Azərbaycanın İƏT-də üzvlüyü, fəallığı qurumun daha da nüfuzlu görünməsinə xidmət edir - ÖZƏL
16 Noyabr 2023 14:14 Siyasət"İslam Əməkdaşlıq Təşkilatı beynəlxalq dövlətlərarası qurumlardan biri kimi vacib əhəmiyyət kəsb edir, o cümlədən də Azərbaycan üçün. Çünki Azərbaycan bir müsəlman ölkəsidir və təbiidir ki, o qurumun üzvüdür, üstəlik də ən fəal üzvlərindən biridir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Bizim özümüzün problemlərimizin qlobal müstəvidə dilə gətirilməsi, həllinə çalışılması baxımından bu təşkilat vacibdir. Digər bir tərəfdən isə, ümumiyyətlə Azərbaycanın orada üzvlüyü, üstəlik də fəallığı həmin qurumun daha da nüfuzlu görünməsinə xidmət edir. Yəni, əslinə qalanda, bilirsiniz ki, müsəlman aləmində bir qədər çeviklik problemi, ehtiyatlılıq məsələsi var və bütün bunlar da bizim bütövlükdə bir çox məsələlərimizin həllinə əngəl olur. Amma Azərbaycan Respublikası bir dövlət olaraq bu cür məsələlərdə həm çevikdir, həm də gərəksiz yerə ehtiyatlılıqdan uzaqdır. Yəni, Azərbaycan açıq şəkildə öz sözünü deyən, gərək olduğunda hətta ən böyük güclərin üzərinə getməkdən çəkinməyən bir dövlətdir. Bu baxımdan, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanı üzvləri gördüyünə görə əlbəttə ki, şanslıdır. Azərbaycan o təşkilatdakı üzvlüyü dövründə həmişə fəallığı ilə seçilib. Sadəcə olaraq Azərbaycanın bir dövlət olaraq sözünü demək baxımından deyil, bütövlükdə müsəlman aləminin sözünü demək baxımından dövlətimiz fəal olub.
Bu baxımdan, mən düşünürəm ki, bu münasibətlər, bu üzvlük Azərbaycan üçün əhəmiyyətli olduğu qədər də İƏT, eyni zamanda, təşkilatın bütün üzvləri üçün faydalıdır. Əlbəttə ki, bunu dəyərləndirməyi bacaranlar var. Bəzən olur ki, tam olaraq dəyərləndirə bilməyənlərə də rast gəlirik. O da artıq bizim deyil, özlərinin problemidir. Əsas odur ki, Azərbaycan islam aləminin səsi olmaq üçün mümkün olan hər şeyi edir, hətta bəzən mümkün olandan da artığını edir".