Səmərəli iqtisadi layihələrin həyata keçirilməsi Qarabağ regionunda daha sürətli inkişafa şərait yaradacaq - ÖZƏL
29 Noyabr 2023 08:04 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Postmüharibə dövründə Qarabağ iqtisadi rayonunda geniş miqyaslı iqtisadi, sosial-infrastruktur layihələrinin həyata keçirilməsi, iqtisadi-sosial-mədəni inkişafının təmin edilməsi, vətəndaşlarımızın öz doğma yurdlarına qayıtması Azərbycan dövləti üçün prioritet təşkil edir. Bu dövlətin həmin rayonlarda suverenliyinin, iqtisadi-siyasi və hərbi gücünün möhkəmləndirilməsi baxımından da çox əhəmiyyətlidir. Əsasən də əhalinin köçürülməsinin həm də siyasi mahiyyət daşımasını nəzərə aldıqda Azərbaycan dövlətinin bu işə həssas yanaşmasını başa düşmək çətin deyil. "Bu fikirləri Olaylar.az-a Heydər Əliyev adına Hərbi İnstitutun professoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Ramid Hüseynov deyib.
"Düzdür, son üç ildə işğaldan azad edilmiş rayonlarda yaradılmış infrastruktur, abadlıq-quruculuq işləri, yaşayış binalarının və fərdi evlərin tikilməsi, əhalinin ora köçürülməsi və iş yerlərinin yaradılması istiqamətində böyük addımlar atılmışdır. Amma qeyd etmək lazımdır ki, bölgənin iqtisadi potensialı daha yüksəkdir. Şərq-qərb nəqliyyat qovşağında yerləşməsi, zəngin təbii qaynaqları, əlverişli iqlimi, faona və florası, əlverişli türizm potensialının olmasını nəzərə aldıqda, qeyd olunan işlərin düşünülmüş və peşəkarcasına reallaşması böyük ağıl tələb edir. Buna görə də, işlərin yüksək dəqiqliklə, düşünülmüş, yaradıcı formada həyata keçirilməsi: tarixi ənənələri saxlamaqla tam yeni konsepsiyanın, müasir yanaşmanın tətbiq edilməsi də mütləqdir.
Xüsusilə də, yeni çağırışlara adekvat olaraq düzgün, səmərəli və effektiv iqtisadi layihələrin həyata keçirilməsi, innovasiyalara yer verilməsi, idarəetmənin çevikliyinin, dayanıqlığının təmin edilməsi, yüksək ixtisaslı, müasir metodları özündə etiva edən, savadlı, vicdanlı kadrlara etimad göstərilməsi də olduqca vacibdir. Bu baxımdan, dövlət ilkin mərhələdə qeyd olunan bu məqamlara diqqəti ayırmaqla, məsələlərin sistemli və institusional formada həllinə nail olmağa çalışır.
Amma düşünürəm ki, növbəti mərhələdə liberal və azad bazar rəqabətinin yaradılması, uzunmüddətli sadələşdirilmiş və güzətli vergitutmanın tətbiq olunması ilə xarici investorların regiona cəlb edilməsi daha yaxşı olardı. Bu daha qısa zamanda sürətli inkişafı təmin etməyə və həmçinin, dövlət büdcəsinə, dövlətin resurslarına qənaət etməyə imkan yaradacaq. Nəticədə, qoyulan investisiyalar qısa zamanda geri qayıtmaqla regionun iqtisadi asılılığının aradan qalxmasına və ümumilikdə dövlətin gücünün artmasına təkan verəcəkdir. "- deyə politoloq əlavə edib.