Qəti qələbəmizin bariz nümunəsi
17 Noyabr 2023 12:20 SiyasətXankəndində üçrəngli, ay-ulduzlu bayrağımız dalğalanır
Azərbaycan xalqı uzun illər ərzində torpaqlarımızın işğal altında qalmasına dözməklə yanaşı həmin illər ərzində gücünün, qüdrətinin artırılmasını təmin etdi, beynəlxalq siyasətdə uğurlar qazandı və düşmən üzərində tarixi Zəfər qazandı. Bu işdə xalqın milli həmrəyliyi, Rəhbər-Xalq-Ordu birliyi əsas amil oldu. Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev qeyd edib ki, Zəfər günümüz ümummilli qürur günümüzdür: "Ali Baş Komandanımız, 30 ildir ki, tapdalanan ləyaqətimizi, ümidimizi bərpa etdi. Bu illər ərzində erməni diasporu və Qərb dövlətləri Ermənistanı, Qarabağdakı separatçı rejimi ciddi və açıq şəkildə müdafiə edirdilər. Azərbaycana təzyiq göstərirdilər ki, biz gedib separatçılarla bir masa arxasında əyləşib Qarabağın statusunu müzakirə edək. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın və Qərbin birlikdə həyata keçirdikləri bu çirkin siyasi oyunları pozdu, ərazi bütövlüyü məsələsində ortaya prinsipial, qətiyyətli mövqe qoydu. Ali Baş Komandan haqlı olaraq həm siyasi, diplomatik, həm də hərbi müstəvidə Qarabağın azadlığı üçün fəaliyyətləri gücləndirdi. Ordu quruculuğu sürətləndirildi. Peşəkar hərbi birləşmələr yaradıldı. Vətənpərvərlik ruhunda böyüyən gənclər böyük həvəslə hərbi biliklərə yiyələndilər. Silahlı Qüvvələr üçün ən müasir silahlar əldə olundu, hərbi hissələrin maddi-texniki bazası gücləndirildi. Hərbçilərimiz Türkiyədə, Pakistanda, MDB çərçivəsində bir sıra ölkələrdə təlimlər keçdilər. Qarabağ işğal olunarkən körpə olan övladlarımız böyüyüb Vətənə qəhrəman əsgər oldular. 2020-ci il sentyabrın 27-də cənab Prezidentin əmri ilə Ordumuz hücuma keçdi və 44 gün ərzində Azərbaycan torpaqlarını erməni işğalçılarından təmizlədi. Noyabrın 8-də Azərbaycan mədəniyyətinin paytaxtı olan, Şuşa şəhəri azad edildi, üçrəngli bayrağımız qədim şəhərimizdə dalğalandı. Mərd oğullarımız alınmaz qala hesab olunan Şuşaya piyada, döyüşə-döyüşə qalxdılar. Təbii istehkam olan Şuşanın sıldırım qayaları ilə şəhərə daxil olan igidlərimiz orada əlbəyaxa döyüşlə düşməni məhv etdilər. Şuşanın azad edilməsi ilə Azərbaycan Ordusunun qarşısına qoyulan ilkin missiya tamamlandı. Tarixən Şuşaya kim nəzarət edibsə, Qarabağ da onun olub. Bunu başa düşən Ermənistan ağ bayraq qaldıraraq kapitulyasiya aktına imza atdı. Ermənistanın baş naziri Nikol Paşinyan özü müsahibələrində bildirirdi ki, məğlubiyyət aktına - 10 noyabrda imzalanan üçtərəfli bəyanata imza atmasaydı Qarabağdakı bütün erməni silahlıları mühasirəyə düşüb məhv ediləcəkdilər".
Onun sözlərinə görə, Zəfər günü bizim yeni qələbələrimizin də yolunu açdı: "Çoxları düşünürdü ki, 10 noyabr razılaşmasından sonra Azərbaycan Ordusu Qarabağda daha heç zaman hərbi əməliyyatlar həyata keçirməyəcək. Ermənistanın 10 noyabr bəyanatının şərlətini açıq-aşkar pozması Ordumuzu hərəkətə gətirdi. Ağdam, Kəlbəcər, Laçın müharibəsiz Azərbaycana təhvil veriləndən sonra ordumuz digər yüksəkliklərə nəzarəti həyata keçirdi. 2023-cü ilin aprelində Ermənistanla şərti sərhəddə - Laçında keçid məntəqəsi quruldu. Ermənistandan Qarabağa silah-sursat daşınmasının, digər qaçaqmalçılıq fəaliyyətlərinin qarşısını aldıq. Amma erməni separatçıları yenə da çirkin, məkirli əməllərindən əl çəkmədilər. Qondarma rejim referendum, seçkilər keçirir, əraziləri minalayır, terror aktları həyata keçirirdilər. Nəhayət Azərbaycan dövləti revanşist qüvvələrin özbaşınalığına lazımi cavab verdi və sentyabrın 20-də ordumuz antiterror tədbirləri həyata keçirərək bütün Qarabağı separatçılardan təmizlədi. Üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, Əsgəranda dalğalandı. Sözü ilə əməli bir olan Müzəffər Ali Baş Komandanımız 20 il bundan əvvəlı ilk dəfə andiçməsi zamanı "Əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq" deyərək xalqa verdiyi sözü yerinə yetirdi. Prezident İlham Əliyev Xankəndidəki çıxışında bildirdi ki, bu gün Xankəndidə olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır: "Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir". Bəli bu gün birmənalı qeyd etməliyik ki, Zəfər gününün memarı Azərbaycan xalqını vahid yumruğa çevirən Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Vətən müharibəsi 44 gün çəksə də, Zəfər gününə gedən yol daha uzun və daha çətin olub. İstər hərbi müstəvisində, istər hərbi-siyasi və diplomatik müstəvidə bu zəfərin əldə olunması üçün böyük zəhmətlər çəkilib, cəsarət nümayiş etdirilib. Biz təkcə Ermənistanı deyil, onun arxasında duran böyük gücləri məğlub etdik. Sözün əsil mənasında milli həmrəyliyə söykənən Zəfər günümüz Böyük Qayıdışa yol açan hadisə olmaqla, Azərbaycan xalqının milli qürur günü, dövlətçilik tariximizin mühüm və şanlı səhifəsidir".
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov isə qeyd edib ki, Azərbaycanın üç rəngli, ay-ulduzlu şanlı bayrağının Xankəndində qaldırılması xalqımızın Vətən müharibəsindəki mütləq qələbəsinin bariz nümunəsidir: "Güclü ordu, hərtərəfli düşünülmüş siyasət və xalq-ordu-iqtidar birliyi bir araya gəldikdə əldə olunan müvəffəqiyyətlər həm çox və mükəmməl olur, həm də gələcək növbəti uğurların əsası qoyulur. 44 günlük Vətən müharibəsində Azərbaycanın rəşadətli ordusunun Xankəndiyə - müqəddəs şəhərimizə girməməsinin, şəhərin kandarındaca dayanmasının səbəbləri indi-indi bəlli olur. Çünki bir çox məsələlər qol gücünə, silah-sursat hesabına deyil, məhz siyasətlə həll edilməlidir. İşğalda olan bir sıra rayonlarımızın, eləcə də Xankəndinin antiterror tədbirlərindən sonra, həm də danışıqlar yolu ilə qaytarılması rəsmi Bakının dünyaya ötürmüş olduğu mesajı kimi də sayıla bilər. Çünki əgər bu torpaqlar ermənilərə məxsus olsaydı, onlar hər bir qarış üçün ölüm-dirim savaşı aparar, döyüşə-döyüşə geri çəkilərdilər, nəinki belə formada təhvil verərdilər. Necə ki, biz Birinci Qarabağ mühasribəsi zamanı vətənimizin hər qarışı üçün döyüşmüş, addım-addım, can verərək, qan tökərək geri çəkilməyə məcbur olmuşduq. Amma heç bir halda torpaqlarımızdan könüllü şəkildə çıxmamışdıq. Dünya yaranandan bu günə kimi baş vermiş bütün müharibələrdə hələ heç kim ona aid olan torpaqları bu formada qarşı tərəfə təhvil verməyib. Deməli, ermənilərin, heç nə olmamış kimi, torpaqları boşaltması həmin ərazilərin məhz azərbaycanlılara aid olduğunun bariz sübutudur. Ona görə də 44 günlük Vətən Müharibəsi zamanı ordumuzun Xankəndi və digər rayonlarımızın kandarında dayanması siyasi baxımdan ən doğru qərar hesab olunmalıdır. Həyata keçirilən siyasətin gücü də məhz ondadır ki, daha çox şəhid vermədən, daha ağır nəticələrə səbəb olmadan öz torpaqlarını geri qaytarmağı bacarasan. Bu baxımdan Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət mükəmməldır".
Onun sözlərinə görə, dövlət başçımızın Xankəndi, Xocalı və Xocavənddə bayrağımızı qaldırması, həm də "müharibə vaxtı bu şəhərlərə ordumuz nə üçün girmədi" sualına verilmiş çox yaxşı və tutarlı cavabdır: "Bu həm də onu göstərir ki, hökümətimiz reallığı, dünya düzənini daha yaxşı analiz edir və daha uğurlu nəticələrə gətirəcək, praqmatik siyasət yürüdür. Baş verən proseslər və əldə olunan nailiyyətlərə baxıldıqda Prezident İlham Əliyevin nəyi, necə və nə vaxt etmək lazım olduğunu hamıdan yaxşı bildiyinin bir daha şahidi oluruq. Dövlətimizin başçısının xalqı qarşısında verdiyi sözlərin bir-bir həyata keçdiyini müşahidə etməkdəyik. "Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq." - deyən Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində düşmən bizim əzəli torpaqlarımızdan qovulub. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır".
Alim