Ulu Öndərin yaratdığı partiya ölkədə siyasi sabitliyin təminatçısı kimi çıxış edib- ÖZƏL
20 Noyabr 2023 12:33 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edib. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib. Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında Partiyanın yeni sədri -Prezident İlham Əliyevin seçilməsi ilə partiya həyatında yeni dönəm başlamış oldu. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqlik prinsipləri üzərində yeni çağırışlar əsas kimi qəbul edildi". "Olaylar" xəbər verir ki, bunu deyən Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyevin sözlərinə görə, yarandığı qısa zamandan sonra böyük ictimai dəstəklə əhatə olunaraq ölkəmizin və regionun ən nüfuzlu və monolit partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının qarşısında duran taleyüklü vəzifələr ideoloji birliyi şərtləndirib: "Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur. Başlıca prinsip isə vətənə sadiqlik və ümummilli maraqlara sədaqət partiya üzvlərini səciyyələndirən əsas göstəricilərdən biri kimi qəbul olunmasıdır. YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyaya çevrilib. Cənubi Qafqazın ən böyük və nüfuzlu siyasi partiyası səviyyəsinə qədər inkişaf etmiş YAP-ın qərarları, konfransları və qurultayları ölkə ictimaiyyətinin diqqətində olan mühüm məsələlərdəndir. Bu mənada YAP-ın hər qurultayı Azərbaycanın yeni inkişaf tendensiyasında və cəmiyyətin inkişaf istiqamətində mühüm amil kimi önə çıxır".