədbirləri nəticəsində istintaqı tamamlanmış cinayət işləri üzrə ümumi ziyan olan 19 564 milyon manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Heydər Məmmədov, həmçinin, vurğulayıb ki, prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin təmin olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli Fərmanı ilə yaradılmış "Elektron Prokurorluq" informasiya sistemi hazırda prokurorluq orqanlarında səmərəli şəkildə istifadə edilməkdədir.
Baş prokurorun müavini onu da əlavə edib ki, "Həmin proqram insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, prokurorluğa müraciət imkanlarının genişlənməsinə, prokurorluğun fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılmasına, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına xidmət edir."
Qeyd edək ki, Bakıda "İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi" mövzusunda beynəlxalq konfrans keçirilir. Konfrans Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, BMT-nin Azərbaycan Nümayəndəliyinin və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə baş tutur. Konfransda dövlət qurumlarının, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edirlər.