“Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa keçirilib - ÖZƏL
17 Noyabr 2023 12:34 Siyasət"Heydər Əliyev İli" çərçivəsində Cəbrayıl rayonunda "Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi" mövzusunda tədbir keçirilib. "Olaylar" xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edənlər müstəqil Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin demokratik cəmiyyət və hüquqi dövlətin ən vacib atributlarından olan insan hüquq və azadlıqlarının müdafiəsi üçün tarixi xidmətləri və demokratik hüquqi dövlət quruculuğunda dövlətçilik strategiyasının prioritet istiqamətləri barədə geniş məlumat veriblər. Bildiriblər ki, Azərbaycanda hüquqi dövlət quruculuğu Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Müasir hüquq sisteminin qurulması və inkişaf etdirilməsi Ulu Öndərin dövlətçilik konsepsiyasında xüsusi və mərkəzi yer tuturdu. Ümummilli Lider Heydər Əliyev ölkədə hüquqi dövlətə xas olan qanunçuluğun, ədalət və hüquq qaydasının təmin olunması sahəsində qətiyyətli və cəsarətli addımlar atdı, gələcəyə hesablanan ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirdi. Demokratik hüquqi dövlət quruculuğunda Ulu Öndər Heydər Əliyevin ən böyük əməyi müstəqil Azərbaycanın ilk konstitusiyasının hazırlanması və qəbul edilməsi oldu. Ümummilli Liderin müəllifi olduğu və 1995-ci il noyabrın 12-də Azərbaycanın tarixində ilk dəfə olaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan olundu.