Avropa İttifaqının ikili siyasəti davam edir - ÖZƏL

Avropa İttifaqı sülh fondu vasitəsilə Ermənistana hərbi yardım edir.

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel son çıxışında bildirib ki, "Avropa Sülh Fondununun vasitələri hesabına Ermənistana mümkün qədər dəstək göstəriləcək. Biz Ermənistanda sabitliyi pozmağa yönəlmiş istənilən cəhdə qarşı ayıq olmalıyıq. Ermənistanın ərazi bütövlüyünə xələl gətirmək cəhtləri qəbuledilməz olacaq və münasibətlərimizin keyfiyyəti üçün ağır nəticələr doğuracaq".

Cozef Borrelin bu açıqlamasına cavab olaraq, "Bu çıxışlar yeni qarşıdurmalara sürükləyən siyasətdən xəbər verir"- deyə,  Azərbaycan Xarici İşlər Nazirliyi bildirib.

Avropa İttifaqının məqsədi nədir? Və niyə daha çox Ermənistanın lehinə çıxışlar edir?

Bununla bağlı siyasi şərhçi Kənan Novruzov fikirlərini bölüşüb: "Avropa İttifaqının Ermənistan leyhinə olan çıxışlarının əsas məqsədi Ermənistanı tərəfinə çəkərək, Rusiyadan uzaqlaşdırmaqdır. Bütün bunlar təəssüf ki, region üçün yaxşı nəsə vəd etmir. İndiki vəziyyətdə rəsmi Bakı təmkinlə davranmalıdır."

Siyasi şərhçi, həmçinin, "Avropa və ABŞ dünyanı sürətlə üçüncü Dünya müharibəsinə aparır. Belə bir vəziyyətdə təmkinli və soyuqqanlı olmaqda fayda var" fikrini də qeyd edib.

Hərbi ekspert Həşim Səhrablı da Avropanın Ermənistanı silahlandırmasıyla bağlı öz fikrini bildirib: "Avropa dövlətlərinin hazırda Ermənistanı silahlandırması tamamilə Azərbaycana qarşı yönəlmiş bir addımdır. Və bunun nəticəsində Cənubi Qafqazda istənilən münaqişə ocağının yaranması buradakı təsir gücü çox olan Rusiya və İrana sərf edir. Çünki Avropa dövlətləri, xüsusən də, Fransa başda olmaqla Qərb dövlətlərinin Cənubi Qafqazda təsir imkanları zəifdir və buradan çox uzaqdadırlar. Buna görə də, onlar burdakı münasibətləri diplomatik yollarla həll etməyə çalışırlar. Aİ yaxşı bilir ki, Azərbaycan heç bir halda Cənubi Qafqazda onların sözləri ilə oturub-duracaq bir dövlətə çevrilməyəcək. Bunu edə biləcək potensiala sahib Ermənistan dövləti var. Ona görə də çalışırlar ki, Ermənistan dövlətini Cənubi Qafqazın ən güclü söz sahibi ölkəsinə çevirsinlər. Məhz bunun üçün Azərbaycanın hazırda bərqarər etdiyi yeni status ki var, Azərbaycan-Türkiyə müttəfiqliyi fonunda söz sahibinə çevrilib. İndi onu məhv etməyə çalışırlar, bunun üçün də Ermənistan silahlandırılır"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31