Qərb Azərbaycanın Qarabağ Zəfərini həzm edə bilmir
17 Noyabr 2023 12:07 SiyasətFikrət Yusifov: "Onun bölgədə kirli maraqları ilə bu bölgədə sülh yaratmaq təşəbbüsləri üst - üstə düşə bilməz"
Qərbdə, Avropada Azərbaycana qarşı sanki səlib yürüşü başlayıb. Bir-birinin ardınca Avropanın siyası təsisatları Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirərək Bakını hədəfə alırlar. Roma papasından daha çox katolikə çevrilən Qərb, Avropanın ayrı-ayrı təsisatları Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinə Ermənistandan daha çox məyus olublar. Ona görə də bütün imkanlarını Ermənistanı haqsız yerə müdafiə etmək, onu silahlandırmaq və regionda yeni bir müharibəyə rəvac verməyə səfərbər ediblər. Elə "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov da bu qənaətdədir. Onun sözlərinə görə, Qərb Azərbaycanın Qarabağ Zəfərini həzm edə bilmir:
"Bu gözlənilən idi. Çünki Qərb 30 ildə Ermənistanla Azərbaycan arasında yaranmış bu münaqişəni həll etmək istiqamətində bir dəfə də olsun real və təsirli addım atmadı. ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişəni həll etmək əvəzinə Azərbaycanla Ermənistana saysız - hesabsız və mənasız səfərlər edə - edə bu yolda qocaldılar. Bu təşkilat 30 il ərzində problemin həlli üçün heç bir təsirli addım atmaq istəmədi. Əslində o, heç öz qarşısına belə məqsəd də qoymamışdı".
Fikrət Yusifovun sözlərinə görə, əksinə illər sonra məlum oldu ki, ATƏT-in Minsk Qrupunun əsas missiyası status-kvonun saxlanmasını təmin etmək və beləliklə Azərbaycanı Qarabağın işğalı ilə barışdırmaq olubdur:
"Azərbaycan bu təşkilatın oyunbazlığına uzun müddət dözsə də sonda onun fəaliyyətinə xitam verdi. Qərb 44 günlük savaşda Azərbaycanının böyük qələbəsindən sonra bu ölü doğulmuş təşkilatı diriltməyə nə qədər can atsa da Azərbaycan hakimiyyəti bu təşəbbüslərin hamısını rədd etdi. Təbi ki, bu, Qərbin, ilk növbədə ermənilərin bacısı olan Fransa kimi dövlətin bölgədəki maraqlarına zidd bir addım idi".
Fikrət Yusifov deyib ki, Azərbaycana ATƏT-n Minisk Qrupu vasitəsilə təsir imkanlarını tam itirən Qərb Azərbaycan hakimiyyətinə təsir etməyin yeni üsullarının axtarışına çıxdı:
"Fransa təşəbbüs göstərərək Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında, Avropa Şurasında və digər beynəlxalq müstəvilərdə Azərbaycanın haqq işini qaralamaq yolları axtardı. Lakin bu axtarışlar heç bir nəticə vermədi və verə bilməzdi. Çünki Azərbaycanın atdığı bütün addımlar beynəlxalq hüququn tələblərinə və normalarına tam uyğun idi. Bu səbəbdən BMT-də, Avropa Birliyi, Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq təşkilatlarda Azərbaycanı ittiham etməklə bağlı onların qaldırdıqları bütün təşəbbüslər sonda fiaskoya uğradı".
"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri deyib ki, Qərbin bölgədə kirli maraqları ilə bu bölgədə sülh yaratmaq təşəbbüsləri üst - üstə düşə bilməz:
"Bu səbəbdən əli hər yerdən çıxmış Qərb indi də Fransnın və Hindistanın əli ilə Ermənistanı silahlandırıb ona revanşist əhval-ruhiyyə aşılamaq istəyir. Təsəvvür edirsinizmi, döyüşdə ölümcül nokaut olmuş və ayaq üstə dayana bilməyən, başı sallanan birinin qollarından tutub qaldırırlar və ona deyirlər ki, qalx sən döyüşməli, qisas almalısan. Bunu edən əli dünyanın bir çox ərazilərindəki regional maraqlardan çıxmış və başını itirmiş Fransa kimi dövlətlər eyni zamanda çox yaxşı anlayırlar ki, onlar darmadağın edilmiş Ermənistan ordusunu nə qədər silahlandırsalar da bu ordunun Azərbaycan Ordusu qarşısında əzələ nümayiş etdirməsi mümkün deyil. Öz torpaqlarının bütövlüyünü qanı - canı hesabına təmin etmiş Azərbaycan əskəri bu gün böyük ruh yüksəkliyi əhval - ruhiyyəsindədir, hərb meydanından qorxaq dovşan kimi qaçmış erməni əsgəri onun qarşısında duruş gətirə bilərmi? Əsla yox".
Fikrət Yusifov sonda onu da deyib ki, Qərbin bu çabaları sonluğa yaxınlaşır: "İndi onları daha çox Ermənistanın bir dövlət kimi taleyi düşündürsün".
Süleyman