Fransa işğalçı dövləti silahlandırmaqda hansı məqsədi güdür?

Avropa İttifaqı da Ermənistanı silahlandırmaqda maraqlıdır

44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbə təkcə Ermənistanı deyil, eləcə də 30 il ərzində işğalçı dövlətə himayədarlıq edən ölkələri də narahat etməkdədir. Maraqlıdır, Azərbaycanın əbədi və əzəli əraziləri işğal altında qalanda, bir milyona qədər qaçqın və məcburi köçkünü olduğu halda sumağı üstün tutan dövlətlər və beynəlxalq təşkilatlar indi növbəlik sistemində ölkəmizi ərazi bütövlüyünü təmin etməsinə görə məzənmmət edirlər. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bəyan etdiyi, beynəlxalq hüquq normalarına uyğun olaraq torpaqlarını işğaldan azad etdiyini bəyan etdikdə isə yeni ittihamlar ortaya atılır. Daha dəqiq, ölkəmizi ittiham etmək üçün bəhanə tapa bilməyən beynəlxalq güclər Azərbaycanın Ermənistana hücum edəcəyini bəyan edirlər. Artıq münəccimlik, öncəgörənlik statusuna enmiş həmin beynəlxalq təşkilatlar məhşur "Qurd və quzu" təmsilində olduğu kimi "nə olsun o vaxt sən yox idin, valideynlərin ki var idi"- anlamında mövqe sərgiləyirlər. Nəticə etibarilə Ermənistan vasitəsilə Azərbaycana təzyiq göstərməyə çalışırlar. Heç şübhəsiz ki, burada məqsəd Cənubi Qafqazda mövqe üstünlüyü əldə etməkdir. Birmənalı qeyd edilməlidir ki, bu istiqamətdə müstəmləkəçi və irqçi siyasəti ilə öndə gedən Fransa, Almaniya, Avropa İttifaqı daha çoz canfəşanlıq edir. Məslən, Azərbaycan bölgədəki silahlı birləşmələri tərksilah etməsindən sonra sülh gündəliyini irəli sürdüyü halda, Fransa yenidən bölgəyə silah-sursat göndərməsi sülh prosesinə böyük zərbə, yeni münaqişələr üçün zəmin yaratmağa çalışır. Ancaq unudurlar ki, Azərbaycan təkcə torpaqlarını işğaldan azad etmədi, eyni zamanda bölgədə ədaləti bərpa etdi. Məhz bu səbəbdən ölkəmizə qarşı atılan iftiralar, törədilən təxribatlar nəticəsiz qalır. Başqa sözlə, hansı beynəlxalq qanunda yazılıb ki, separatçıları, qanunsiz silahı birləşmələri zərərsizləşdirərək ərazi bütövlüyün və suverenliyin bərpa edilməsi yolverilməzdir. Azərbaycan hətta antiterror tədbirləri zamanı beynəlxalq hüquq normalarına riayət etdiyindən Fransanın  təkidi ilə Ermənistana göndərilən Avropa İttifaqının "sivil" missiyası heç nəyə nail ola bilmədi. Artıq indi hərbi missiya haqda danışılır, Fransa İrəvanda daimi hərbi attaşesinin təyinatına hazırlıq, Ermənistanın silah-texnika parkını yeniləməyə çalışılır. Bu isə o anlama gəlir ki, Fransanın son məqsədi neomüstəmləkəçilik siyasətini Qafqaza gətirməkdən ibarətdir. Qəribə orasıdır ki, Fransa ilə yanaşı bir sıra digər Avropa ölkələrinin də Ermənistanın silahlandırılmasına dəstək verməsi müşahidə olunmaqdadır. Fransanın Ermənistanı silahlandırması, Aİ nin missiyasının genişləndirilməsi ilə bağlı Jozep Borrelin açıqlaması, Kanadadan sonra ABŞ -ın da bu missiyaya qoşumasının reallaşması, Aİ nin Sülh Fondunun Ermənistanda işə başlaması  Qərbin Ermənistan vasitəsilə Cənubi Qafqazda vəziyyəti gərginləşdirməsindən xəbər verir.

Sirr deyil ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın işğalı dövründə münaqişənin dinc yolla nizama salınmasıüçün göstərilən səylərin nəticə verməməsinin əsas səbəbi təcavüzkar dövlətin öz adı ilə çağırılmaması, vasitəçilik vəzifəsini öhdəsinə götürən dövlətlər, xüsusən Fransa tərəfindən ikili standartlara yol verilməsi, işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir tutulması, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməməsi, beynəlxalq qaydalara meydan oxuyan Ermənistan dövlətinə münasibətdə lazımi qətiyyətin göstərilməməsi, bir sıra hallarda isə onun açıq-aşkar şirnikləndirilməsi olmuşdur. Təəssüflə qeyd edilməlidir ki, bu gün Fransanın hakimiyyət orqanlarının, o cümlədən parlamentin hər iki palatasının təxribatçı addımları Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçməsinə, münasibətlərin normallaşmasına zərbə vurur, qonşu dövlətlərə qarşı ərazi iddiaları üzərində qurulan erməni şovinist ideologiyasının məqsədlərinə xidmət edir, revanşist və aqressivseparatçı qüvvələri həvəsləndirir, regionu yeni təhlükələrə yönləndirir. Populist siyasi baxışlar əsasında Fransanın daxili siyasi gündəliyi və müxtəlif lobbi dairələrinin maraqlarının Cənubi Qafqaz regionuna daşınması qəbulediməzdir.

Tarixi fakt ondan ibarətdir ki, Azərbaycanı Ermənistana qarşı müharibə cinayətləri törətməkdə əsassız ittiham edən Fransanın öz tarixi müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə zəngindir. Dünyanın müxtəlif bölgələrində 50-dən artıq dövlətin ərazisini işğal etmiş, sərvətlərini talamış, xalqlarını uzun illər əsarətdə saxlamış Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir. Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlədinc sakini kütləvi surətdə qətlə yetirmiş və açıq şəkildə qul ticarəti ilə məşğul olmuşlar. Törədilmiş soyqırımı cinayətləri Fransanın siyasi tarixində silinməsi mümkün olmayan ləkədir. Fransa hələ də dekolonizasiya kateqoriyasına aid edilən bir sıra əraziləri qanuni sahiblərinə qaytarmır və neokolonializm siyasəti əsasında həmin ərazilərin anneksiyası xəttini yürüdür. Fransada irqçilik, islamofobiya və antisemitizmin ifrat həddə çatdığı artıq danılmaz bir faktdır.Fransa siyasətçiləri unutmamalıdırlar ki, müstəmləkəçilik insanlıq əleyhinə cinayətdir.  Siyasi ekspertlər hesab edirlər ki, Fransanın Ermənistana silah satışı həyata keçirməsi, Avropa İttifaqının razılığı ilə həyata keçirilir. Avropa İttifaqı, onun xüsusilə xarici siyasət və təhlükəsizlik komissarı Fransanın Ermənistanla hərbi sazişinə və Fransanın bu ölkəni hərbi texnika ilə təmin etməyə başlamasına reaksiya verməməsi o deməkdir ki, Avropa İttifaqı da Ermənistanı silahlandırmaqda maraqlıdır. Belə bir halda işğalçı dövlətin silahlandırılmasının hansı məqsədə xidmət etdiyini təsəvvür etmək elə də çətin deyil. 

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31