Azərbaycan gəncləri bu ali təhsil müəssisəsində qürurla, fəxrlə təhsil alacaqlar - İlyas Hüseynov - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Qeyd etmək lazımdır ki, Xankəndidə "Qarabağ Universitetinin" yaradılması ilə bağlı verilən qərar ictimai rəydə də çox böyük müsbət rezonans formalaşdırıb və əlbəttə ki, bu cür pozitiv xəbərlər hər zaman müsbət reaksiya doğurur." Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında bildirib:
"Çünki işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq, yenidənqurma işləri və eləcə də bölgənin iqtisadi potensialının genişləndirilməsi, əmək bazarına uyğun kadrların hazırlanması, çağdaş dövrə hesablanmış atılan praktiki addımlar əlbəttə ki, hazırki şəraitdə mühim əhəmiyyət kəsb edir. Həm də yeni reallıqların legitimləşdirilməsi baxımından da aktualdır. Digər tərəfdən qeyd etməliyik ki, burada ilk ali təhsil ocağı 1969-cu ildə Pedaqoji İnstitutun filialı kimi qurulub, daha sonra isə 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib. Eyni zamanda biz bu universitetdə müəyyən zaman kəsiyində ölkəmizə qarşı ideoloji işin aparılması, ölkəmizin ərazi bütövlüyünə qarşı müxtəlif fəaliyyətlərin təşkil olunması, Azərbaycan dilinin məhz kəşfiyyat məqsədilə, destruktiv fəaliyyətlərin icra olunması, diversiya hərəkətlərinin icrası məqsədilə tədrisinin də şahidi olmuşuq. Bütün bunlar əlbəttə ki, Müzəffər Ordumuzun lokal xarakterli antiterror tədbirlərinin nəticəsi kimi aradan qaldırıldı. Əlbəttə bu gün yeni üfüqlər formalaşıb. Bu üfüqlər sülh və birgəyaşayış üçün mühim bir baza formalaşdırır və düşünürəm ki, gələcəkdə Azərbaycan gəncləri bu ali təhsil müəssisəsində qürurla, fəxrlə təhsil alacaqlar, yeni-yeni biliklər əldə edəcək, ölkəmizin inkişafı və yeni uğurlar qazanması üçün bu kadrlar əlbəttə əlindən gələni əsirgəməyəcəklər."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31