Azərbaycan təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda öhdəliklərini yüksək səviyyədə yerinə yetirən etibarlı dövlət kimi tanınır

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Mübariz Göyüşlü: "Azərbaycan Respublikası dünya birliyinə inteqrasiya istiqamətində çox ciddi çalışmalar həyata keçirən bir dövlətdir"

Müasir dövrdə siyasi və iqtisadi inteqrasiya prosesləri, dövlətlərin regional birlik və ittifaqlarının formalaşması geniş vüsət almışdır. Bu gün Azərbaycan dövləti də dünya birliyinə inteqrasiyanı milli inkişafın prioritet istiqamətlərindən biri hesab edir. Azərbaycan inteqrasiya şəraitinin formalaşdırılması üçün üzərinə düşən bütün missiyanı yerinə yetirir. Siyasi şərhçi Mübariz Göyüşlü bu mövzudakı fikirlərini belə şərh edir:

"Qeyd edim ki, Azərbaycan ümumiyyətlə BMT də daxil olmaqla, təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda üzərinə düşən öhdəlikləri ən yüksək səviyyədə və vaxtında, dəqiq şəkildə yerinə yetirən etibarlı bir dövlət, partnyor kimi tanınır. Azərbaycan istər BMT-nin müxtəlif strukturlarına rəhbərlik etdiyi dönəmlərdə, istər Qoşulmama Hərəkatına, istər Türk Dövlətləri Təşkilatına, İslam Əməkdaşlıq Təşkilatına, İqtisadi Əməkdaşlıq Təşkilatına və s. qlobal və regional miqyasda beynəlxalq təşkilatlarda həm təmsil olunduğu zaman, həm onlara rəhbərlik etdiyi zaman, həm onların müxtəlif strukturlarına rəhbərlik etdiyi zaman bayaq qeyd etdiyim kimi, üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirmişdir və bəzi məqamlarda yalnız üzərinə düşən öhdəlikləri yerinə yetirməklə yetinməmiş, əlavə təşəbbüslər, təkliflərlə çıxış edərək, aktiv bir dövlət, beynəlxalq partnyor olaraq tanınmışdır. Məsələn, Qoşulmama Hərəkatı var ki, o, BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatıdır. Azərbaycan ona sədrlik edirdi, Azərbaycanın ona sədrliyi dönəmində Qoşulmama Hərəkatı bəlkə də tarixində az-az ola biləcək məqamlardan biri idi ki, çox aktiv bir hala gəldi. Təşəbbüslərlə, təkliflərlə çıxış etdi və o qədər bu aktivlik müsbət qarşılandı ki, Azərbaycanın sədrliyi bir il daha uzadılmış oldu.
Azərbaycanın bütün beynəlxalq təşkilatlarda, dünya birliyinin qlobal məsələlər ilə bağlı etdiyi təşəbbüslərdəki çalışmaları hamısı sülhün, ədalətin, beynəlxalq hüququn, beynəlxalq təhlükəsizliyin qorunmasının yüksək səviyyədə icrasına yönəlmiş çalışmalar idi. Azərbaycan istər Cənubi Qafqaz regionunda, istər Avrasiyada, istərsə də dünyada, özünün yerləşdiyi region da daxil olmaqla bayaq qeyd etdiyim prinsiplərin daha geniş şəkildə oturuşması üçün hər zaman bu və ya digər formada təkliflər və təşəbbüslərlə çıxış edir.
Baxın, Azərbaycan pandemiya vaxtı Qoşulmama Hərəkatının sədri olaraq vaksin millətçiliyinə qarşı kəskin şəkildə çıxışı edən ölkələrdən biri olmuşdur. Azərbaycan inkişaf etməkdə olan ölkələrinə, xüsusilə də Afrika ölkələrinə və digər ölkələrə təmənnasız şəkildə vaksinin verilməsi, çatdırılmasını həyata keçirən ölkələrdən biri olmuşdur. Azərbaycanın bu təşəbbüsü istər Qoşulmama Hərəkatı, istər BMT tərəfindən çox böyük təqdirlə qarşılanmış, qiymətləndirilmişdir.
Azərbaycan hər zaman dövlətlərin ərazi bütövlüyü ilə bağlı beynəlxalq hüququn prinsiplərindən çıxış edir. Azərbaycan hər zaman ərazi bütövlüyünün və suverenliyin pozulmazlığı, onun bütövlüyü ilə bağlı məsələlərdə digər dövlətlərə dəstəyini siyasi, diplomatik mənada fikirlərini hər zaman ifadə edir, səsləndirir. Bizim üçün bu məsələlər həm də ona görə prinsipial əhəmiyyət daşıyır ki, əvvəla, bu Azərbaycan dövlətinin xarici siyasətdə tutduğu ədalətli mövqedən çıxış etmək prinsipindən irəli gəlir. Amma eyni zamanda, biz özümüz də 30 ilə yaxın separatizmlə, terrorizmlə, işğalçılıqla, soyqırım siyasətindən əziyyət çəkən bir dövlət, xalq, toplum olaraq, düşünürəm ki, bu məsələləri diqqətdə saxlamağımız, bu məsələlərdə ədalətli mövqedən çıxış etməyimiz təbiidir.
Azərbaycan Türk Dövlətləri Təşkilatının formalaşması, inkişafında və müasir mərhələyə gəlib çatmasında çox böyük rolu olmuş bir dövlətdir. Türk Dövlətləri Təşkilatının müxtəlif strukturlarının formalaşması, onun dünyada nüfuzunun artması istiqamətində görülən işlərdə Azərbaycanın əməyini danmaq mümkün deyil. İlk günlərdən Azərbaycan türk dövlətlərinin birliyi üçün ən ciddi çalışmalar aparan, səy göstərən dövlətlərdən biri olmuşdur.
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında da fəal davranışları, çıxışları ilə yadda qalan bir ölkədir. Hər zaman islam həmrəyliyinə Azərbaycan dəstək olmuşdur. Təsadüfi deyil ki, İslam Həmrəyliyi Oyunları, Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi yüksək səviyyədə təşkil olmuşdur. Azərbaycan bütün bu istiqamətdə olan məsələlərdə çox fəal dəstək verir, iştirak edir.
Azərbaycanın müxtəlif beynəlxalq strukturların mərkəzi qərargahının Bakıda yerləşməsi də, məsələn, Türk Dövlətləri Təşkilatının Parlament Assambleyasının və s. mərkəzlərinin Azərbaycanda yaradılması məsələsinin gündəmdə olması, GUAM ölkələrinin birliyinin formalaşması, MDB ölkələri ilə bağlı məsələlər və s. məqamlarda çalışmalarını unutmaq mümkün deyil. Bütün bu fəaliyyətlər, görülən işlər həm həmin təşkilatların üzvü olan ölkələr tərəfindən təqdirlə qarşılanır, həm də onun fəaliyyətini izləyən, həmin təşkilatlarda təmsil olunan şəxslər, beynəlxalq ekspertlər tərəfindən və digər dünyada sülhün, ədalətin bərqərar olmasına maraqlı olan ölkələr tərəfindən də müsbət qarşılanır.
Azərbaycan eyni zamanda, beynəlxalq təşkilatlar qarşısında öhdəliklərini yüksək səviyyədə yerinə yetirən ölkələrdəndir. Azərbaycan beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi, onların fəaliyyətinin həyata keçirilməsi üçün müəyyən məsələlərdə maddi dəstək göstərilməsi və s. məsələlərdə də heç vaxt üzərinə düşən öhdəlikləri ləngitməz, bunları yüksək səviyyədə icra edər və hal-hazırda da bu istiqamətdə aktiv şəkildə çalışmalarını davam etdirilir.
Azərbaycan beynəlxalq miqyasda mövzuların, problemlərin müzakirə olunduğu əsas ölkələrdən biridir. Bizdə qlobal forumun keçirilməsi, mədəniyyətlərarası dialoqlarla bağlı toplantıların keçirilməsi, müxtəlif beynəlxalq təşkilatların tədbirlərinin Bakıda və Azərbaycanın digər bölgələrində keçirilməsi ölkəmizin beynəlxalq məsələlərin, qlobal mövzuların müzakirə olunduğu, qərar verildiyi, ptobleminin həll olunduğu ünvanlardan birinə çevirib. Biz bu gün müşahidə edirik ki, Azərbaycan həmin qlobal mövzuların diskusiyalarının aparıldığı və get-gedə dünyada nüfuzu, etimadı daha da artan mərkəz roluna çevrilməkdədir. Bütün bunlar bizim xarici siyasətdə, beynəlxalq miqyasda görüləcək işlərlə bağlı planlı çalışmalarımızın uğurlu nəticəsidir ki, bu işlərin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün də Prezident İlham Əliyev tərəfindən icra olunur.
Azərbaycan eyni zamanda, bayaq qeyd etdim, dünyada sülh və ədalətdən tərəf kimi çıxış etməklə yanaşı, həm də müstəmləkəçiliyə qarşı səsini ucaldan dövlətlərdən biridir. Böyük bir miqdarda dövlətlər Fransa və bu kimi başqa dövlətlərin müasir müstəmləkəçiliyini görür, anlayır, amma ona susur. Azərbaycan isə bununla bağlı nəinki susur, etiraz səsini ucaldır, həmin əzilən xalqların hüquqlarının qorunduğu mərkəzə çevrilir. Burada onların müdafiəsi ilə bağlı qurumlar yaradılır, Bakı şəhərində müzakirələr aparılır və Bakı şəhərindən bütün dünyaya həmin o müstəmləkəçiliyin ziyanı, bunu həyata keçirən dövlətlərin qəbul edilməz fəaliyyəti və bu fəaliyyətin dünya xalqlarının, xüsusilə azsaylı xalqların, inkişaf etməkdə olan ölkələrin mövcudluğuna vura biləcəyi zərbələr geniş şəkildə vurğulanır, təhlil olunur, dünyaya çatdırılır.
Azərbaycan öz qonşuları ilə normal sivil münasibətlər qurmağı bacaran bir ölkədir, Ermənistanı çıxmaq şərtilə. Gürcüstan Rusiyanın təcavüzünə məruz qalarkən, Azərbaycan qonşuluq missiyasını yerinə yetirmiş, Gürcüstana təmənnasız yardım etmişdir. Bu gün Ukraynaya Azərbaycan humanitar miqyasda kömək göstərir. Qardaş Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycan ora çox ciddi şəkildə dəstək göstərir. Zəlzələ zamanı dağılmış bütöv bir məhəllənin salınmasını Azərbaycan hal-hazırda öz üzərinə götürüb və s. bu istiqamətdə biz çox nümunələr gətirə bilərik. Bütün bunlar Azərbaycanın xarici siyasətdə həyata keçirdiyi uğurlu fəaliyyətin, beynəlxalq miqyasda uğurlu tərəfdaş olmasının, Azərbaycan xalqına göstərilən etimadın göstəricisidir".

Röyalə Xəyal

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31