Qərb Ermənistandan bir alət olaraq istifadə edir- ÖZƏL

"Bu gün Ermənistanın yanında olan, onların mövqeyini müdafiə edən dövlətlərin hər birinin özlərinin konkret maraqları var. Başqa sözlə desək, istər ABŞ, istər Fransa başda olmaqla bir qism Avropa İttifaqı ölkələri rəsmi İrəvanı erməni sevgisi səbəbilə dəstəkləmirlər. Səbəb özlərinin Cənubi Qafqaz maraqlarını təmin etməkdən ibarətdir".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. Onun sözlərinə görə, Qərb sadəcə olaraq bu məqsədlərini təmin etmək üçün Ermənistandan bir alət olaraq istifadə edir:
"Müxtəlif platformalarda və müxtəlif yollarla Ermənistanı dəstəkləməklə bu ölkənin Rusiya ilə münasibətlərini kəsməsinə və nəticə etibarilə Ermənistandakı Rusiya hərbi bazasının çıxarılması ilə Rusiyanın Cənubi Qafqazdan sıxışdırılmasına nail olmaq istəyirlər. Rusiyadan boşalacaq yeri isə təbii ki, özləri, yəni ABŞ və Avropa tutmaq niyyətindədir".
Yusif Bağırzadə deyib ki, bu gün Ermənistanı silahlandırmaq istiqamətində atılan addımlar da buna xidmət edir:
"Qərb dairələri erməni hakimiyyətində və eləcədə erməni ictimaiyyətində o təəssüratı yaratmağa çalışırlar ki, Rusiya olmayacağı halda belə biz sizin təhlükəsizliyinizə təminat vermək imkanındayıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31